• şənbə, 20 Aprel, 02:36
  • Baku Bakı 15°C

Erməni rəqibin dizlərini titrədən gənc - Portret

16.06.15 10:57 2610
Erməni rəqibin dizlərini titrədən gənc - Portret
Bəxtiyar Qazıbəyov Avropanı fəth edib
Bu gün açılışı olacaq “Bakı-2015” Birinci Avropa Oyunlarında çox sayda istedadlı idmançımız medallar uğrunda mübarizə aparacaq. Onların böyük qələbələr qazanacağı və ölkəmizi vətəndə layiqincə təmsil edəcəyinə şübhə yoxdur. Maraqlıdır bəs bu yarışları kənardan izləyəcək yeniyetmə və artıq sözünü deməyi bacarmış idmançılar kimlərdir? Bu Oyunlarda gördüklərindən çox şey öyrənəcək və digər dünya çempionatları, Olimpiya Oyunlarında bu öyrəndiklərindən çıxardığı nəticə ilə zirvələri fəth edəcəklər. Əmin ola bilərsiniz ki, belələri ölkəmizdə yetərincədir. Onlardan biri – yaxınlarda boks üzrə yeniyetmələrin Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bəxtiyar Qazıbəyovu sizə tanıtmaq qərarına gəldik.
Seçim yalnız birdir: boks!
21 iyun 1995-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olan Bəxtiyar ən kiçik yaşlarından hərəkətli biri olub. İdmançı ailəsində doğulması ona gələcəkdə başqa variantlara yox, məhz döyüşçü olmasını labüd edib. Atası və əmiləri kikboksinq üzrə Azərbaycan və bir sıra beynəlxalq yarışların qalibləri olduğundan Qazıbəyov da onların yolu ilə gedir. Əvvəlcə - təxminən iki il kikboksinqlə məşğul olur. Ancaq sonradan anlayır ki, bu, onun növü deyil və Olimpiya idman növü olan boksu seçir. Karyera yüksəlişi də bundan başlayır.
Avropanın ən güclüsü!
“Rabitə” İdman Klubunun nümayəndəsi olan Bəxtiyar 19 yaşında topladığı titullarla rahatlıqla öyünə bilər. Yeniyetmələr arasında beşqat Azərbaycan çempionu, Beynəlxalq “Heydər Əliyev kuboku”nun üçqat qalibi, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı, Avropa çempionatının gümüş (2014-cü il, Rusiyanın Anapa şəhəri) və qızıl (2015-ci il, Ukraynanın Lvov şəhəri) mükafatçısı kimi nəticələri məhz onun adı altında birləşir. Hazırda yaşıdları arasında nə Azərbaycanda, nə də Avropada çıxış etdiyi çəkidə ondan güclü boksçu yoxdur. Sentyabrda keçiriləcək dünya çempionatında isə bu coğrafiyanı planetar səviyyəyə qədər genişləndirmək fikrindədir Bəxtiyar. İdmançı xüsusiyyətləri və əzmi bunun o qədər də qeyri-real bir hədəf olmadığını deməyə əsas verir.
Ermənilərinin dizlərini əsdirən gənc
Azərbaycan idmançısı üçün erməni rəqibi ilə döyüş həmişə prinsipial xarakter daşıyıb. Regional, yaxud dünya çempionatı, final və ya seçmə mərhələ olmasından asılı olmayaraq, istənilən yerdə, istənilən məkanda bu qarşılaşma digərlərini üstələyib. İstər həyəcan, istərsə də başqa bütün aspektlərdə. 18 yaşlı gəncin belə mənəvi yükün altına girməsi onun üçün ağır nəticələrə gətirib çıxara bilər. Məğlubiyyətin doğuracağı ictimai qınaq xoşagəlməzdir və heç bir idmançı, xüsusilə də gənc, hələ karyerasının başlanğıcında olan biri bunu üzərində hiss etmək istəməz. Ona görə də Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyindəki yarımfinal döyüşündə qələbə çox vacib idi. 60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyanla qarşılaşırdı. Həmyerlimiz etiraf edir ki, bu döyüşə başqalarından daha məsuliyyətli, daha yaxşı hazırlaşmışdı. Hər üç raundda üstün tərəf olan, bir saniyə belə müdafiə olunmayan, başlanğıcdan sona qədər erməniyə xal qazanma imkanı verməyən Hacıbəyov, yaşına uyğun olmayan intizam və soyuqqanlılıqla qələbə qazandı. Görüşdən sonra baş verən kiçik bir hadisəni də qeyd etmədən keçmək olmaz. Bəxtiyar qalib olunandan sonra paltardəyişmə otağına gedən dəhlizdə ermənilərin məşqçisi azəri həmkarlarına yaxınlaşaraq “yetirməniz layiqli qələbə qazandı. Bizim idmançının görüşdən əvvəl ayaqları əsirdi” cümləsini işlədib. Xoş sözlərdir. Ancaq erməni məşqçi baş verənləri tam ifadə etməmişdi. O, bütün günahı idmançısının üzərinə ataraq özünün həyəcandan əllərinin titrədiyini gizlətməyə çalışmışdı. Amma alınmamışdı. Rinqə çıxan zaman yetirməsinin şlemini əlindən salan düşmən məşqçinin bu hərəkətinə başqa ad vermək olmazdı.
