• çərşənbə axşamı, 23 aprel, 18:59
  • Baku Bakı 20°C

Erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucusu - Cümhuriyyət -100

06.12.18 11:00 686
Erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucusu - Cümhuriyyət -100
"Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz”
(Behbud xan Cavanşir)
20-ci əsrin əvvəllərində xalqımızın istiqlala qovuşmasında, azad cəmiyyət qurmasında ziyalılarımızın, tarixi şəxsiyyətlərimizin çox böyük əməyi olub. Onlardan biri də Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir idi.
Pənahəli xanın qurduğu Qarabağ xanlığı 18-ci yüzilliyin ortalarından 19-cu yüzilliyin birinci rübünə kimi bir tarixi ömür yaşadı. Behbud xan da Qarabağ mahalında böyük hörmət-izzət sahibi olan Pənahəli xanın nəslindən olub. Atası Azad xan Pənahəli xanın nəticəsidir. Bu nəsil haqqında Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”dən oxuyuruq: "Qarabağ xanlığını başqalarından fərqləndirən əsas cəhət, onların maarif və mədəniyyətin tərəqqisinə meylli olması idi. Qarabağ xanlığı bir dövlət qurumu olaraq bitsə belə, onun mədəniyyət siyasətinin ənənələri bu gün də yaşamaqdadır”.
Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Qaraqoyunlu kəndində dünyaya gəlib. Amma onun gənclik illəri Tiflisdə keçib. 1890-cı ildə Tiflisdə almandili realnı məktəbdə oxuyan Behbud xan, təhsilini başa vurduqdan sonra daha yüksək bilgiyə nail olmaq üçün Almaniyaya gedir. 1902-ci ildə Almaniyada Frayburq Dağ-Mədən Akademiyasına daxil olur. Behbud xan dünyada ilk ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında oxuyan ilk azərbaycanlı olub.
Akademiya da təhsilini bitirən Behbud, bununla da kifayətlənmir. O, üz tutur İngiltərəyə. Londonda ingilis dilində təkmilləşdirmə kursları keçən Behbud xan 1907-ci ildə vətənə mükəmməl təhsil almış, alman, ingilis, fransız, rus dillərini öyrənmiş, açıq fikirli, geniş düşüncəli bir gənc kimi dönür. Gənc mütəxəssisin Bakıda ilk iş yeri milyonçu Şibayevin neft sənayesi olur.
Bir faktı da qeyd etmək lazımdır ki, Behbud xan Bakıya qayıdanda şəhərin mədəni mühitində bir canlanma var idi. Hər bir sahədə aparılan islahatlar, "Həyat”ın "İrşad”ın, "Füyuzat”ın fəaliyyətə başlanması, ana dilli yeni məktəblərin, Xeyriyyə Cəmiyyətlərinin açılması ziyalılarımıza, əl düşən fürsətdən bəhrələnmə imkanı verdi. Onlar xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsinə doğru yüksələn yola istiqamətləndirdi. Milli özünüdərk və özünü təsdiq uğrunda çarpışan Azərbaycan ziyalıları üzərilərinə düşən vətəndaşlıq vəzifəsinin öhdəsindən layiqincə gəldilər.
1918-ci ilin 28 mayı. Azərbaycanın istiqlalı elan olundu. Bu istiqlal savaşında yüksək savada, vətənpərvərliyə malik olan Behbud xan da var idi. O, hələ Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən əvvəl ölkədə baş verən bütün ictimai-siyasi, mədəni hadisələrin önündə gedirdi. Şəfi bəy Rüstəmbəyli demişdir: "Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi və sırf sənəti ilə məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra namuslu bir millətpərvər olaraq Azərbaycan siyasəti və milli məsələlərə qoşulub”. "Difai”nin yaradılması, H.Z.Tağıyevin başçılıq etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilməsi, "Nicat”a dəstəyi, 1917-ci ildə Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinə üzv olması, 1918-ci ilin Mart qırğınında yaradılmış barışıq komitəsindəki əməyi bir daha bunu təsdiq edir.
