Erməni polemikası barədə bezdirici qeydlər

Erməni polemikası barədə bezdirici qeydlər

Təfsilat
18 Dekabr 2012, 16:07 1711
Başağrısı olmasın, dostlar, bu yazını qələmə almağımın bir neçə səbəbi var. Köhnə kişilər demiş, biriminci səbəb bu mövzu barədə ciddi polemik yazının olmamasından gedir. Və bir müdrik yazıçımızın təbirincə desək, görürəm ki, heç kim yazmır, özüm yazmağa məcburam.
Burası belə.

Söhbət bir müddətdir, mətbuatda müzakirəyə çıxarılan, amma çox zaman birtərəfli qaydada işıqlandırılan «Gözünə gün düşür» hekayəsi və ermənilərin çəkdiyi «Əgər hamı...», yaxud «Əgər bütün ermənilər» filmindən gedir.

Məsələnin mahiyyətindən xəbərdar olmayan bəzi mütəxəssislər, yaxud bəsit düşüncəli KİV nümayəndələri bu məsələni təxminən «sizin it bizim qapımızdan bir ayaqqabı tayı apardı» kimi yozmağa başlayıblar. Ayaqqabı ayaqqabıdır da, qızıl deyil ki... Halbuki məsələ bir qədər sadə, həm də qəlizdir.

Sadəliyi ondan ibarətdir ki, ermənilər Qarabağ barədə bir film çəkib «Oskara» təqdim ediblər, qəlizliyi də ondan ibarətdir ki, azərbaycanlı bir müəllifin əsərindən yararlanaraq, hadisələri təhrif ediblər.
Burası da belə.

Dostlar, bəziləri bu hadisəni belə qələmə verir, yaxud bu cür yozmağa çalışır: Azərbaycanlı yazıçı ermənilərin çəkdiyi filmin ideya və süjetini öz adına çıxır. Halbuki bu, elə də ciddi bir iş deyil və bu məsələni biz qabartsaq ermənilərin dəyirmanına su tökmüş olarıq. Xub. Tamam doğru. Bu məsələ, doğrudan da rasional düşüncənin məhsuludur. Ermənilər yenə də öz əzabkeşliklərini bütün dünyaya car çəkəcəklər. Amma yox. Dostlar, polemika bu cür bəsit düşüncə üzərində qurulmamalıdır.

Bəndəniz və onun fikrinin daşıyıcıları dəfələrlə büyurublar ki, dövlətin ideoloji konsepsiyası olmalıdır. Nədir axı bu ideoloji konsepsiya? Mənim başa düşdüyüm sadə sxem təxminən belədir: kiçiyindən böyüyünə, vəzifəsinin balacalaığından tutmuş lap yekəsinə qədər - hər kəs ümummilli maraq kəsb edən məsələlərdə bir nöqtədən çıxış eləməlidir. Məsələn, biz ermənilərlə sülhdən danışırıqsa, onda aeroportda hansısa ermənini şapalaqlamamalıyıq, dinc hərbi təlimlərdə onları baltalamamalıyıq, yaxud hansısa beynəlxalq konfranslarda çığıra-çığıra ermənilərin bizə düşmən olmağını bəyan etməməliyik. Düşmənlə necə bir sərhəd və ölkə daxilində yaşamaq olar?

Biz sülh danqıcıqlarına və çağırışlarına adekvat münasibət bəsləməliyik. Uzatmaq istəmirəm. İdeoloji məsələyə bir qədər dəxli olan adamlar bir şeyi dəqiq bilirlər. İnformasiyanın geniş götürülmüş iki növü var: daxili istifadə üçün və xarici istifadə üçün. Birincidə yalnız bizim başa düşdüyümüz dildə danışmalı və mesajlarımız da bunun üstündə köklənməlidir. Məsələn ermənilərlə sülh danışıqlarından danışırıq, amma hərdən bir xatırladırıq: «itlə dost ol, çomağı yerə qoyma». Yəni bu məsələdə də ehtiyatlı olmalıyıq. Çünki bizi həm bizdən də bic ermənilər, həm də onların dəstəkçiləri olan xaçpərəst missionerlər izləyir.

Xaricə ötürülən informasiyalar daha ölçülü-biçili hərəkətlər tələb edir. Çünki biz xaçpərəst dünyaya çıxırıq. Və bu informasiyaya təkcə hansısa hadisə barədə xəbər yox, həm də mədəniyyət məkanı və orada baş verən proseslər, məhsullar daxildir. Yəni Avropaya əfqan muzdlularını xatırladan saqqalı döyüşçülərlə və adamı vahiməyə salan silahla çıxmaq olmaz.
İndi keçək hadisədən bir qədər az anlayışı olanlara erməni polemikası barədə geniş məlumata. Kim bu təkrarçılıqdan usanacaqsa (əslində, mən ilk dəfədir ki, bu barədə yazıram), məni məzur tutsun.