Gənc peşəkar
Qazıbəyov məşqçilərinin sevimlisidir. İntizamlı, çalışqan, məsuliyyətli bir yetirməni kim sevməz ki? Bəxtiyar təlim-məşq toplanışları zamanı hərəsi 2, bəzən 3 saat çəkən gündəlik 3 məşqdən belə yorulmur, onlara böyük əzmlə qatılır. Yeniyetmə boksçu anlayır ki, qələbə yalnız mütəmadi çalışmalarla qazanıla bilər. Yeganə zəif tərəfi psixoloji hazırlıq idi ki, onu da məşqçilərinin tapşırıq və tövsiyələri ilə aradan qaldırmağı bacarıb. İstər istirahət, istər təhsil, istərsə də məşqlərinə bərabər güc sərf edən, onlardan bərabər yararlanmağı bacaran Qazıbəyovun nümunəvi idmançı meyarlarına uyğun gəldiyini əminliklə söyləmək olar.
Universal döyüşçü
Hər idmançının – boksçunun öz döyüş tərzi, psixologiya, fəlsəfəsi var. Xüsusilə yeniyetmə döyüşçülər təcrübəsizlik səbəbindən konkret taktika ilə mübarizə aparmalı olurlar. Çünki bilmədən, hazırlıqsız, sistemsiz şəkildə rəqib üzərinə yerimək məğlubiyyətin ilk işartısı ola bilər. Bu hallarda məşqçinin tapşırıqları, onun müəyyən etdiyi qaydalarla boks daha effektiv və nəticə gətirən olur. Belə hallarda boksçular ya əks-hücum, ya yüksək fiziki hazırlığa söykənən intensiv döyüş, ya da maksimum gücün startda qoyulması ilə mütləq üstünlük qazanılması sistemlərindən birini seçirlər. Maraqlıdır ki, Bəxtiyar bunlardan heç birinə “yönəlmir”. O, əsl universal döyüşçüdür. Rəqibin kimliyindən, gücündən, taktiki, texniki, fiziki hazırlığından asılı olmayaraq döyüşə atılır, rinqdə fasiləsiz – duruma uyğun mübarizə aparır. Yuxarıda bunun çox riskli olduğunu qeyd etmişdik. Zərbənin haradan gələcəyi bilmədən döyüşmək çətindir. Ancaq görünən odur ki, Bəxtiyar bundan narahat deyil. Təbii ki, məşqçilər ona lazımi məlumatları verir, necə döyüşməyin daha səmərəli olduğunu deyir. Amma onun öz “sistemsizlik” tərzi var. Bu tərz nəticə gətirdiyindən Qazıbəyovun hərəkətlərinə haqq qazandırmaq olar. Bir yeniyetmənin bu yaşda belə hazırlıqlı olması nadir hadisədir. Məşqçiləri qeyd edirlər ki, rinqdən kənardakı böyük intizamı rinqə də təsir etməyə başladıqca, Bəxtiyarın qarşısında duran boksçu tapılmayacaq. Əsl çempiona layiq barışmazlıq ruhunun varlığı bunu sübut edir.
Nə olsun ki, Avropa Oyunlarında yoxdur...
Yuxarıda da qeyd etdik ki, yaşı az olduğundan Qazıbəyov Avropa Oyunlarında iştirak etməyəcək. Ancaq o, buna görə üzülmür. Hesab edir ki, bu da bir təcrübədir: “Bu səviyyədə yarışların Bakıda keçirilməsi çox sevindirici haldır. Xüsusilə də ilk olması qeyd olunmalıdır. Özüm iştirak etməsəm də, bütün həmkarlarıma uğurlar arzu edirəm. Boks yığmamız çox güclüdür və qalib gəlməyimiz üçün hər cür imkanımız var. Onlara baxıb nəsə öyrənməyə çalışacağam. Bu, böyük şansdır. İlk Avropa Oyunlarının burada keçirilməsi növbəti dəfə sübut etdi ki, Azərbaycan əsl idman ölkəsidir. Cənab Prezidentimiz İlham Əliyevin biz idmançılara göstərdiyi qayğının nəticəsində biz beynəlxalq yarışlarda bayrağımızı qaldırır, himnimiz səsləndiririk. Boks Federasiyasının prezidenti cənab Kəmaləddin Heydərovun da əməyi və diqqətini qeyd etmək lazımdır. Dövlətimiz bizim uğurlarımızı layiqincə qiymətləndirir və dəyərləndirir. Bu da bizim boksun qabaqcıl yerlərdə olmasına şərait yaradır”.
Portreti
Yeniyetməlik dövrünü arxada qoyan Bəxtiyar əmin addımlarla gəncliyinin əsas mərhələsinə qədəm qoyur. Bu addımlar möhkəm, inamlı və sürətlidir. İstiqamət isə Olimpiya zirvəsidir. Ağıllı, enerji dolu, mübariz və döyüşkən bir gənc onun portretinin qarşısında duranların gördüyü cizgilərdir. O, öz həyat dördbucağının qalibidir. Boks rinqində isə qələbələr çay kimi axıb gəlir. Bu axının selə çevrilməsinə isə heç nə qalmayıb. “Səbir dağlar aşırır”, deyiblər...
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər