• şənbə, 20 Aprel, 13:02
  • Baku Bakı 23°C

Erməni politoloqdan “Sumqayıt etirafı”

05.03.18 18:50 1066
Erməni politoloqdan “Sumqayıt etirafı”
Otuz il bundan öncə - 1988-ci il fevralın sonlarında Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat- erməni əhalinin evlərinə basqınlar həyata keçirilib. Erməni Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürüldü və onların bir neçəsini Qriqoryanın qətlə yetirdiyi şahidlərin ifadələri, üzləşmələri ilə sübut olundu. O ildən etibarən hər il Ermənistan hakimiyyəti və lobbisi Azərbaycanı zorakılıqlarda ittiham edir. Halbuki, 1992-ci ilin elə həmin fevral ayında Xocalıda 600-dən artıq soydaşımıza qarşı əsl soyqırımı həyata keçirilib. Önəmli olan odur ki, Sumqayıt hadisələrindən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışan ermənilərə elə ermənilərin özləri tərəfindən tutarlı ittihamlar səslənir. Bu hadisənin heç də azərbaycanlıların əl işi olmadığı əsas xətt kimi keçir. Məsələn, Rusiyanın "Vestnik Kafkaza” saytı yazır ki, o hadisələrdən 30 il keçsə də, məsələ ətrafında vahid fikir mövcud deyil, ziddiyyətlər var. Nəşrə müsahibəsində erməni mənşəli politoloq Sergey Kurqinyan o dövrün hadisələrini çox maraqlı formada analiz edib: "1980-ci illərin sonunda Bakıya gəldim. Burada tamam başqa proseslərin getdiyinin şahidi oldum. Tam məsuliyyətimlə deyərdim ki, Sumqayıtda erməniləri öldürənlər heç də azərbaycanlılar deyildi. Onlar beynəlxalq özəl strukturların muzdla tutduqları insanlar idilər. Biz həmin şəxsləri adbaad tanıyırıq və o zaman da, indi də hansı strukturlara aid olduqlarını gözəl bilirik. Bu insanlar erməniləri öldürürdülər və bu işi azərbaycanlılara aid edirdilər. Sonra isə erməni və azərbaycanlıları bir-birilərinin üstünə qaldırırdılar. Nəticə də bu idarə olunan gərginlik qızışırdı. Biz bütün bunların arxasında kimin durduğunu görürdük”. Onun sözlərinə görə, vəziyyət çox ağır idi. Lakin ən dəhşətlisi başqa şey idi. "Buna heç bir aidiyyatı olmayan demokratoid və liberaloid miflər son instansiyada həqiqət kimi qəbul edilirdi. Bütün bu viruslar artıq beyinlərə çökürdü və kütlə də lazımı olan istiqamətə, özünün sonuna, bədbəxtliyinə, onu ən pis duruma salacaq vəziyyətə doğru qaçırdı”, - deyə erməni politoloq vurğulayıb.
Beləliklə, erməni əsilli politoloq o dövrün hadisələrinə belə desək, obyektiv mövqe nümayiş etdirmiş olub. Baş verən hadisələrdə azərbaycanlıların məsuliyyət daşıdığı barədə ermənilərin mifinə ciddi zərbə vurmuş olub. Gözlənilirdi ki, onun bu bəyanatına reaksiyalar daxil olacaq və belə də olub. "Birinci Erməni” (1in.am) saytı dərhal bu açıqlamaya sərt reaksiya verib və hədəf kimi də Moskvanı seçib. "Moskva Kurqinyanın dili ilə hansı cəfəngiyatı yayır” başlıqlı məqalədə vurğulanır ki, "Kremlin əsas "müştərilərindən” biri, rusiyalı politoloq Sergey Kurqinyan "vestikavkaza.ru” informasiya-analitik saytına müsahibəsində "sensasion” bəyanatla çıxış edib”. Daha sonra isə sayt bir vaxtlar ermənilərin başına and içdikləri politoloqun təhqirinə keçilib: ""30 il bundan əvvəlki hadisələr barədə danışan qondarma politoloq bildirir ki, Sumqayıtdakı hadisələri azərbaycanlılar deyil, beynəlxalq strukturlarda təmsil olunan şəxslər həyata keçirib. Bununla da onların məqsədi Azərbaycanla Ermənistan arasında yaşanan idarə olunan münaqişəni gücləndirmək