Erməni rüsvayçılığı
Kremdən dəstək almağa
çalışan Ermənistan iqtidarı və müxalifəti rəzil duruma düşüb
Ermənistan, bir qədər kobud çıxsa da, etiraf etməliyik ki, tarixinin
ən şərəfsiz günlərini yaşayır. Elan edildiyi kimi, iyun ayında ölkədə
növbədənkənar parlament seçkiləri keçiriləcək. Və normal ölkədə, adətən seçki
təbliğatına start verilməli, qalib olmağa iddialı qüvvələr də seçkiqabağı aktiv
kampaniyaya başlamalıdır. Bəs anormal ölkədə hansı addım atılır? Qalib olub
ölkəni idarə etməyə iddialı olanlar nicatı Moskvaya səfər etməkdə görür.
Əvvəlcə eks-prezident, "Qarabağ klanı”nın nüfuzlu liderlərindən hesab edilən
Robert Koçaryan Moskvaya səfər edir, ardınca da baş nazir Nikol Paşinyan bu
addımı atır. Və burada Kremlin erməniləri necə alçaltdığı göz önündədir.
Koçaryanı qəbul etməklə Kreml göstərmək istəyir ki, hər an Paşinyana qarşı
mövqeyi dəyişə bilər. Eks-prezidentin indiki halda Rusiyanın dəstəyi ilə əldə
edə biləcəyi maksimum nailiyyət, Ermənistan parlamentində mandat əldə etmək ola
bilər. Bunun xaricində nəsə əldə edəcəyi mümkünsüzdür. Onun seçkiqabağı
kampaniyasına Rusiyadan başlaması bununla əlaqəlidir R.Koçaryan indiki halda
elə də ciddi bir siyasi fiqur deyil və Kreml ondan, sadəcə Paşinyana qarşı
təzyiq vasitəsi kimi istifadə edir. Bu gün Ermənistanda və Rusiyada ağlı
başında olan insan anlayır ki, Koçaryan məğlubiyyətin simasıdır. Onun
Ermənistanda dəstəkçiləri çox azdır, keçirilən sosial sorğular da bunu
təsdiqləyir. Bu mənada, onun yenidən siyasətə qayıtmaq istəyi çoxlu suallar
yaradır.
Seçki kampaniyası
konkretləşir
Görünən odur ki, seçki kampaniyası getdikcə konkretləşir: birinci
plana baş nazir Nikol Paşinyan və eks-prezident Robert Koçaryan çıxır. Hələ ki,
sistemli və sistemdənkənar müxalifətin liderləri özləri üçün ənənəvi seçkiqabağı
strategiyanı müəyyən etməyə çalışır. Yəni əsas olan qələbə yox, iştirakdır.
Seçki prosesinin iştirakçıları Moskvanın dəstəyini qazanmağa çalışır. Artıq
faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra Moskvanın bu ölkəyə siyasi
təsiri əhəmiyyətli dərəcədə artıb. Hər iki namizəd özləri üçün əlçatan və
məntiqi strategiya seçiblər. Bu strategiya da bütövlükdə Moskva üzərində
qurulub. Paşinyan üçün bu cür şəxsi görüşlər və səfərlər fövqəladə xarakter
daşıyır. Onun imici də sürüşkəndir və yalnız elektoral bazası üzərində qurulub.
Ondan fərqli olaraq Koçaryanın görüşü isə fərqlidir. Nikol kimi yüksək
səviyyədə qəbul olunmasa da, müzakirə olunan məsələlər diqqət çəkir. Bir əsas
faktor da odur ki, Koçaryanın qarşısında sərhəd bilməyən Rusiyanın media məkanı
açılıb. Eks-prezident Rusiya KİV-lərinə müsahibə verir, federal kanalların
qonağı olur. Müsahibələrində açıq şəkildə indiki rəhbərliyi siyasi
savadsızlıqda günahlandırır, özünün hakimiyyəti dövrünü yüksəltməyə çalışır.
Hər iki lider Moskva ilə sıx münasibətdə olmağa çalışır. Lakin fərq, əməkdaşlıq
səviyyəsi ilə məhdudlaşır. Paşinyan Koçaryan kimi Rusiyanın iqtisadi, siyasi və
infrastruktur maraqlarını dəstəkləməyə, eləcə də, Qarabağ üzrə razılaşmalara
əməl etməyə hazırdır. Lakin Koçaryandan fərqli olaraq Ermənistanın Qərb
tərəfdaşları ilə sıx əməkdaşlığı istisna etmir. Koçaryan isə Qərbə loyaldır və
bütövlükdə Moskvaya doğru istiqamət götürüb. Sabiq baş nazir uzun illər hökm
sürən separatizm ideyalarından imtina etməyə hazırlaşmır, əvvəlki tək Türkiyə
və Azərbaycanı Ermənistanın əsas təhlükə mənbəyi hesab edir. Paşinyanın xarici
siyasəti isə qeyd olunan münasibətlərə yenidən baxılmasını nəzərdə tutur. Baş
nazir daxili siyasi gərginlyi aradan qaldırmaq üçün maksimum səy göstərməyə
hazırdır. Ondan fərqli olaraq Koçaryan indiki baş nazir və tərəfdarlarına qarşı
irimiqyaslı siyasi kampaniya təşkil olunmayacağına söz vermir.