«Yol» filminin rejissoru Fehruz Şamıyev mənə zəng edib təxminən belə dedi: Xəbərin varmı ki, ermənilər sənin hekayəni oğurlayıb, film çəkiblər, özü də «Oskara» təqdim ediblər. Mənim xəbərim yox idi, amma bu mesajdan sonra oldu. Bəndəniz ədəbi cameənin ağsaqqalları, eləcə də müəyyən qurumlarla məsləhətləşmədən sonra bir mətbuat konfransı da yapdı və bu barədə ictimaiyyətə mesaj da verdi. Amma bu məsələnin üzdə olan və xırda tərəfidir. Söhbət «ermənilər mənim hekayəmdən bəhrələnib»in üstündə qurulmamalıdır. İş ondadır ki, ermənilər süjeti öz xeyirlərinə dəyişiblər və məlum olub ki, işğal altında olan, iyirmi ilə yaxındır ki, çöllərə düşən azərbaycanlılar yox, ermənilərmiş. Deməli, yenə də bizi qabaqladılar. Çünki həmin filmi biz də çəkə bilərdik. Düzdü, çəkdik, amma qısametrajlı.

Dostlar, mən burada kimisə qınamaq fikrində deyiləm, çünki ümummilli məsələlərdə öz soydaşlarını qınamaq əbləhlik olardı. Mən sadəcə olaraq diqqəti bizim daim gecikməyimizdə və quyruqda sürünməyimizdə axtarıram.

Maraqlı bir əhvalat da deyim. Bu günlərdə rus saytlarına girib öz hekayəmi bir daha nəzərdən keçirmək istədim. Nə görsəm, yaxşıdır. Vikipediyadı «Gözünə gün düşür»lə bağlı (maraqlananlar üçün, hekayənin ruscası «Solntse byot v qlaza»dır) maraqlı və əhatəli informasiyaya, təhlilə rast gəldim. Siz də girin baxın. Həm bəndənizin hekayəsinin süjeti, həm də erməni filminin süjeti paralel olaraq verilir və təhlil olunur. Maraqlı paralel alınır: hər iki əsərdə işğal altında olan torpaq, ata məzarı, sülhün rəmzi olan ağac, əsir götürülmə və ümumi razılaşma yolu ilə azad edilmə. Ermənilər bizdən fərqli olaraq bu məsələyə daha həssas yanaşıblar.
Filmin həmssenaristlərindən biri Mikael Poqosyan «Yerpress.am» saytına müsahibəsində «plagiatdan söz gedə bilməz» deyir. Halbuki mən də «plagiat» sözünü işlətməmişəm və Müəllif Hüquqları Agentliyinə də müraciətimdə göstərmişəm ki, biz erməni filminin ssenarisini şübhə altına ala bilərik. Poqosyan daha sonra etiraf edir. Bəli bu süjetlərdə oxşarlıqlar var, amma o qədər də yox. «Amma boynuma alıram ki, hekayə peşəkarlıq baxımından çox yaxşı yazılıb». Sonra əlavə edir: Onda gərək biz də Hüseynbəylinin hekayəsini plagiat sayaq, çünki ermənilərin «Toska» («Xiffət») adında bir filmi var, onun da qəhrəmanı öz doğma el-obasında ölmək istəyir. Ondan öncə isə belə deyir: film barəsində biz hələ 2010-cu ilin əvvəllərindcə düşünməyə başlamışdıq. Stop. Bəndənizin hekayəsi 2010-cu ilin fevralında çap olunub. Amma erməni nə qədər bic olsa da, fakt qarşısında acizdir və yumşaq desək düz demir. Çünki filmin çəkilməsi barədə göstərişi Sərkisyan Ermənistanın müstəqilliyinin 20 illiyilə bağlı verib. Erməni olanda nə olar. Onların ağıl və bacarığına şəxsən mən şübhə eləmirəm. Məsələ burasındadır ki, iki müəllif eyni zamanda və eyni cür düşünə bilməz. Bu, fiziki kəşf-zad deyil ki. Deyək ki, mən bir roman yazıram və ərinə xəyanət edən Məlahət adlı bir qadın Məhəmmədə vurulur, sonda özünü qatarın altına ataraq intihar edir. Adamnan soruşarlar ki, balam, intihar edir-etsin, amma niyə özünü məhz qatarın altına atır?

Və bir erməni bicliyi. Poqosyan deyir: Hüseynbəyli bir məsələdə haqlıdır: hər ikimizin ağacı sülhün rəmzidir. Yoldaş Poqosyan, sənin sülhünlə, mənim sülhümün fərqi var. Mənim qəhrəmanım işğal altında olan doğma torpatğında ölmək istəyir və orada ağac əkir, sənin qəhrəmanın isə özgə torpağını ələ keçirmək istəyəndə şəhid olur.

Bax bu fərqi, hörmətli soydaşlarım, biz ermənilərə adekvat və ondan güclü film çəkməklə göstərə bilərik. Buna bizim ağlımız, istedadımız və pulumuz çatar...

Hər kəsin öz həqiqəti var və onu qəbul etmək lazımdır. Amma bizim həqiqətimiz onlarınkından güclüdür.

Elə bilirəm ki, bununla da erməni polemikasına son qoymağına dəyər, dostlar...
Elçin Hüseynbəyli
17-18 dekabr 2012