olub. S.Kurqinyan barədə onu deyə bilərik ki, bu şəxs tam şəkildə Rusiya prezidenti Vladimir Putinin çıxışının "dozası” altındadır. Bu şəxs Kreml dairələrinin təbliğat sifarişlərini həyata keçirir. Özünün proqram çıxışında Rusiya Federasiyasının prezidenti Qərbi və Birləşmiş Ştatları Rusiyanın bir nömrəli düşməni adlandırıb. Bu günlərdə Rusiyada Qərbə, onun dəyərlərinə qarşı presendentsiz təbliğat aparılır. Bu məntiqlə hətta tarixi də təftiş edir, onu Putin tezislərinə uyğunlaşdırırlar”. Məqalə müəllifi hesab edir ki, S.Kurqinyanın çıxışı da Putin Rusiyasının əsl mahiyyətini ortaya qoyur. Onun sözlərinə görə, erməni soyadını daşıyan Kreml sarayının "politoloqu” formal statusa malik olmasa da, bu siyasətin daşıyıcısıdır. S.Kurqinyanın dediklərini amorallıq adlandıran müəllif bunu ilk növbədə peşəkar nöqteyi-nəzərindən düzgün saymır. "Belə ki, sırf çirkin sifarişlər belə, etik normalara əməl edilməklə həyata keçirilir”, - deyən erməni müəllif Kurqinyanı tarixə qarşı çıxmaqda günahlandırır. Onun qənaətincə, bu politoloq Sumqayıt hadisələri zamanı ölən şəxslərin ruhlarına xəyanət edib. "O, bizim ümumxalq hərəkatına və onun parlaq ideyalarına qarşı çıxır” deyən erməni müəllif sonra əsl mahiyyətlərini ortaya qoyur. Yəni etiraf edir ki, Sumqayıt onlara hava-su kimi lazım olub və bu səbəbdən də şəhərdə qətliamlara əməlli-başlı hazırlaşıblarmışlar. Bu məqsədlə də erməni soydaşları Qriqoryan kimilərindən yararlanıblar. Müəllif daha sonra özünün ifadə etdiyi kimi, Rusiya təbliğatını ikiüzlülükdə ittiham edib: "Digər tərəfdən də erməni "eltitası”na daxil olan insanların Rusiya sarayına xoş gəlmək üçün özlərini necə alçalda biləcəklərini görmək dəhşətdir”. Daha sonra vurğulanır ki, "Sergey Kurqinyan, Andranik Miqranyan və digərləri mütəmadi olaraq antierməni bəyanatları ilə çıxış edir, erməni dövlətçiliyi, onun siyasi xadimlərini lağa qoyurlar. Sonra isə Yerevanda yüksək dövlət qəbullarına düşməyə nail olurlar. Əgər Ermənistan hakimiyyət orqanlarında zərrə qədər də olsa şəxsi ləyaqət, dövlətçilik təfəkkürü olsa idi, onda bu cür insanlar bizim dövlətimizdə persona non qrata elan edilərdilər. Əgər belə hal baş vermirsə, onda Ermənistan hakimiyyət orqanları qoy kurqinyanlar, miqranyan və onlara bənzər şəxslərdən dəstək alsınlar. Bununla onlar bizim dövlətin mənəvi əsaslarını məhv etmiş olurlar”.
Bir faktı da qeyd edək ki, tək adıçəkilən ermənilər deyil, digərləri də Sumqayıt hadisələrinin əsl günahkarları barədə mütəmadi bəyanatlar səsləndirirlər.
Məsələn, bu günlərdə bir qrup Qarabağ ermənisi, o cümlədən Azərbaycan və Ermənistan arasında vətəndaş platformasının həmsədri Artuq Aqadjanov, ictimai fəal Valeri Yereçyan da Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı bəyanat səsləndiriblər. Bəyanatda daha çox bu hadisələrin erməni separatçıların günahı üzündən baş verdiyi bildirilir. "Biz bu avantüristləri vətənpərvər və özümüzünki hesab etmirik”, - deyə bəyanatda bildirilir. "Miatsum” deyilən şey bizə nə verdi? Nədir, bəlkə həyat şəraitimiz yaxşılaşdı? Bu ilk növbədə qarabağlılara aiddir. Nə üçün qarabağlıların bir qismi Qarabağda qalmadı, hətta Ermənistana köçmədi? 1995-ci ildə hərbi əməliyyatlar bitdikdən sonra belə geri dönmədilər”, - deyə bəyanatda bildirilib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər