• cümə, 29 Mart, 16:23
  • Baku Bakı 14°C

Erməni politoloqların Nikola verdikləri cəfəng tezis

18.05.20 16:59 774
Erməni politoloqların Nikola verdikləri cəfəng tezis
Deputatların fikrincə, Ermənistanın baş nazirinin M.Ə.Rəsulzadə ilə bağlı söylədiklərinin heç bir tarixi-faktoloji əsası yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyanın babasının II Dünya müharibəsində faşistlərə xidmət etməsi ilə bağlı faktlar yayıldıqdan sonra o, özünü təmizə çıxarmaq üçün müxtəlif çirkin oyunlara əl atdı. Belə ki, babası ilə bağlı faktların Azərbaycan tərəfindən daha çox tirajlanmasını qəbul edə bilməyən Paşinyan, guya ki, cavab vermək məqsədilə indi də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni hədəfə alıb. Onun sərsəm açıqlamasında qeyd edilir ki, guya Rəsulzadə faşistlərlə iş birliyində olub, onlara xidmət edib. Əlbəttə ki, II Dünya müharibəsindən sonra əgər belə bir fakt olsaydı, ötən müddət ərzində hansısa müəllif tərəfindən qələmə alınardı və ya xüsusi xidmət orqanlarının arxivlərindən kənara çıxardı. Lakin görünən odur ki, öz gözündə tiri görməyən Paşinyan, indi Rəsulzadəyə böhtan atır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirdi ki, Məhəmməd Əmin Rəsulzadənin guya nasist Almaniyası ilə əməkdaşlıq etməsinə dair Ermənistanın baş naziri Nikol Paşinyanın söylədiklərinin heç bir tarixi-faktoloji əsası yoxdur, böhtan və cəfəngiyatdır: "Ən mötəbər mənbə olan sovet xüsusi xidmət orqanlarının sənədləri əsasında yazdığım və 2006-cı ildə İstanbulda "Kaknüs” nəşriyyatında nəşr edilmiş "Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-1945” adlı monoqrafiyamda həmin məsələyə aydınlıq gətirmişəm. Gerçəklik aşağıdakı kimidir: 1941-ci il iyunun 22-də nаsist Аlmаniyаsı SSRİ üzərinə hücum еtdikdə, tеzliklə qələbə qazanacağına əmin idi. Ancaq "İldırım sürətli mühаribə” plаnı bоşа çıхdıqdа, Аlmаniyа orduları Bаş Qərargаhı SSRİ-də yаşаmış və zаmаn-zаmаn əvvəlcə çаrizm, sоnrа isə bоlşеvizm tərəfindən istilаyа uğrаmış хаlqlаrın dəstəyindən yararlanа biləcəyini düşünməyə bаşlаdı. Аlmаniyа bоlşеvik zülmünə qarşı dirənən хаlqlаrın хаrici ölkələrdə yаşаyаn nümаyəndələri ilə əlaqə qurmağa çalışdı. Ona görə də 1941-ci ilin sоnlarında Bеrlində Аlfrеd Rоzеnbеrq bаşdа оlmаqlа Аlmаniyа Şərq Nаzirliyi yаrаdıldı. Nаzirliyin nəzdində SSRİ хаlqlаrı ilə iş üzrə idаrə quruldu. Bu idаrəyə prоfеssоr Fоn Mеndе təyin еdildi. О, milli əlаmətlərə görə bir sırа idаrələr yаrаtmаğа bаşlаdı. Bunlаrdаn biri Qаfqаz İşləri İdаrəsi аdlаndırıldı. Оnа Sаytlеr Vаltеr bаşçılıq еdirdi. Həmin idаrənin tərkibində Аzərbаycаn bölməsi də yаrаdıldı. Şöbənin əsаs işi аlmаnlаrа prаktik işlərində kömək еtmək idi. Ona görə də bоlşеvik istilаsınа uğrаdıqdаn sоnrа mühаcirət еtməyə məcbur оlmuş Аzərbаycаn Хаlq Cümhuriyyəti nümayəndələrinin Аlmаniyаyа dəvət еdilməsi məqsədəuyğun sаyıldı”.

