AZE | RUS | ENG |

Erməni vandalizmini dünyaya göstərə biləcək “şəhid heykəl”lər

Erməni vandalizmini dünyaya göstərə biləcək “şəhid heykəl”lər
Ziyalıların fikrincə, güllələnmiş büstlər şəhərin mərkəzi yerlərində qoyulmalı, ölkəmizə gələn turistlərə onlar haqda məlumat verilməlidir

Yaddan çıxmış, unudulmuş heykəllər olub, ancaq dünyanın heç bir yerində güllələnmiş heykəllər olmayıb. Bunu yaşamaq da bizlərin payına düşüb. Belə ki, ermənilər vandal xarakterlərini heykəllər üzərində də nümayiş etdiriblər. İşğalçılar Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natəvanın büst heykəllərini gülləboran ediblər. Güllələnmiş heykəllər ulu öndər Heydər Əliyevin müdaxiləsindən sonra işğalçılardan geri alınaraq, paytaxta gətirilib. Onlara baxanda düşmənin əsl siması və məkri bir daha aydın olur. İnsan nə qədər qəddar olmalıdır ki, cansız daşlara da kin bəsləsin. Bu heykəllər Azərbaycan Milli İncəsənət Muzeyinin həyətinin bir küncündə qalıb. Güllələnmiş heykəllərin yerinin dəyişdirilməsi ilə bağlı söhbət bir neçə dəfə qaldırılsa da, onların növbəti sığınacağının hara olacağı bilinmir. Adamın üstündə Allah var, ildə bir dəfə - mayın 8-də də bu heykəllər yada düşür, yenidən xatırlanır, onun qarşısında tədbir keçirilir, hər il eyni insanlar tərəfindən eyni çıxışlar, nitqlər dinlənilir.
Bu günlərdə bir xəbər diqqətimi cəlb etdi. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında görüş keçirildiyini oxudum. Görüşdə "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məsələlər müzakirə olunub. Vurğulanıb ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında peyk təsvirlərindən istifadə etməklə turizm obyektlərinin (qoruqlar və mədəni irs obyektləri) qorunmasına dəstək göstərilməsi nəzərdə tutulub.  Eyni zamanda görüşdə "AZƏRKOSMOS” tərəfindən "Yer müşahidə məlumatlarının mədəniyyət sahəsində tətbiqi” mövzusunda təqdimat olub. Təqdimatda peyklərin xüsusiyyətləri, dövlət proqramının məqsədləri və gözlənilən nəticələr haqqında məlumat verilib. Nümayiş olunan təqdimatda işğal altında qalan torpaqlarımızda, xüsusi ilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri yer alıb.
Qeyd olunub ki, ilkin mərhələ üçün yaxın vaxtlarda "AZƏRKOSMOS” tərəfindən mədəni irs sahəsində pilot layihə təqdim olunacaq. Layihədə müəyyən olunmuş ərazidə yerləşən tarixi abidələrin peyk görüntüləri hazırlanacaq. Nə gözəl, artıq peyk vasitəsi ilə düşmən tapdağı altında olan torpaqlarımızı izləmə imkanı qazana biləcəyik. Di gəl ki, erməni vandallarının əlindən aldığımız, yanımızda olan bu heykəllərə sahib çıxa bilmirik. Bu heykəllər böyük təbliğat vasitəsi ola bilər. Erməni vəhşiliyini bütün dünyaya nümayiş etdirmək üçün güllələnmiş heykəllər təsirli vasitədir. 
Ölkəyə gələn turistlərə erməni vandalizmini, yetişməkdə olan gənclərimizə düşmənin əsl simasını göstərmək üçün bu heykəlləri əvəzsiz nümunədir.  Bu heykəllər əyani sübut kimi şəhərin görməli yerlərində nümayiş olunsaydı, daha yaxşı olmazdımı? Əslində bununla bağlı ayrı-yarı vaxtlarda ziyalılar tərəfindən müxtəlif təşəbbüslər irəli sürülüb. Ancaq bu təşəbbüslər elə təşəbbüs olaraq da qalıb.  
Mövzunun aktuallığını nəzərə alıb, mütəxəssislərin, ziyalıların   fikirlərini öyrəndik.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev güllələnmiş heykəllərin sözün əsil mənasında erməni vandalizminin nümunəsi  olduğunu bildirdi. Sənətşünas vurğuladı ki, nəinki bu üç heykələ olan münasibət, ümumiyyətlə, işğal olunmuş torpaqlarımızda tarixi abidlərimizin dağıdılması, məhv edilməsi acı bir həqiqətdir: "Bu büstlər şəhid heykəllərdir. Əslində onlar İncəsənət Muzeyinin bir kənarında deyil, Şəhidlər Xiyabanının qarşısında yerləşdirilməlidir. Hesab edirəm ki, biz bu üsulla ermənilərin necə vandal bir millət olduğunu əyani şəkildə şəhərimizin qonaqlarına göstərə bilərik. Güllələnmiş heykəlləri aparıb İncəsənət Muzeyində gizlətməklə heç bir erməni vandalizmini ifşa etmirik. O heykəlləri Şəhidlər Xiyabanının qarşısında yerləşdirsinlər, oradan keçən hər bir şəxs görsün ki, ermənilər hansı mədəniyyətin daşıyıcısıdırlar. Onlar abidələri muzeyin həyətində deyil, muzeyin arxa tərəfində gizlədiblər. Güllələnmiş heykəllər yalnız mayın 8-də insanların yadına düşür, bəzən heç düşmür də”.
Z.Əliyev bildirdi ki, şəhərimizə gələn turistlərə güllələnmiş heykəllər mütləq göstərilməli, onlar haqqında ətraflı məlumat verilməlidir. Bütün dünya erməni xislətindən, mahiyyətindən, xarakterindən xəbər tutmalıdır. Bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yönündə böyük təbliğat olardı. Çox təəssüf ki, bizdə bu kimi proseslər nəzərə alınmır”.
 
