• cümə, 29 Mart, 19:14
  • Baku Bakı 14°C

Erməni separatizminə haqq qazandıran “mühacirlik”

24.02.18 11:00 1217
Erməni separatizminə haqq qazandıran “mühacirlik”
Azərbaycan hər seçkilər öncəsi müəyyən xarici qüvvələrin təsiri altında olan anti-Azərbaycan şəbəkəsinin üzvləri hərəkətə gəlir. Özü də bu şəbəkənin layihələrində daha çox milli dönüklər yer alır. Sosial şəbəkələrdə "at oynadan” anti-milli ünsürlər bütün etik çərçivələri aşaraq Azərbaycan dövlətini, millətini aşağılayırlar. Hətta bu antimilli ünsürlər Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara məxsus qəbirüstü abidləri dağıtmadığını da iddia edirlər. Bu faktdan sonra belə insanların düşməndən betər düşmən olması heç bir halda şübhə doğurmur.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bildirdi ki, erməni təəssübkeşi olan "mühacirin” yaxın dostu Leyla Yunusdur: "Necə ki, Leyla Yunus Qarabağ müharibəsi dövründə kəşfiyyat məlumatlarını ermənilərə ötürürdü, hər zaman Azərbaycanın yox, Ermənistanın mövqeyindən çıxış edirdi, onun dostu da eyni addımı atmalıdır. Mən bundan təəccüblənmirəm. Çünki bunların ermənipərəst siyasətini daxildə yox, xaricdə də görmüşəm. Müsahiblərimdə, açıqlamalarımda dəfələrlə qeyd etmişəm ki, erməninin xeyrinə beynəlxalq təşkilatlarda ən xırda bir qərar qəbul olunanda, bunlar ermənilərdən betər sevinirlər. Təsəvvür edin, erməni sevinir, bunlar da sevindiklərindən ağlayırlar. Yəni, ermənidən betər ermənidirlər. Bu günlərdə yayılan videonu mən də izlədim. Həmin videoda Orduxan Temirxan işğal olunmuş ərazilərdəki azərbaycanlıların qəbirlərini ermənilərin qəsdən dağıtmadığını deyir. Onda kim dağıtdı? Torpaqları erməni işğal edirsə, deməli onlar da dağıdıb. Təsəvvür edin, orada ata-anasının, baba-nənəsinin, yaxınlarının qəbirləri olan insanlar var. İndi mən belə göynəyirəmsə, görün indi onlar nə haldadır? Bu adamlar "Azərbaycan, millət və şəxsiyyət” sözlərini dərk etmirlər. Bizimlə düşmənçiliyiniz var, iqtidarı bəyənmirsiniz, anladıq, bəs Azərbaycan dövlətini, millətini, bayrağını, gerbini də bəyənmirsiniz? Əgər bəyənmirsinizsə, bu ölkənin vətəndaşlığından çıxın. Necə ki, dövlət başçısı indi Avropada ağzına gələni danışan Emin Hüseynovu vaxtı ilə Azərbaycan vətəndaşlığından məhrum elədi. Bu, tamamilə doğru idi”.

E.Musayev qeyd etdi ki, erməni üçün işləyənlər ciblərində elə Ermənistanın pasportunu gəzdirməlidir, Azərbaycanın yox: "Eyni zamanda, "Meydan.tv” Azərbaycanın bütün ləyaqətli adamlarını hədəfə alıb. Gecə-gündüz Orduxan Temirxandan danışır. Qoy qeyd edilən video haqqında "Meydan.tv” bir şərh versin. Təbii ki, verməyəcəklər. Eləcə də onu oğlu qədər müdafiə edən Əli Kərimli bir şərh versin, görək nə deyəcək. İnanın ki, məsələnin üstündən ötüb keçəcəklər, hələ bəlkə də haqlı çıxaracaqlar. Çünki Əli Kərimli, Milli Şura, "Meydan.tv” bu gün birbaşa ermənilərin maliyyə dəstəyi ilə fəaliyyət göstərirlər. Bu mənada onları və digərlərini erməni təbliğatının ən öndə gedən nümayəndələri kimi tanıyıram”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, Azərbaycandan mühacirətə gedənləri fəaliyyət istiqamətinə görə ayırmaq mümkündür: "Elələri var ki, leqal yolla gedir və xaricdə biznes, müxtəlif sahələrdə çalışır. Bir qrup da var ki, guya təqib olunmaları ilə bağlı saxta sənədlər düzəldib Avropadan sığınacaq alırlar. İkinci kateqoriyaya aid olanlar da özləri iki yerə bölünür. Birincilər, sadəcə, yaxşı həyat dalınca gedib, sakitcə yaşayanlardır. İkincilər isə hələ Azərbaycanda olarkən müəyyən qüvvələrin nüfuz agentinə çevrilmiş insanlardır. Onlar hələ burda ikən hansısa proseslərə qəsdən qoşulur, dövlət əleyhinə işlər aparır və ölkədən gedəndən sonra da fəaliyyətlərini xaricdə davam etdirirlər. Bunların bir hissəsi ermənilərin yaratdığı şəbəkələrə cəlb edilib. Avropada müəyyən təşkilatlar həmin şəbəkənin əl altısına çevrilib. Məsələn, Çexiyanın PİN təşkilatı buna misaldır. Bu təşkilat birinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq, birtərəfli qaydada Xankəndində hospital açıb ancaq erməni hərbiçilərinə, yaralılarına xidmət edib. Bu təşkilatın Azərbaycanda nüfuzu çox çirklidir. Həmin təşkilatın təsiri altına düşən insanlar var. Misal üçün, "Meydan.tv” və onun ətrafında olan şəxslər və s. Əvvəlcədən biz qeyd edirdik ki, Avropada "Azərbaycan legionu” yaradılır. Həmin şəbəkənin bir hissəsi qalıb Azərbaycanda fəaliyyət göstərməli idi, bir hissəsi isə Avropada olmalı idi. Bunlar sistemli şəkildə Azərbaycanın mövqelərini beynəlxalq aləmdə zəiflətməli və Qarabağ məsələsində ölkəmizin mövqeyinə kölgə salmaqla, Ermənistanın mövqeyinin gücləndirilməsinə xidmət etməli idilər. İkincisi isə Azərbaycanın Avropa institutları, siyasi dairələri və biznes qurumları ilə əlaqələrin qurulmasına mane olmaq məqsədi daşıyırdı. Yəni, Avropa təşkilatları ilə Azərbaycanın əlaqələri zəif olsun, eləcə də ölkəmizin beynəlxalq biznes layihələrinə əngəl törədilməli idi. Düzdür, ikinci məsələyə mane olmaq o qədər də asan deyil”.

S.Məmmədov vurğuladı ki, erməni şəbəkəsinin və onların arxasında duran qüvvələrin maraqlarına xidmət edən bu adamların indiki məqamda məqsədi, Azərbaycanın daxilində destabilizasiya yaratmaq, siyasi hakimiyyəti zəiflətməkdir, mümkün olarsa, siyasi hakimiyyəti devirən qüvvələrə kömək etməkdir: "Bu da, Azərbaycanda erməni maraqlarına xidmət edən oyuncaq bir qüvvənin iqtidara gətirilməsi məqsədi daşıyır. Necə ki, 90-cı illərdə Azərbaycanı bölmək planı var idi. Bu gün o plan qüvvədədir. Ona görə də bu gün Azərbaycan dövləti, milləti haqqında aşağılayıcı ifadələr işlədən bu insanların adını çəkmək belə istəmirəm”.

F.QƏHRƏMANLI

banner

Oxşar Xəbərlər