Erməni siyasətçi aclıq aksiyası keçirir
Ermənistanın siyasi mənzərəsi son dərəcə qarışıq olaraq qalır.
Ölkənin siyasi həyatında bir növ "idarəolunan xaos” yaranıb. Demək olar ki, paytaxt
Yerevan hər gün etiraz aksiyalarına ev sahibliyi edir. Bu dəfə antirusiya
baxışları ilə tanınan sovet dövrünün tanınmış dissidentiParuyr AyrikyanErmənistan
Mərkəzi Seçki Komissiyasının "qeyri-konstitusion” davranışına etiraz olaraq
aclıq aksiyasına başlayıb. Ayrikyan "Milli Özünütəyin” Birliyinin sədridir,
prezidentliyə namizəd də olub. O bəyan edib ki, MSK ona Konstitusiya
islahatları üçün imzatoplama kampaniyası başlatmağa lazım olan sənədləri
verməməklə ölkənin ali qanununu pozub. Həyatının 18 ilini sovet həbsxanasında
keçirmiş Ayrikyan 2013-cü ildə prezidentliyə namizəd olarkən güllələnib və
yaralanıb. Daha çox paranormallığı ilə tanınan bu siyasətçi ölkədə mənfi nə baş
verirsə, orada "Kremlin əli”ni görür. O, illərdir Ermənistan Konstitusiyasına
dəyişikliklər tələb edir, deyir, bu dəyişikliklər ölkəni "tam demokratiya”ya
aparar, "qüsurlu seçki sistemi səbəbindən heç bir vətəndaşın səsi itməz”. Ermənistanın
2015-ci il referendumunda qəbul olunmuş yeni Konstitusiyasının 202-ci maddəsinə
görə, ali qanuna dəyişiklik təşəbbüsündən ötrü azı 200 min vətəndaşın imzası
gərəkdir. "Qəribə cavab almışıq, görünür, onlar ya 2015-ci il referendumunu
tanımır və yeni Konstitusiyanı qəbul etmirlər, ya da bu yeni sənədin
qanuniliyini sual altında qoyurlar”, - deyə Ayrikyan vurğulayıb. Hələlik, yeni Konstitusiyanın
heç də bütün maddələri qüvvəyə minməyib. Keçid dövrü maddələrinə görə,
sözügedən dəyişiklik də Ermənistanın yeni prezidenti gələn yaz vəzifəyə keçincə
hüquqi qüvvəyə minəcək. Ancaq Ayrikyan hələ də imzatoplama kampaniyası
hüququndan yararlanmağa çalışır. MSK sədriTiqran Mukuçyanötən
həftəsonu jurnalistlərə deyib ki, Ayrikyana imza toplamağa lazım olan sənədlərin
verilməməsinin səbəbi referendumla bağlı mövcud qanunun belə bir proseduru
nəzərdə tutmamasıdır. Qeyd edək ki, Ayrikyan ilk dəfə deyil siyasi tələblə
aclıq aksiyası keçirir. 2014-cü ildə Ermənistan Rusiyanın rəhbərlik etdiyi
ticarət blokuna qoşulmaq qərarı verəndə də o, oxşar etiraz formasına əl
atmışdı. P. Ayrikyan Ermənistanın müstəqil ölkə olmadığını, Rusiyadan asılı
olduğunu söyləyib. Onun fikrincə,Vladimir Putinsovet imperiyasını
bərpa etmək istəyir.O zaman Ayrikyan bir həftə aclıq elədi,
prezidentSerj Sarkisyanın istefasını, hakimiyyətin avropapərəst qüvvələrə
keçməsini tələb etdi. Hazırda o, aclıq aksiyasını Yerevanda seçki komissiyası
binasının önündə keçirir.
Yuxarıda qeyd etdiyimiz kimi, adıçəkilən siyasətçi Rusiyaya qarşı
sərt mövqeyi ilə tanınır. Dəfələrlə bildirib ki, əgər əvvəllər Rusiyanın
buradakı agentlərinin və nökərlərinin təsiri altında olan insanların sayı çox
idisə, indi onlar qəflət yuxusundan ayılırlar, situasiyanı dəqiq
dəyərləndirməyə başlayırlar. "Yalnız şərəfsizlər və casuslar hələ də deyirlər
ki, Rusiya Ermənistanın müdafiəçisidir, bizi Türkiyədən qoruyur”, - deyə o, bu
yaxınlarda bildirib. Məlumat üçün bildirək ki, bütün şüurlu həyatı boyu
dissident kimi fəaliyyət göstərən P.Ayrikyan hələ 1988-ci ildə Qarabağ
separatizminə qarşı çıxmış, Azərbaycanla münasibətləri korlamağın ermənilərin
ziyanına olduğunu bəyan etmiş, əksinə ermənilərin çıxış yolunun SSRİ-dən
ayrılmaqda və Azərbaycanla konfederativ dövlətdə birləşməkdə olduğunu
bildirmişdi. Buna görə o, Ermənistanda təqib edilən siyasi xadimlərdən biridir.
Nə qədər qızğın bir erməni millətçisi olsa da, Ayrikyan daha çox sülhpərvər
bəyanatları ilə tanınır.Bu şəxsSumqayıt hadisələrini Moskvanın
törətdiyini də deyib və bildirib ki, Moskva erməni və Azərbaycan xalqlarını
üz-üzə qoymaq üçün bu hadisələri törədir. Maraqlıdır ki, məhz bu sözlərinə görə
o vaxtkı SSRİ rəhbəri Qorbaçov onu həbs etdirmişdi.
Azər NURİYEV