• çərşənbə axşamı, 23 aprel, 22:35
  • Baku Bakı 20°C

Erməni nəşrindən bədbin etiraf

08.11.17 09:00 1583
Erməni nəşrindən bədbin etiraf
"Dəmir İpək yolu” kimi dünya mediasının gündəmini zəbt edən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması rəsmi Yerevan və erməni diasporasının ciddi narahatlığı və qısqanclığı ilə qarşılanmaqdadır. Demək olar ki, hər gün erməni nəşrləri və diaspora nümayəndələri layihə ilə bağlı ən müxtəlif mövqelərini ortaya qoyurlar. Həyəcan təbili çalan ermənilər həyasızcasına yalqız duruma düşdüklərini, onlara qarşı türk-müsəlman birliyinin formalaşdığını, mühasirə halqasının daha da daraldığını iddia etməyə başlayıblar. Və bir dəfə də olsun hansı səbəbdən bu vəziyyətə düşdüklərinə toxunmaq istəmirlər. Beləliklə, səslənən əsas fikirlərdən biri budur ki, Ermənistan bu layihə ilə tam təcrid vəziyyətinə salınır. Bəlli olduğu kimi, qardaş Türkiyə mətbuatı irimiqyaslı layihə ilə bağlı yüzlərlə məqalə, köşə yazısı, reportaj və informasiyaları özlərinin baş xəbərinə çevirdilər. Artıq bu sıraya ermənilərə məxsus "Agos” qəzeti də qoşulub. Bəlkə də buna məcbur olub, desək, yanılmarıq. Azərbaycanla bağlı hədyanlar yazan qəzet növbəti layihə ilə Ermənistanın izolə vəziyyətinə düşdüyünə toxunur və daha çox Sarkisyan hakimiyyətini tənqid edir.
Sözsüz ki, erməni nəşri Türkiyənin sərt mövqeyi ilə üzləşəcəyindən ehtiyat edərək, layihəyə qarşı çıxmayaraq, əsas tənqidi Ermənistana yönəldib. Müəllif yazır ki, uzunluğu 838 km-ə çatan dəmiryolu xətti Azərbaycan və Türkiyə arasında ticarət münasibətlərini gücləndirəcək. Dərhal da erməni xislətini ortaya qoyur. Belə ki, müəllif iddia edir ki, Gürcüstan bu layihə ilə Türkiyədən asılı vəziyyətə düşəcək. Məqalədə daha sonra vurğulanır ki, Türkiyə Dağlıq Qarabağın işğal olunduğunu əsas götürərək, Ermənistanla münasibətləri kəsib, eləcə də, bu ölkə ilə sərhədləri bağlayıb: "Bakı-Tbilisi-Qarsla Ermənistan ona qarşı tətbiq edilən embarqonun pik həddinə çatmış oldu”. Bölgədə Ermənistanı tamamilə izolə edəcək dəmiryolunun mühüm bir layihə olduğu xüsusi qeyd edilib: "Layihənin 503 km-i Azərbaycan, 259-u Gürcüstan, və 76 km-i Türkiyə ərazisindən keçir. Ermənistan Gümrü-Qars xəttini işə salmağa cəhd göstərsə də, bu, baş tutmadı. Bakı-Qarsla bağlı ötən əsrin 90-cı illərində fikirlər səslənəndə, bu layihənin Ermənistanı tam izolə edəcəyi vurğulanırdı. Avropa və Birləşmiş Ştatlar Ermənistanı əmin edirdilər ki, bu layihəyə dəstək verməyəcəklər. Lakin indi vəziyyət göz önündədir. Bu gün layihə tamamlandıqdan sonra Azərbaycan və Türkiyə açıq şəkildə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayana kimi, Ermənistanın bu layihəyə daxil olması mümkün deyil”.
