Erməni saytından etiraf

Erməni saytından etiraf

Siyasət
27 Sentyabr 2012, 16:22 1379
Ermənilərə məxsus kütləvi informasiya vasitələrində daha bir şokedici etiraf. Bu ölkənin KİV-də artıq açıq şəkildə Ermənistanın Azərbaycanla informasiya müharibəsində məğlubiyyətini etiraf etməyə başlayıblar. Belə ki, ermənilərə məxsus «NovostiNK.ru»da dərc edilən məqalədə bildirilir ki, erməni lobbisi ilə mübarizədə, eləcə də öz təbliğatını aparmaq məsələsində rəsmi Bakı iri maliyyə vəsaitləri sərf edir. “Ermənistandan fərqli olaraq Bakı bu istiqamətdə çox irəli getməyə müvəffəq olub”- deyə məqalədə bildirilib. “Belə ki, prezident İlham Əliyev öz çıxışlarında bildirir ki, məhz 28 may 1918-ci ildə Azərbaycan hökuməti öz dövlətlərini qurmaq üçün Ermənistana İrəvan quberniyasını “hədiyyə” edib. Azərbaycan tarixçilərinin əsas arqumenti ondan ibarətdir ki, orada müsəlman əhalisi üstünlük təşkil edirdi”. Müəllif daha sonra rusiyalı tarixçi A.Boronenkovun qeydlərini göstərir. Həmin tarixçi bildirir ki, Azərbaycan tərəfinin hücumlarına dərhal erməni tarixçiləri tərəfindən cavab verilməlidir. Rusiyalı alim həmçinin hesab edir ki, keçmişdən fərqli olaraq hazırda erməni tərəf Azərbaycanın informasiya müharibəsi qarşısında çox zəif görünür: “Adının çəkilməsini istəməyən erməni elmi cəmiyyətinin nümayəndələrindən biri uzun müddət erməni biznes dairələrini erməni tərəfinin tarix elmini müdafiə etməkdə passiv roluna görə tənqid edib”.

Qeyd edək ki, ermənilərdə bədbinlik xüsusən də son vaxtlar daha da güclənib. Azərbaycanlı zabit Ramil Səfərovun azadlığa çıxmasının günahını erməni lobbisində və xarici siyasətin uğursuzluğunda görən erməni mətbuatı qəzəb və nifrətlərini onların üstünə tökməkdə davam edir. Bu işdə onlara yardımçı olan eks-xarici işlər naziri Vardan Oskanyan ümumiyyətlə, XİN aparatının ləğvinə çağırıb. Erməni KİV-də, xüsusən «ArmeniyaTodey», «Nevs.am», «Reqnum» kimi saytlarda, eləcə də müxalifətin nəzarəti altında olan televiziyalarda xarici siyasət sahəsindəki uğursuzluqlara toxunulur. Ermənistan parlamentinin deputatı Qrant Baqratyan bildirib ki, vəziyyət acınacaqlı hal alıb. Erməni deputatın fikrincə, “belə getsə, bir vaxtlar əldə olunan uğurla çox asan şəkildə əldən çıxmış olacaq”. Onun sözlərinə görə, “erməni xalqı döyüşdə udub, müharibədə yox» fikri artıq reallaşmaq üzrədir. O əlavə edib ki, rəsmi Bakı öz ordusunu gücləndirir. “Bizim hökumət və xalq isə daha bir kilsə bayramı axtarırıq ki, işə getməyək. Azərbaycan artıq silaha 40 milyard xərcləyib, öz peykini buraxmaq fikrindədir” - deyən eks-baş nazir əsl müharibənin informasiya cəbhəsində getdiyini deyib. Deputat həmçinin xarici mətbuat səhifələrində də antierməni məqalələrin sayının artdığını göstərib. “Nyu-York Taym”, “Vaşinqton Post”, “Le Mond” kimi nüfuzlu mətbuat orqanlarda artıq ermənilərin illər boyu apardığı qondarma soyqırımı kampaniyasının siyasi məqsəd daşıdığına dair məlumatlar dərc edilir ki, bu da erməni lobbisinin fəaliyyətsizliyinin nəticəsidir. Öz növbəsində erməni müxalifətçiləri də bu məsələdə hakimiyyəti qınamaqda davam edirlər. Məsələn, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bu günlərdə bəyan edib ki, Ermənistan azərbaycanlı zabit Ramil Səfərovun azad olunmasında tam fəaliyyətsizlik göstərmiş oldu. “Bu, hakimiyyətin yarıtmaz fəaliyyətinin nəticəsidir” - deyə Erməni Milli Konqresinin lideri vurğulayıb. Hakimiyyətdə olduqları müddəti indiki dövrü müqayisə etməyə çağıran EMK lideri Azərbaycanla informasiya müharibəsindəki geriliyin həm də ölkədə demokratiyanın olmaması ilə əlaqələndirib. “Hakimiyyət daxilində korrupsiya, ölkədən çıxıb gedənlərin sayının artması da burada başlıca amillərdəndir” - deyə Levon Ter-Petrosyan vurğulayıb.

Azər NURİYEV