Millət vəkili,  Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini  Jalə Əliyeva  bildirdi ki, Azərbaycan 30 ilə yaxındır ki, haqsız bir müharibəyə cəlb edilib. Bu müharibə nəticəsində nəinki torpaqlarımız işğal olunub, eyni mənəvi xəzinəmiz, tarixi abidələrimiz, məzarlarımız erməni qəsbkarlarının hədəfinə çevrilib: "Təəssüflər olsun ki, qarşıdakı düşmən sadəcə insanlarımızı qətlə yetirməyib, torpaqlarımızı işğal etməyib, dilsiz-ağızsız daşlara belə, qəzəbini, kinini göstərib. Onlar bizim dahi sənətkarlarımızın heykəlini güllələyiblər. İllər sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində bu heykəlləri  vətənə gətirmək mümkün oldu. Bu günə qədər o heykəllər Milli İncəsənət Muzeyinin həyətində saxlanılır. Bununla bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənir. Milli Məclisin plenar iclasında, Nazirlər Kabinetinin hesabatı olan günlərdə biz bu məsələni qaldırmışıq, təkliflər irəli sürmüşük. Belə ki, müharibə şəraitində yaşayan ölkədə Azərbaycana gələn turistlərə müharibənin həqiqətlərini vizual olaraq göstərmək baxımından bu heykəllərin görünən yerlərdə sərgilənməsinə ehtiyac olduğunu dilə gətirmişik. Bu, mənəviyyatımıza olan hörmət əlamətidir. Həmin şəxsiyyətlərə olan hörmət əlaməti olaraq biz bunu etməliyik. Bu gün Azərbaycanın turizm potensialı çox yüksəkdir. O turistlərin, rəsmi qonaqların erməni vandalizmini birbaşa görməsi üçün bu, böyük bir fakt və sübutdur. Bu heykəllər şəhərin görünən yerində - ayrıca bir parkda nümayiş olunsa, daha gözəl olar. Güllələnmiş heykəllərin məhz bu şəkildə təqdim olunmasına və sərgilənməsinə ehtiyac var”.
Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, güllələnmiş heykəllər vandalizm nümunəsidir və bununla da ermənilər necə bir millət olduqlarını nümayiş etdiriblər. İndi qalır bu vandalizm aktının dünya ictimaiyyətinə təqdim olunması ki, onu da biz etməliyik: "Bizim qürurumuz Qarabağda qaldı. Ermənilər nəinki heykəllərimizi güllələyib, onlar tariximizi, muzeylərimizi, abidələrimizi, mədəniyyət müəssisələrimizi məhv ediblər. Məhv olmuş tarixi abidələrimizi yığmaq üçün bir muzey yetməz. Bu, təkcə 3 heykəllə kifayətlənmir. O büstlər dahi insanların büstləridir, sənətə toxunmaq, onu güllələmək vandalizmdir. Ancaq qarşımızdakı düşmən də ən qatı vandaldır. Bu gün bizim nəinki heykəllərimiz, canlı igidlərimiz də güllələnir. Əlbəttə, erməni vandalizmi ilə bağlı soyqırımı muzeyi yaradılsa, güllələnmiş heykəllər orada göstərilə bilər. Elə etməliyik ki, o  savaşın, işğalın, ermənilərin törətdikləri vəhşiliklərin miqyasını kiçiltmədən dünyaya çatdıra bilək”.
 