Qəzetdə dərc edilən məqalədə erməni ekspert Arman Vançekyanın fikirləri də var. O bildirib ki, bu layihə Mərkəzi Asiyanın və Çinin də marağına səbəb olub. Ermənistan Siyasi Elmlər Dərnəyinin rəhbəri və sabiq deputat Hmayak Hovanisyan bu layihə ilə Ermənistanın bölgədə kor bağırsaq vəziyyətinə düşəcəyini və ticarət yollarından məhrum olacağını proqnozlaşdırır: "Mən hələ 10 il bundan öncə bu layihənin ciddiyə alınmasının zəruriliyini bildirirdim. Amma yetkililər layihənin baş tutmayacağını deyirdilər. Nəticə isə göz önündədir. Dəmiryolu Gürcüstan-Ermənistan sərhədindən, ermənilərin sıx məskunlaşdığı Cavaxetiya bölgəsindən keçir. Bura layihənin ən kritik nöqtəsidir. Ermənistanla həyati əlaqəsi olan bu bölgədən keçən dəmir yolu Cavaxetiyanı Ermənistandan ayıra və bizlər üçün Berlin səddi ola bilər”. Məqalədə qeyd edilir ki, Cavaxetiya erməniləri bu layihənin gerçəkləşməsinə qarşı çıxaraq Gürcüstan hökuməti qarşısında dəfələrlə iddia qaldırmışdı: "Cavaxetiya ermənilərinin rəhbəri Vahak Çaxhalyan müxtəlif aksiya və kampaniyalar təşkil etmiş, hətta barəsində həbs qərarı çıxarılmışdı. Türkoloq Andranik İspiryan isə qəzetə bildirib ki, rəsmi Yerevan bu layihənin reallaşmamağı üçün heç nə edə bilmədi: "Hərdən özümə sual verirəm - rəsmi Yerevan hansısa bir addım atdımı? Cavab yoxdur”. O, əlavə edib ki, Azərbaycan və Türkiyə əvəzində Ermənistanı layihədən kənarda saxlamaq üçün əllərindən gələni etdilər. "İqtisadi, loqistik, hətta siyasi ortaqlıq bir yana, bu layihə hərbi mənada bir ortaqlıq layihəsidir”, - deyə məqalə bu fikirlərlə tamamlanıb.
Beləliklə, Yerevan növbəti dəfə irimiqyaslı bir layihədən kənarda qalması ilə bağlı yaşadığı şokdan ayıla bilmir. Bu səbəbdən də ağlasığmaz və cəfəngiyat dolu fikirlər səsləndirməyə başlayıblar. "Türkiyə ilə Ermənistanın sərhədi bağlıdır. Bu səbəbdən də "Bakı-Tbilisi-Qarsla Ermənistanın təcridi güclənəcək” demək düzgün deyil”. Bunu Yerevan Dövlət Universitetinin iqtisadiyyat və menecment fakültəsinin kafedra müdiri Karlen Xaçatryan erməni saytlarına bildirib. Onun qənaətinə görə, dəmiryolunun işə düşməsi ilə Ermənistanla Gürcüstan arasında ticarət münasibətlərinə zərər dəyməyəcək. Lakin əlavə edir ki, malların daşınmasında problemlər yaranacaq ki, bu də Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Belə ki, gürcü malları İrana Ermənistan vasitəsilə çatdırılırdı. İndi isə bu, baş verməyəcək. Erməni ekspert hesab edir ki, Ermənistan İrana dəmir yolu layihəsi üzərində işə başlamalıdır. O bildirir ki, düzdür, bu, çox bahalı investisiya proqramıdır. Lakin çıxış yolu yoxdur. Onun sözlərinə görə, bu labirintdən çıxmaq üçün iqtisadiyyatı aktivləşdirmək gərəkdir, normal investisiya mühiti, xüsusən də xarici kapital üçün yaratmaq gərəkdir. Lakin məsələ ondadır ki, Ermənistan-İran dəmir yolu layihəsi çox bahadır. Pul isə bəlli olduğu kimi ermənilərdə yoxdur, belə olan halda, ümid qalır xaricə. Erməni lobbisi və təşkilatlar da artıq pul verməkdən beziblər. Adi bir misal - Baqrateşen-Sadaxlı sərhəd buraxılış məntəqəsində körpü üçün pul verən yoxdur. Məbləğ isə cəmi 7 milyon dollardır. Düzdür, erməni nəqliyyat naziri bildirib ki, körpünün tikintisinə başlanılacaq. Lakin 2018-ci ildə. Büdcədən isə bu iş üçün cəmisi 2 milyon dollar tapmaq mümkün olub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər