• cümə, 29 Mart, 11:13
  • Baku Bakı 5°C

Erməni standartı

18.11.16 11:33 1038
Erməni standartı
Ermənistan rəhbərliyi yenə öz ampluasındadır. İqtisadi çətinliklər və problemlərin içində çabalayan düşmən ölkə populist addımlar atmaqda davam edir. Bu dəfə də Sarkisyan hökuməti erməni hərbçilərini işğal altında olan Azərbaycan torpaqlarında xidmət etmək üçün ruhlandırmaq məqsədilə gülünc bir addıma əl atıb. Söhbət cəbhə zonasında öləcək hərbçilərin ailələrinə ödəniləcək vəsaitdən gedir. Vəsaitin əhalidən tutulacağı isə narazılığa səbəb olub.

Məlumat üçün bildirək ki, ölkə parlamenti ölkənin müdafiəsi zamanı hərbçilərin həyat və sağlamlığına dəyən zərərin ödənilməsinə dair qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsinə görə, hər bir işləyən vətəndaşın məvacibindən vergilərdən başqa ayda 1000 dram (2 dollar) pul tutulacaq. Xüsusi fondda toplanacaq bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra ölən və ya birinci dərəcəli əlil olan hərbçilərin ailələrinə 10 milyon dram (20 min 900 dollar) məbləğində birdəfəlik ödəmələr ediləcək. İkinci qrup əlillərin ailələrinə isə 5 milyon dram (10 min 450 dollar) ödənəcək. Bundan başqa, hərbçilər aylıq ödəmələr də alacaqlar.

Müxalif "İrs” fraksiyasının deputatıZaruhi Postancyanbu addımı "dilənçilik”, müxalif "Erməni Milli Konqresi” fraksiyasının rəhbəriLevon Zurabyansa "ikiüzlülük” adlandırıb. "İctimaiyyət vergi yükünün 1000 dram artırılması fikri ilə razı deyil. Bəsdir, dilənçiliklə məşğul oldunuz, adamlardan 1000 dram diləndiniz”,- Postancyan deyib. "Belə çıxır ki, biz, sadəcə, insanların hissləri ilə oynamaq və bu pərdə altında əlavə vergilər qoymaq istəyirik. Bu, təhlükəli yanaşmadır”. Onu da qeyd edək ki, qanun layihəsinin əleyhinə parlament binası önündə "1000 ayıb olsun” şüarı altında etiraz aksiyası keçirilib.

Parlamentin iclasında Ermənistanın müdafiə naziriVigen Sarkisyan tənqidlərə tuş gəlib.O, qanun layihəsinin parlamentdə təqdimatı zamanı bütün maraqlı tərəflərlə görüşərək, bu sənədlə bağlı onları narahat edən məsələlərin müzakirəsinə hazır olduğunu deyib. Əlavə edib ki, bu qanun tamah məqsədi daşımır. Bu tədbirlərin nə üçün büdcə hesabına görülməməsi barədə suala cavabında nazir deyib ki, "bu, parlament seçkisi ərəfəsində atılmış populist addım hesab edilə bilərdi”. O, həmçinin büdcənin də belə addımlara hazır olmadığını söyləyib.

Son zamanlar Ermənistanda hərbçilərə insanların üzərinə əlavə yük qoymaqla qayğı göstərilməsi deyil, dövlətdən oğurlanmış vəsaitlərin qaytarılması barədə fikirlər səslənir.Vigen Sarkisyanbunun cavabında bildirib ki,oğurluq edən şəxslər varsa, onlar cəzalandırılmalıdır. "Çiçəklənən Ermənistan” fraksiyasının deputatıNaira Zohrabyannazirə xitabən belə deyib: "Mən ümid edirəm, siz nəzakət xatirinə ordunun hesabına varlanmış məmurların olduğuna inanmadığınızı dediniz. Düzünü desəm, mən tamamilə əks fikirdəyəm. Belə məmurlar birmənalı olaraq var. Sizə elə gəlmirmi ki, bu adamlar işdən yaxşı işləmədiklərinə görə yox, qarətdə iştiraka görə çıxarılıblar? Düşünmürsünüzmü ki, bu adamlar təkcə işdən çıxarılmalı deyil, həm də məsuliyyətə cəlb edilməlidir? Yeri gəlmişkən, o Polşada satılan, üzərində "satılıb” yazılmış əsgər payının axırı necə oldu? Bir şey üzə çıxdı, yoxsa hələ də istintaq davam edir?”