Behbud xan Cavanşir F.X.Xoyskinin başçılıq etdiyi II Hökumət kabinəsində (17.06.1918-07.12.1918) bitərəf olaraq daxili işlər naziri vəzifəsində 1918-ci ilin oktyabrın 6-na qədər çalışmaqla yanaşı, eyni zamanda ticarət, sənaye və daxili işlər naziri olaraq da fəaliyyət göstərmişdi. Yəni əslində iki nazirliyin işini 1918-ci ilin 26 dekabrına kimi yerinə yetirmişdir.
Arxiv sənədləri ilə tanış olarkən, aydın olur ki, Behbud xan Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri vəzifəsini icra edərkən, ölkədə vəziyyət çox ağır olub. Lakin buna baxmayaraq o, Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmış, 1918-ci ilin 15 sentyabrında Bakı, Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra az bir vaxtda şəhərdə qayda-qanun yaradılmasına nail olmuş və Daxili İşlər Nazirliyi sisteminin formalaşması sahəsində mühüm işlər görmüşdür.
Behbud xan parlamentin üzvü kimi də çox fəal olub. O, parlamentdəki çıxışlarında önəmli məsələlərdən bəhs edib, dəyərli fikirlər yürüdüb. Məsələn, ölkənin maliyyə durumu haqqında danışarkən demişdir: "Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz. Məmləkət üçün müəyyənləşmiş maliyyə siyasəti lazımdır”.
Behbud xan tutduğu vəzifələrdən uzaqlaşdıqdan sonra da parlamentdə fəaliyyətini davam etdirib. O, 1919-cu ilin iyulunda "Dəyanət” kommersiya şirkəti açaraq xarici ticarətlə məşğul olub. Almaniyadan yumşaq buğda növləri gətirib Qarabağda əkinçilikdə istifadə edib.
Xalqının rahatlığı naminə hər bir işdə öndə olan Behbud xan Qarabağ bölgəsində yolların abadlaşmasında da köməyini əsirgəməyib və elə Qarabağa ilk avtomobili də o gətirib.
1920-ci ilin aprel işğalından sonra yeni hökumətdə Behbud xan kimi peşəkar mühəndisə, xariclə güclü əlaqəsi olan kadra böyük ehtiyac olduğunu bilən Nəriman Nərimanov, onun həbs edilməsinə mane olsa da, düşmən gülləsindən qoruya bilmir. N.Nərimanov Behbud xanı 1920-ci ilin sonlarında müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. B.Cavanşir yolüstü İstanbulda həmyerlisi Əhməd bəy Ağaoğlunun ailəsinə qonaq olur.
Bu haqda görkəmli tədqiqatçı V.Quliyev "Ağaoğlular” əsərində hadisəni Əhməd bəyin qızı Sürəyya xanımın dilindən belə təsvir edir: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək, atamın ermənilərin qara siyahısında olduğunu söylədi. Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir bəy xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən, onlar evimizi tərk edib "Pere-Palas” mehmanxanasında yerləşdilər”.
Çox təəssüf ki, həyat yoldaşının sərbəst yaşama və gəzmək həvəsi Behbud xana baha başa gəlir. Belə ki, 1921-ci ilin iyulun 18-də axşam saat 23-də B.Cavanşir, həyat yoldaşı və qardaşları ilə birlikdə "Təpəbaşı” teatrından çıxıb, "Pere-Palas” otelinə gedirmiş. Bu zaman terrorçu Misak Torlakyan arxadan yaxınlaşıb tapança ilə Behbud xana üç güllə atıb. Behbud xan ağır yaralanır, onu yaxınlıqdakı xəstəxanaya aparsalar da, 35 dəqiqədən sonra dünyasını dəyişir.
Behbud xan Cavanşir də vətəni və milləti sevən, onun mənafeyini hər şeydən üstün tutan, istiqlalımız uğrunda canını qurban verən onlarla vətənpərvərlərimizdən biri idi.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər