Erməni vandalizmindən “Kaspi” də “nəsibini” alıb
1918-ci ilin mart-aprel hadisələri zamanı günahsız
azərbaycanlıların qanına susamış bolşevik-daşnak birləşmələri Bakı şəhərində
böyük dağıntılara, talanlara da yol veriblər. Çoxsaylı dövlət idarə və təşkilatları,
bir sıra memarlıq abidələri, müasir tikililər ciddi ziyan görüb, mərmi atəşinə
tutulub. Həmin vaxt Rusiya müsəlmanlarının tribunasına çevrilmiş "Kaspi” qəzeti
və mətbu orqanın yerləşdiyi bina da ziyan görüb. Belə ki, 1918-ci ildə ermənilər
mart qırğınları zamanı qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsini
də yandırıblar. Beləliklə də "Kaspi” qəzeti ilə bərabər, bu mətbəədə nəşr
olunan "Açıq söz” və digər qəzetlərin fəaliyyəti bir müddət dayanıb. Əslində
bolşevik-daşnak birləşmələrinin "Kaspi” qəzetini, onun yerləşdiyi mətbəəni hədəfə
almasının ciddi əsasları var idi.
Təbii ki, bunun ilk səbəbi müsəlmanlar arasında
informasiya qıtlığı yaratmaq idi. Ancaq yaddan çıxarmaq olmaz ki, 1881-ci ilin əvvəllərindən
işıq üzü görən "Kaspi” qəzeti rus dilində nəşr olunan Azərbaycan mətbu orqanlarından
biri idi. Onu da xatırlamaq yerinə düşər ki, "Əkinçi” qəzeti fəaliyyətini
dayandırdıqdan sonra uzun illər ana dilli mətbuatın işıq üzü görməsində fasilə
yaranıb. Düzdür, həmin dövrdə müəyyən qəzetlər az vaxtda çap olunsa da,
davamlılığı olmayıb. Beləliklə də bütövlükdə Azərbaycanın ictimai fikrini ifadə
edən, Qafqaz müsəlmanlarının problemlərindən bəhs edən mətbu orqan olmayıb.
"Əkinçi”nin bağlanmasından «Şərqi-rus»un çapına qədər uzun müddət ana dilli nəşrin
yolunu gözləmək lazım gəlib. Bu vaxtda isə əsasən rusdilli qəzetlər nəşr olunub
və onların arasında ən populyarı, Zaqafqaziya müsəlmanları arasında, ümumiyyətlə
Rusiyanın müsəlmanlar yaşayan digər ərazilərdə, Orta Asiyada, hətta
Hindistanda, Yaxın Şərqdə ən çox yayılanı "Kaspi” qəzeti olub. Qəzet əvvəl həftədə
iki dəfə, sonra gündəlik nəşr olunub.
1881-ci ildən 1897-ci ilə qədər "Kaspi” qəzetində
azərbaycanlılar çalışıb. Həsən bəy Zərdabi də yazılarını Zərdabdan məhz bu qəzet
üçün göndərirdi. 1897-ci ilin sonlarında Hacı Zeynalabdinin Tağıyev qəzeti mətbəəsiylə
birgə alıb. Tağıyev istəyib ki, həm Zaqafqaziya, həm Rusiya müsəlmanlarının
ziyalılarının toplaşdığı bir mətbu orqan olsun, səsləri hər tərəfdən gəlsin.
Ona görə də bu ziyalıları bir beyin mərkəzi ətrafında birləşdirmək üçün Həsən bəy
Zərdabini Bakıya gətirmək istəyib. 1907-ci ilə qədər də "Kaspi”nin de-fakto baş
redaktoru Həsən bəy Zərdabi olub. Zərdabinin nəfəsi bu qəzetdə duyulan kimi o,
Topçubaşovu qəzetə dəvət edib. Elə onun bu fəaliyyətinə görə, qəzetə "müsəlman
Kaspisi” deyiblər.
Qəzetdə müsəlmanları maarifləndirən, onların
hüquqlarını müdafiə edən yazılara geniş yer verilib. O dövrün tərəqqipərvər
insanları "Kaspi”nin ətrafında cəmləşiblər. Onlar müsəlmanları oyatmaq, maarifləndirmək,
hüquqlarını müdafiə etmək üçün rusdilli mətbuatın gücündən istifadə ediblər. Məhz
bu kimi səbəblərdən "Kaspi” qəzeti milli maraqlardan çıxış edən rusdilli mətbuat
orqanlarından birinə çevrilib. Ona görə də 1918-ci ildə ermənilər mart
qırğınları zamanı "Kaspi” qəzetini, onun mətbəəsinin yerləşdiyi ünvanı də hədəfə
alıblar, binanı yandırıblar.
Başqa sözlə desək, erməni terrorundan əziyyət çəkən
təkcə, yerli əhali deyildi. Ermənilər, onların havadarları ümumilikdə azərbaycanlılara
aid hər şeyi dağıtmağı qarşısına məqsəd qorumuşdu. Çünki onlara həm də sözə, maarifçiliyə
qarşı idilər. Bu səbəbdən idi ki, onlar "Kaspi”ni susdurmaq üçün terror əl
atdılar, qəzetin mətbəəsini yandırdılar. Tarix heç kimi və heç nəyi unutmur!
Lakin bütün çətinliklərə baxmayaraq, "Kaspi” qəzeti
fəaliyyətini yenidən bərpa edib və 1919-cu ilə qədər nəşr olunub. Bütün bu
faktlar bir daha onu sübut edir ki, "Kaspi” qəzeti Azərbaycan tarixini öyrənmək
üçün əsas mənbələrdən biridir. Çünki, XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinin
inkişafı, ilk dəmir yolunun çəkilişi, 1905-ci il erməni-müsəlman qarşıdurması,
1918-ci il mart qırğınları ilə faktlar "Kaspi”nin səhifələrində əksini tapıb.
Redaksiyadan