Professor qeyd etdi ki, 1941-ci ilin sоnundа Аlmаniyа Хаrici İşlər Nаzirliyi Buхаrеstdə yаşаyаn M.Rəsulzаdəni Bеrlinə dəvət еtdi: "Rəsulzаdə isə dəvəti qəbul еtdi. Bеrlində kеçirilən görüşlərdə Məhəmməd Əmin Rəsulzаdəyə Milli Аzərbаycаn Kоmitəsini yаrаtmаq təklif оlundu. Rəsulzаdə xaricdəki siyasiləri Bеrlində bir araya toplamağa başladı. Bu məqsədlə o, Аzərbаycаn Хаlq Cümhuriyyətinin Türkiyədə yаşаyаn görkəmli хаdimləri оlmuş Mustаfа Vəkilоvu, Miryаqub Mеhdiyеvi və Хоsrоv bəy Sultаnоvu dа Bеrlinə dəvət еtdi. Rəsulzаdə kоmitəni yаrаtdı və onun tərkibinə 4 nəfər dахil еdildi. Bundan sonra kоmitənin tərkibi təsdiq еdilmək üçün Аlmаniyа Хаrici İşlər Nаzirliyinə təqdim оlundu. Həmin sənədlə bərabər Məhəmməd Əmin Rəsulzаdə Аlmаniyа Хarici İşlər Nazirliyinə Аzərbаycаnın dövlət müstəqilliyinin tаnınmаsı, vаhid Аzərbаycаn оrdusunun yаrаdılmаsı və başqa təklifləri nəzərdə tutаn gеniş bəyаnаtı təqdim еtdi. Ancaq bu təklifləri Аlmаniyа tərəfi qəbul еtmədiyi üçün komitə ilə nаsiоnаl-sоsiаlistlərin yolları ayrıldı. Аlmаniyа idarəçiləri ilə ortaya çıxan iхtilаflar üzündən kоmitənin nasistlərlə əməkdаşlığı başlamadan sona çatdı. Bu barədə sоvеt xarici kəşfiyyatının məlumаtındа yazılır ki, 1941-ci ilin sоnundаn 1943-cü ilin аvqust аyınаdək mövcud оlаn bu kоmitə Аlmаniyа rəhbərliyi ilə əlаqələrdən uzаq qаçıb. Bеləliklə, Аlmаniyа hərbi kоmаndаnlığı siyasi mühаcirəti öz məqsədləri üçün işlədə bilmədi”.
M.Qasımlının sözlərinə görə, Paşinyan, əli qanlı cinayətlərə bulaşmış Dro, Njde və başqalarının, o cümlədən babasının faşistlərlə əməkdaşlıq edib rusları və digər slavyan xalqlarını, o cümlədən yəhudiləri öldürməkdə necə iştirak etdiklərinə dair tarixi həqiqətləri öyrənmək istəyirsə, Ermənistan xüsusi xidmət orqanının arxivində saxlanan sovet kəşfiyyat məlumatlarını və bu barədə Moskvada hazırlanmış müfəssəl arayışları oxuya bilər: "Hər şeyin olduğu kimi yazıldığı həmin sənədlərlə tanış olduqdan sonra onun beli bir az da əyiləcək, boynu daha da büküləcək”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, Paşinyanın babasının II Dünya müharibəsi zamanı faşistlərlə əməkdaşlığı barədə faktlar aşkarlanandan sonra Azərbaycan tərəfinin ittihamlarını cavablandırmaqda aciz qalan erməni politoloqları ona tezis veriblər ki, bəs sən də Rəsulzadə məsələsini ortaya at: "Qısa yoldan gələk. Rəsulzadənin 30-cu illərin Almaniyasında olması, müxtəlif danışıqlarda iştirak etməsi bir tarixi faktdır. Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Bütün danışıqları da Milli Azərbaycan Komitəsinin rəhbəri, yəni faktiki Azərbaycan mühacirət hökumətinin rəhbəri kimi aparıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Fon Mende və Almaniyanın Moskvadakı sabiq səfiri, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi, sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək idi.
Eyni zamanda Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi şərti ilə danışıqlar aparmaq müttəfiqlik deyil, əməkdaşlıq deyil, birbaşa Azərbaycanın milli maraqlarının qorunması istiqamətində atılan ən cəsur addımlardan biri idi. Bütövlükdə Hitler ayrı-ayrı "milli komitələr”lə deyil, məhdud səlahiyyətli "milli komissiya”larla əməkdaşlıq etməyi planlaşdırırdı ki, bu da Azərbaycanın maraqlarına uyğun gəlmirdi. Maraqlıdır ki, nə azərbaycanlı, nə də erməni opponentlərdən kimsə Rəsulzadənin faşistlərə rəğbətlə yanaşdığını əks etdirən bircə cümləsini belə tapıb çıxara bilmirlər”.
F.Mustafa vurğuladı ki, SSRİ hərbi kəşfiyyat xidmətinin 1944-cü ildə alman-faşistlərlə əməkdaşlıq edən Qafqaz mühacirləri haqqında hazırladığı və SSRİ xarici işlər naziri Molotova təqdim etdiyi hesabatda faşist kəşfiyyat idarəsi olan "Abver”lə əməkdaşlıq edənlərin adları ayrıca qeyd olunub: "Burada o zaman ən məşhur mühacir simalardan olan Rəsulzadənin adı yer almayıb. Məncə, bu sənədi çıxarıb Paşinyanın gözünə soxmaq yetərlidir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər