• cümə, 29 Mart, 18:15
  • Baku Bakı 14°C

Erməni vandalizmindən “Kaspi” də “nəsibini” alıb

31.03.17 01:00 2020
Erməni vandalizmindən “Kaspi” də “nəsibini” alıb
1918-ci ilin mart-aprel hadisələri zamanı günahsız azərbaycanlıların qanına susamış bolşevik-daşnak birləşmələri Bakı şəhərində böyük dağıntılara, talanlara da yol veriblər. Çoxsaylı dövlət idarə və təşkilatları, bir sıra memarlıq abidələri, müasir tikililər ciddi ziyan görüb, mərmi atəşinə tutulub. Həmin vaxt Rusiya müsəlmanlarının tribunasına çevrilmiş "Kaspi” qəzeti və mətbu orqanın yerləşdiyi bina da ziyan görüb. Belə ki, 1918-ci ildə ermənilər mart qırğınları zamanı qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsini də yandırıblar. Beləliklə də "Kaspi” qəzeti ilə bərabər, bu mətbəədə nəşr olunan "Açıq söz” və digər qəzetlərin fəaliyyəti bir müddət dayanıb. Əslində bolşevik-daşnak birləşmələrinin "Kaspi” qəzetini, onun yerləşdiyi mətbəəni hədəfə almasının ciddi əsasları var idi.

Təbii ki, bunun ilk səbəbi müsəlmanlar arasında informasiya qıtlığı yaratmaq idi. Ancaq yaddan çıxarmaq olmaz ki, 1881-ci ilin əvvəllərindən işıq üzü görən "Kaspi” qəzeti rus dilində nəşr olunan Azərbaycan mətbu orqanlarından biri idi. Onu da xatırlamaq yerinə düşər ki, "Əkinçi” qəzeti fəaliyyətini dayandırdıqdan sonra uzun illər ana dilli mətbuatın işıq üzü görməsində fasilə yaranıb. Düzdür, həmin dövrdə müəyyən qəzetlər az vaxtda çap olunsa da, davamlılığı olmayıb. Beləliklə də bütövlükdə Azərbaycanın ictimai fikrini ifadə edən, Qafqaz müsəlmanlarının problemlərindən bəhs edən mətbu orqan olmayıb. "Əkinçi”nin bağlanmasından «Şərqi-rus»un çapına qədər uzun müddət ana dilli nəşrin yolunu gözləmək lazım gəlib. Bu vaxtda isə əsasən rusdilli qəzetlər nəşr olunub və onların arasında ən populyarı, Zaqafqaziya müsəlmanları arasında, ümumiyyətlə Rusiyanın müsəlmanlar yaşayan digər ərazilərdə, Orta Asiyada, hətta Hindistanda, Yaxın Şərqdə ən çox yayılanı "Kaspi” qəzeti olub. Qəzet əvvəl həftədə iki dəfə, sonra gündəlik nəşr olunub.

1881-ci ildən 1897-ci ilə qədər "Kaspi” qəzetində azərbaycanlılar çalışıb. Həsən bəy Zərdabi də yazılarını Zərdabdan məhz bu qəzet üçün göndərirdi. 1897-ci ilin sonlarında Hacı Zeynalabdinin Tağıyev qəzeti mətbəəsiylə birgə alıb. Tağıyev istəyib ki, həm Zaqafqaziya, həm Rusiya müsəlmanlarının ziyalılarının toplaşdığı bir mətbu orqan olsun, səsləri hər tərəfdən gəlsin. Ona görə də bu ziyalıları bir beyin mərkəzi ətrafında birləşdirmək üçün Həsən bəy Zərdabini Bakıya gətirmək istəyib. 1907-ci ilə qədər də "Kaspi”nin de-fakto baş redaktoru Həsən bəy Zərdabi olub. Zərdabinin nəfəsi bu qəzetdə duyulan kimi o, Topçubaşovu qəzetə dəvət edib. Elə onun bu fəaliyyətinə görə, qəzetə "müsəlman Kaspisi” deyiblər.

Qəzetdə müsəlmanları maarifləndirən, onların hüquqlarını müdafiə edən yazılara geniş yer verilib. O dövrün tərəqqipərvər insanları "Kaspi”nin ətrafında cəmləşiblər. Onlar müsəlmanları oyatmaq, maarifləndirmək, hüquqlarını müdafiə etmək üçün rusdilli mətbuatın gücündən istifadə ediblər. Məhz bu kimi səbəblərdən "Kaspi” qəzeti milli maraqlardan çıxış edən rusdilli mətbuat orqanlarından birinə çevrilib. Ona görə də 1918-ci ildə ermənilər mart qırğınları zamanı "Kaspi” qəzetini, onun mətbəəsinin yerləşdiyi ünvanı də hədəfə alıblar, binanı yandırıblar.

Başqa sözlə desək, erməni terrorundan əziyyət çəkən təkcə, yerli əhali deyildi. Ermənilər, onların havadarları ümumilikdə azərbaycanlılara aid hər şeyi dağıtmağı qarşısına məqsəd qorumuşdu. Çünki onlara həm də sözə, maarifçiliyə qarşı idilər. Bu səbəbdən idi ki, onlar "Kaspi”ni susdurmaq üçün terror əl atdılar, qəzetin mətbəəsini yandırdılar. Tarix heç kimi və heç nəyi unutmur!

Lakin bütün çətinliklərə baxmayaraq, "Kaspi” qəzeti fəaliyyətini yenidən bərpa edib və 1919-cu ilə qədər nəşr olunub. Bütün bu faktlar bir daha onu sübut edir ki, "Kaspi” qəzeti Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biridir. Çünki, XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinin inkişafı, ilk dəmir yolunun çəkilişi, 1905-ci il erməni-müsəlman qarşıdurması, 1918-ci il mart qırğınları ilə faktlar "Kaspi”nin səhifələrində əksini tapıb.
Redaksiyadan


banner

Oxşar Xəbərlər