• cümə axşamı, 28 mart, 23:15
  • Baku Bakı 13°C

Erməni nəşrindən acı etiraf

18.04.17 09:00 653
Erməni nəşrindən acı etiraf
Hərbi qüdrətimizi göztərən aprel hadisələrindən artıq bir il keçsə də, düşmən ölkə hələ də döyüşlərin təsirindən çıxa bilməyib. Ermənistandakı hərbi xuntanın döyüşlərdən sonra yaşadığı siyasi və hərbi gərginlik davam edir. Bu ölkənin rəhbərliyində etiraf mədəniyyəti olmasa da, mətbuat və siyasi dairələr açıq şəkildə baş verənləri məğlubiyyət kimi qiymətləndirir. Qeyd edilir ki, apreldə baş verənlər bu ölkənin illər uzunu formalaşdırdığı saxta təbliğatı, məğlubedilməzliyi alt-üst etdi.
Bir il ərzində dəfələrlə erməni siyasi dairələrində və mətbuatında baş verən biabırçı məğlubiyyət ən müxtəlif prizmalardan şərh edilib. Əvvəlcə baş verən məğlubiyyətdə Rusiya və onun rəhbərliyi ciddi tənqid olunurdusa, indi artıq tənqidlər ölkə rəhbərliyinə yönəlir. Məsələn, ermənilərin nüfuzlu "Yerkir” qəzeti "Dördgünlük aprel müharibəsi: qələbə və yaxud məğlubiyyət” başlıqlı məqalədə bir il bundan əvvəl yaşananları analiz edib. Və gəldiyi qənaət də budur ki, apreldə yaşananlar məğlubiyyətdir: "Bu döyüşlərdə erməni tərəfi böyük itkilərlə üzləşdi. Həm hərbi heyət, həm də mülki əhali arasında”. Müəllif əlavə edir ki, Azərbaycan tərəfi bu əməliyyatlar nəticəsində separatçı Dağlıq Qarabağ rejiminin nəzarəti altında olan iki strateji müdafiə xəttini öz nəzarəti altına aldı. Xüsusi vurğulanır ki, bu xətlər şimal-şərq və cənub istiqamətində mühüm əhəmiyyətə malik olub.
Bir faktı da qeyd edək ki, Dağlıq Qarabağda erməni hərbi bölmələrinə vaxtilə rəhbərlik etmiş Samvel Babayan da həbs edilməmişdən əvvəl Yerevanda "Civilnet” onlayn televiziya kanalına müsahibəsində bəyan edib ki, erməni tərəfi öz səhvləri ucbatından mühüm əhəmiyyətli ərazilər itirib. "Laqeydlikmi, mövqelərin zəifliyimi və ya hər hansı səbəblərə görəmi – bunu artıq nazirlik araşdırıb həqiqətən nə baş verdiyini müəyyən etməlidir. Fakt odur ki, yarım, ya bir saat ərzində bütün o mövqelər təhvil verilib. Ondan sonra hücumlarla geri qaytarmağa çalışıblar, bu da itkilərlə nəticələnib", - Samvel Babayan deyib.
Qeyd edilir ki, erməni tərəfi Azərbaycan ordusunun qarşısını almaq üçün bütün qüvvə və bacarığını işə salmağa çalışsa da, səyləri nəticəsiz qalıb. Müəllif etiraf edir ki, Azərbaycan bu hərbi əməliyyatla psixoloji qələbə əldə edib: "Azərbaycan ordusunun əldə etdiyi nailiyyət cəmiyyətdə döyüş ruhunu artırmış oldu”. Daha sonra məqalədə ermənilər üçün aprel hadisələrinin mənfi nəticələri analiz edilib. Qeyd edilir ki, bu əməliyyatlar erməni tərəfinin cəbhə zonasında zəif yerlərini müəyyən etməyə imkan verdi. Məqalədə sonda etiraf edilir ki, aprel hadisəsi erməni cəmiyyətini qəflət yuxusundan oyatmış olsa da, artıq gecdir. İqtisadi çətinlik və büdcə kəsiri ölkə iqtisadiyyatını ağır duruma salıb. Müasir müharibə isə müasir silahların olmasını zəruri edir. Bu günkü Ermənistan isə həmin müasir silahları əldə etmək qabiliyyətinə malik deyil. Daha sonra etiraf edilir ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Bu gün Azərbaycan regionun ən müasir ordusuna mlik güclü dövlətdir.
Onu da deyək ki, həmin hadisələrlə bağlı bu ölkənin baş prokurorluğu cinayət işi qaldırıb. Hadisələr zamanı erməni ordusunun acınacaqlı məğlubiyyətinin səbəbləri və günahkarlarının məsuliyyəti araşdırılır. Belə hallardan biri isə erməni ordusunun apreldə yanacaq problemi yaşaması ilə bağlıdır. Erməni nəşrləri yazır ki, ordunun həmin hadisələrdə ən elementar təchizat problemləri olub. Hətta baş nazir Karen Karapetyan parlamentdə çıxışında bəyan edib ki, "aprel hadisələri zamanı bizim hərbi texnika yanacaq çatışmazlığı üzündən işə düşməyib. Dərhal da hakimiyyət bunun günahını o vaxtkı müdafiə naziri Seyran Ohanyanın yarıtmaz fəaliyyətində görüb. Sabiq nazirə qarşı bu ittiham isə Serj Sarkisyanın özünə qarşı yönəldiyindən o, baş prokurorluqdan belə bir faktı ört-basdır etməyi tələb edib. Baş prokurorluq da "müəyyən” edib ki, həmin hadisələr zamanı yanacaqla bağlı hər hansı bir problem olmayıb. "Azatyuyun” radiosu isə araşdırıb ki, aprel hadisələri zamanı hərbi texnikanın yanacaq çənləri su ilə doldurulmuş vəziyyətdəymiş. Bu informasiyanı isə onlara "N” saylı hərbi hissə komandirinin məhv edilən müavini Aleksan Arakelyanın atası Gevork Arakelyan verib. Yanacaqla yanaşı, hərbi texnikanın akkumlyatorları da olmayıb. Bu səbəbdən də hərbi texnikanı döyüşə göndərmək mümkün olmayıb.
Beləliklə, ermənilərin özlərinin belə etiraflar etmələri mühüm əhəmiyyət kəsb edir. Məğlubiyyət faktının ermənilərin öz dilindən səslənməsi şübhəsiz ki, önəmli faktordur və cəmiyyətdəki mövcud durumu əks etdirir. Bunu həm də hakimiyyətə bir mesaj kimi qəbul etmək olar. Və hərbi xunta anlamalıdır ki, mövcud vəziyyətdən çıxış yolu ancaq və ancaq işğal altında olan Azərbaycan torpaqlarını azad etməkdən keçir. Əks təqdirdə, növbəti belə bir döyüş işğalçı rejimin sonu demək olacaq.
Azər Nuriyev
banner

Oxşar Xəbərlər