Ermənistanın yeni AES
arzusu ürəyində qalacaq
Nikol Paşinyana gəldikdə, sözsüz ki, Ermənistan baş nazirinin Moskva
səfəri seçkiqabağı dəstək qazanmaq idi. Bunu tək bir fakt sübut edir -
sözügedən səfər zamanı Moskvada heç bir sənəd imzalanmadı. Özü də Moskvada
Putindən çox Paşinyan danışdı. Başqa bir məsələ, Paşinyanın Moskvada Putinlə
görüşə başlayarkən media qarşısında diqqəti çəkən açıqlamaları maraqlıdır.
Söhbət ilk növbədə Ermənistanda AES tikintisindən gedir. Ermənistanın baş
naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş
gəlməyib. Ancaq sual olunur: kasıb Ermənistanda ikinci AES tikmək Rusiyanın
nəyinə lazımdır? Stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər.
Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Demək, tikintinin
maliyyəsini Rusiyaya yükləmək istəyəcək. "Ermənistana yeni Atom Elektrik
Stansiyası hava-su kimi lazımdır. Lakin baha başa gələn stansiya inşa etmək
üçün onun pulu yoxdur. Uzaq perspektivdə belə bir layihəni reallaşdırmaq çətin
ki, mümkün olsun”. Bu fikri Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat
Asatryan bildirib. "Hətta bunu "tik-sahib ol-istismar et" sxemi
üzrə reallaşdıra billməyəcək", - deyə ekspert Rusiya prezidenti Vladimir
Putinlə baş nazir Nikol Paşinyan arasında gedən AES məsələsini müzakirə edərkən
bildirib.
Maraqlıdır ki Paşinyan tərəfindən səslənən bu ideyaya Putinin
reaksiyası olmayıb. Q.Baqratyan xatırladıb ki, Ermənistan üçün AES məsələsi
ölkə müstəqillik əldə etdikdən sonra
daim aktual olub. "Bu məsələ yeni deyil. Artıq 30 ildir ki, gedir. "Metsamor”
AES 1989-ci ildə baş verən zəlzələdən sonra bağlanıb. 1995-ci ildə onun işini
bərpa ediblər. Lakin tam gücü ilə işləmir. Problemin həlli isə sadədədir - pul
yoxdur", - deyə bildirib.
Putin Paşinyana nə lazım
olduğunu deyib
"Moskvada Putin-Paşinyan görüşünün ictimai hissəsi Paşinyanın
iqtisadi, siyasi preferensiyalar ümidi və Putinin strateji münasibətlər
haqqında ümumi sözləri ilə əlamətdar olub. İctimai olmayan hissədə nə baş
verdiyini təxmin etmək olar”. Bu fikir "Lragir.am” nəşrində dərc olunan
məqalədə bildirilir: "Məsələn, Nikol Paşinyan hərbi-texniki-təhlükəsizlik
arxitekturası, ordunun yenidən qurulması, erməni-rus HHM və birləşmiş qoşun
qrupu, əsirlərin qaytarılması, Qarabağ probleminin həlli, peyvənd tədarükü,
yeni atom stansiyasının inşa edilməsi, rus strateji investisiyaları
məsələlərini qaldırıb. Cavab olaraq Putin Ermənistana ən çox investisiyaları
Rusiya qoyduğunu xatırladıb, ümid etdiyini bildirib ki, ticarət dövriyyəsi
artacaq, kommunikasiyaların açılması Ermənistanın inkişafına töhfə verəcək. O,
ən aktual məsələsinin Dağlıq Qarabağdakı vəziyyət olduğunu qeyd edib”. Məqalədə
bildirilib ki, beləliklə, Putin özünün yeganə prioritetinin Qarabağda üçtərəfli
razılaşmanın həyata keçirilməsi olduğunu qeyd edib.
"Bu, kommunikasiya dəhlizləri ilə Ermənistanın subyektivliyinin məhv
edilməsini, Rusiyanın Qafqazdan hamarlıqla çəkilməsini və türklərin
irəliləməsini yavaşıtmaq üçün Ermənistanın intihar buferinə çevrilməsini
nəzərdə tutur”, - deyə məqalədə vurğulanıb.