Ən mübahisə doğuran məsələ sözügedən qanun layihəsində öz xidmət yoldaşları tərəfindən öldürülən əsgərlərə yardım edilməyəcəyinin nəzərdə tutulmasıdır. "Çiçəklənən Ermənistan” fraksiyasından deputatElinar Vardanyan hesab edir ki, bu, bağışlanılmazdır. O bildirib ki, oğullarını əsgərliyə göndərmiş valideynlər üçün uşaqlarının kim tərəfindən öldürülməsinin heç bir fərqi yoxdur. "Ona görə də hesab edirəm ki, burada məhdudiyyət qoymaq düzgün deyil. Özəlliklə də nəzərə alanda ki, hər həftə olmasa da, hər ay buna bənzər insidentlərin şahidi oluruq”, - deyədeputat bildirib.

Öz növbəsində, "1EİK” nəşri maraqlı bir məsələyə toxunur. Nəşr yazır ki, Ermənistan parlamentinin sədr müavini Şarmazanov yeni standart fikirləşib - vitse-spiker deyir ki, ölən və əlil olan əsgərlərə yardım üçün yaradılacaq fonddan pul oğurlayan "it oğludur”. "1EİK” də hesab edir ki, hakimiyyət sisteminə bu standartı, meyarı tətbiq edən Şarmazanov yox, yeni baş nazir Karen Karapetyandır. Karapetyan bu günlərdə ərzaq keyfiyyəti standartlarını pozan istehsalçılara eynilə bu adı vermişdi. O demişdi ki, özünü belə aparan "it oğludur”. Sayt yazır ki, "Karapetyan Ermənistanda dəyişiklik simvolu olduğuna görə, belə nəticəyə gəlmək olar ki, hakimiyyətdə yeni vəziyyətin standartı hazırda "it oğlu” anlayışıdır. Oğurlayan it oğludur. Sui-istifadə edən it oğludur”. "1EİK” yazır ki, ancaq bir sual yaranır - hakim Respublika Partiyası və hakimiyyət üçün bəs nə vaxt qanun yeni standart olacaq? Nə vaxt fonddan pul oğurlayana "cinayətkar” deyəcəklər.

Yeni qanun layihəsi əhalidə də narazılıq doğurub.Yerevanda "1EİK” nəşrinin keçirdiyi sorğuda sıravi vətəndaşlar öz narazılığını bildirib. "Bir nəfər deyir ki, ideyanı bəyənir, əgər bu, doğrudan da orduya aiddirsə. Ancaq mənim bir qeydim var. Əgər ayda 80 min dram alan 1000 dram ödəyirsə, onda ayda 1 milyon və ya 5 milyon qazanan da 1000 dram ödəməlidir?” "Aravot”qəzeti isə yazır ki, çoxlu sual və narazılıq yaranır: "Bir ölkədə ki əsgərin paltarından tutmuş, cib fanarına qədər hər şeyi valideynlərin pulu və xeyriyyə hesabına alırlar, o ölkədə ki "vəzifəli şəxs” ifadəsi var-dövlət və yeyib-gəzmək mənasına başa düşülür, o ölkədə ki ordu generalları feodal və oliqarxdır, kasıblıq ölkə əhalisinin üçdə birinin adi həyatıdır, ayda 41 min dram (20 dollar) alan vətəndaş daha kasıb hesab olunmur, bu ölkədə insanları pul yığmağa məcbur etmək olmaz”.

Pul yığma adəti barədə qəzet yazır: "Əsgərlərin müalicəsindən tutmuş, 28 il qabaq olan zəlzələnin uçurtduğu evlərin sahiblərinin mənzil problemini həll etməyə, yol çəkilişinə qədər hər bir məsələdə dövlət vətəndaşlara pul yığılması üçün müraciət edir”. Qəzet onu da qeyd edir ki, 1-1,5 milyon vətəndaş ədalətsizliyə və sosial problemlərə görə ölkəni tərk edib.
Azər

banner

Oxşar Xəbərlər