Mədəniyyət Nazirliyinin informasiya  və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, güllələnmiş heykəllər hazırda Milli İncəsənət Muzeyində saxlanır və yaxın zaman çərçivəsində onların yerinin dəyişdirilməsi ilə bağlı heç bir göstəriş verilməyib: "Muzeyə gələn qonaqlar, ziyarətçilər güllələnmiş heykəllərlə yaxından tanış olurlar, onlar haqqında ziyarətçilərə kifayət qədər ətraflı  məlumat verilir. Ancaq onların yerinin dəyişdiriləcəyi ilə bağlı heç bir məlumat yoxdur”.

Milli İncəsənət Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Nailə Allahverdiqızı bildirdi ki, Milli İncəsənət Muzeyinin bağında güllələnmiş heykəllər qorunur və özəl günlərdə ziyarətçiləri də olur: "Muzeyə gələn ziyarətçilərə güllələnmiş heykəlləri nümayiş etdirir, onlar haqqında məlumat veririk. Müəyyən günlərdə ziyarətçilər gəlir, biz də onlara bu heykəllərlə bağlı məlumatlar veririk. Nəinki ziyarətçilər, televiziyalardan da bu abidələri çəkmək üçün müraciət edirlər. Güllələnmiş heykəlləri burada yerləşdiriblər, biz onları qoruyur, nümayiş etdiririk. Biz onları bir sənət əsərləri kimi qəbul etmişik. Bundan sonra harda yerləşdiriləcək, necə olacaq, hansı qərar veriləcək, o haqda məlumatsızıq”.
Göründüyü kimi düşmən gülləsinə təkcə insanlarımız deyil, heykəllərimiz də tuş gəlib. Onları gizləməklə ikinci gülləni də biz vurmuruqmu? Təbii ki, o heykəllərin əsl məkanı Şuşadır. İşğal altında qalan, bizləri haraylayan, gözü yolda qalan Şuşa. Bu heykəllər də bizə Şuşanın əmanətidir. Amma Şuşaya qayıdana qədər onlardan - "şəhid heykəl”lərdən bütün dünya xəbər tutmalıdır.  Dünyanın hansısa başqa yerində "şəhid heykəl” yoxdur axı.
 
Xəyalə Rəis
 





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974