Siyasi meydan təklif və
fikir rəqabətindən məhrumdur
Qeyd edək ki, Ermənistandakı növbədənkənar seçkilərdən bəhs edərkən,
birmənalı şəkildə növbədənkənar məzmun seçkiləri də əlavə edilməlidir, çünki
mövcud siyasi sahəyə, qüvvə və rəng tarazlığına baxanda, haqlı olaraq sual
yaranır, bu və ya digər qüvvənin yerdəyişməsindən sonra nə dəyişəcək? Məsələn,
erməni siyasi ekspert Aram Amatuni yazır ki, bu sualın hələlik nəzərəçarpan bir
cavabı yoxdur, çünki ən azından, hal hazırda Ermənistandakı daxili siyasi həyat
mənasız qalmağa davam edir, xalqın etimadını qazanmaq üçün indiki siyasi meydan
konkret təklif və fikir rəqabətindən məhrumdur. "Eyni zamanda, öz növbəsində,
cəmiyyətin özü də bu məsələ ilə bağlı müxtəlif şəxslər, qruplar, ictimai sahədə
fəaliyyət göstərən müxtəlif qurumlar vasitəsi ilə iş aparmalıdır. Cəmiyyət
ideoloji, maddi, planlı siyasi mübarizə, rəqabət rejimindən, sözdə passiv
tələbdən, fəal, təşəbbüskar rejimə keçməlidir. Əks təqdirdə, siyasi aktyorların
böyük əksəriyyətinin dəyişmək istiqamətində hər hansı bir motivasiyası yoxdur.
Cəmiyyət özü siyasətini dəyişdirməyə başlamalıdır, çünki bu siyasət onsuz da
var, cəmiyyətlə, yaxud cəmiyyət olmadan belə hərəkət edir. Buna görə də,
yaranmış vəziyyəti öz axarına buraxmaq, yaxud bunu idarə etmək haqqında düşünmək
məsələsində seçim böyük deyil. Bu, əlbəttə ki, öz axarı ilə həll olunmayan bir
problemdir, ona görə də, bunu həll etməyə hazır, istəkli, bacarıqlı, siyasətlə
birbaşa əlaqəsi olmayan, siyasətlə məşğul olmaq həvəsləri olmayan, ancaq yumşaq
desək, dövlətin hansı siyasət yürütməsinə, onun taleyinə laqeyd qalmayan
dairələr tapılmalıdır”, - deyə Amatuni bildirib.
Ermənistanın seçkiqabağı
gündəmi nə olacaq?
Ekspert qeyd edir ki, Ermənistanın gündəm mövzusu müxtəlif siyasi
qüvvələrin, xüsusən də radikal müxalifət qüvvələrinin başlatdığı küçə
mübarizələrinin qalmaqalında boğulub. "İndiki gündəm yalnız duyğu
gerçəkliklərinə, müharibənin ağır nəticələrinə səbəb olan amillərə, minlərlə
gəncin ölümünə və ərazi itkilərinə
söykənən qalmaqaldan ibarətdir. Halbuki, bu vəziyyət Ermənistanda rasional bir
gündəmin formalaşdırılması zərurətini daha da kəskinləşdirib, çünki
Ermənistanın mümkün qədər tez bərpa olunmasına ehtiyac var. Ancaq qarşıda duran
vəzifə Ermənistanın deyil, itirilmiş hakimiyyət mövqelərinin və statusunun
maksimum sürətlə bərpa edilməsindən ibarətdir. Bu hədəfə sahib olan qüvvələrin
qaynaqlarla problemi olmadığından, rasional gündəmləri boğmaq və onları
qalmaqal altında saxlamaq üçün nəhəng mənbələr işə salınıb. Çünki rasional bir
gündəmdən bəhs edildiyi təqdirdə, Ermənistanın məğlubiyyətinə görə şəxsi
məsuliyyəti yayındırmaq və bu məsuliyyəti yalnız hazırkı hökumətin və Baş
nazirin üzərinə qoymaq mümkün deyil. Buna görə də, bu taktikanın seçki dövründə
də davam etdiriləcəyi və ya buna üstünlük veriləcəyi nəzərə alınmalıdır. Bu
arada, bu gün Ermənistanın daxili və xarici hərbi-siyasi məsələlərlə əlaqəli
bir sıra əsas suallara cavabları formalaşdırması lazımdır. Bu mənada, söhbət
Ermənistan üçün lazım olan seçkiqabağı gündəmdən gedirsə, o zaman üstünlük "xain”
və ya "türk” deyil, iqtisadi məsələlər, iqtisadi siyasət, investisiya
cəlbediciliyi, konkret alətlər üzərində müzakirə və rəqabət məsələləri
olmalıdır. Bu çərçivədə Ermənistan geniş əhatəli suallara cavab almalıdır, o
cümlədən nəhayət biz bir dövlət olaraq irəli getmək üçün qapalı və ya açıq
rejimi seçirik, bu dialoqun çətin bir məsələ olduğunu başa düşərək regional
dialoq ideyasını seçirikmi, yoxsa əksəriyyətimiz Rusiyanın himayəsinə
arxalanaraq qapalı bir rejimdə qalırıq, digər istiqamətlərdə addımlarımızı
Rusiya ilə əlaqələndiririk, bu müzakirələrdə və dialoqda iştirak etmək əvəzinə
bütün imkanları, regional müzakirələrin mandatını Rusiyaya veririk? Çünki,
Rusiyanın özü türklərlə, azərbaycanlılarla, iranlılarla, hətta gürcülərlə
sərbəst danışıqlar apardığı təqdirdə, hətta birbaşa Rusiya-gürcü danışıqları
olduğu bir şəraitdə və biz bundan kənarda qaldığımız halda bu mandatı qoruyub
saxlamaq mümkün deyil”, - deyə Amatuni bildirib.
Azər NURİYEV