• çərşənbə axşamı, 16 aprel, 10:58
  • Baku Bakı 14°C

Erməni tarixçinin etirafları

30.11.17 10:30 2853
Erməni tarixçinin etirafları
Musa Qasımlı: "Ədalət hissi olan erməni tarixçilər Dağlıq Qarabağ məsələsində öz mövqelərini ortaya qoya bilərlər”

Fəzail İbrahimli: "Bu düşüncədə olan insanların erməni cəmiyyətinə ciddi təsiri qeyri-mümkündür”
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə srağagün Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın idarə heyətinin üzvü, erməni əsilli tarixçi-alim Artur Ağacanov "Qarabağ erməniləri çoxmillətli suveren Azərbaycanın bir hissəsidir” mövzusunda məruzəsində bildirilib ki, xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bütün variantlar irəli sürülsə də, hər hansı irəliləyiş əldə olunmayıb.
Erməni alim Sülh Platformasının fəaliyyəti ilə bağlı yanaşmaların fərqli olduğunu, lakin tədricən insanların bu platformaya qoşulduğunu və bunun sevinc hissi doğurduğunu dilə gətirib. A.Ağacanov daha sonra vurğulayıb ki, Qarabağ erməniləri Azərbaycanın siyasi müstəvisinə qayıtmalıdır. O deyib ki, yüz illərlə ermənilər və azərbaycanlılar birgə yaşayıblar. Erməni alimin sözlərinə görə, bir çox Qarabağ ermənisi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının lehinə çıxış ediblər. Tarixçi alim Ermənistanın hazırkı rəhbərliyinin siyasətini də qınayıb və onları hərbi ritorikadan əl çəkməyə çağırıb. A.Ağacanov ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin lokallaşmasındakı rolundan da söhbət açıb. Erməni ictimai xadim Qarabağ ermənilərini Ermənistanın işğalçı rejiminin təsirindən qurtulmağa və tarixi Vətənlə - Azərbaycanla yenidən inteqrasiyaya çağırıb.

Bu çağırışlar, erməni tarixçisinin səsləndirdiyi obyektiv fikirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə, eləcə də erməni cəmiyyətinə necə təsir edir? Bu barədə "Kaspi”yə açıqlama verən millət vəkili, tarixçi-alim Musa Qasımlıöncə Bakıda keçirilən "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu konfransda müxtəlif ölkələrin tədqiqatçılarının iştirak etməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və erməni terroru barədə məruzələr etməsi, o cümlədən azərbaycanlı gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi olduqca faydalıdır. Onun sözlərinə görə, xüsusən erməni tarixçisi A.Ağacanovun nitqində yer alan fikirlər mühüm əhəmiyyət daşıyır: "O, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirdi. Eyni zamanda, bu ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini vurğuladı. Onun nitqi göstərdi ki, ədalət hissi olan erməni tarixçilər bu məsələdə öz mövqelərini ortaya qoya bilərlər. Bununla onlar münaqişənin dinc yolla həllinə öz əməklərini sərf edə bilərlər. Ümumiyyətlə hesab edirəm ki, belə beynəlxalq konfransların keçirilməsi çox lazımdır”.

Millət vəkili, tarixçi alim Fəzail İbrahimliisə hesab edir ki, tarixçi AAğacanov və onun kimi düşüncədə olan insanların erməni cəmiyyətinə ciddi təsiri qeyri-mümkündür. Alimin fikrincə, Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar obyektiv mövqe ortaya qoyan, ədalətli yanaşma ortaya qoyan hər bir kəsi ermənilər satqın adlandırırlar: "Erməni cəmiyyətində belə insanlar müsbət qəbul edilmirlər. Hətta tarixdən də bizə məlumdur ki, vaxtilə belə mövqe ortaya qoyan şəxslərə qarşı ermənilər sui-qəsdlər təşkil ediblər. Dağlıq Qarabağ probleminin həllində böyük dövlətlərin marağı var. Bu maraqlar bölgüsü düzgün nizamlanmalıdır. Bu məsələ yalnız bu çərçivədə həllini tapa bilər. Digər tərəfdən, Dağlıq Qarabağ problemi Ermənistanı özəlləşdirən dövlətin siyasətidir. Bu problemin həlli məhz o dövlətin istəyindən asılıdır. Hər kəsə məlumdur ki, Dağlıq Qarabağda separatizmi kim körükləyib, hərbi-siyasi dəstəyi onlara kim verib. Oradakı qondarma rejimin də kimlər tərəfindən yaradıldığı hamıya məlumdur. Ona görə də hansısa erməninin vicdanlı, ədalətli fikri, sözü Dağlıq Qarabağ probleminin həllinə təsir edə bilməz. İctimai rəydə, ayrı-ayrı xarici ölkələrdə hansısa fikir formalaşdıra bilər. Beynəlxalq aləmdə düzgün ictimai rəyin formalaşdırılması baxımından da erməni tarixçinin səsləndirdiyi fikirlər əhəmiyyətli sayıla bilər. Çünki, bu, ideoloji müharibədə, informasiya savaşında Azərbaycan tərəfinin mövqeyinin güclənməsinə xidmət edən amildir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər