• cümə axşamı, 28 mart, 14:36
  • Baku Bakı 16°C

Erməni müxalifətindən Sarkisyana ağır ittiham

06.05.16 10:37 1081
Erməni müxalifətindən Sarkisyana ağır ittiham
Ermənistanda dörd günlük müharibə və onun nəticələri ciddi narazılıqlara yol açmaqdadır. Getdikcə daha çox siyasi qurum, partiya və ictimai təşkilatlar narazılıqlarını kəskin şəklidə bildirməkdə davam edir. Bu dəfə "Demokratik Vətən” Partiyası hakimiyyəti kəskin tənqid edən bəyanatla çıxış edib. Bəyanatda vurğulanır ki, dördgünlük müharibə hakim rejimin köməksiz, miskin və əxlaqsız mahiyyətini ortaya qoydu.
"Ən əsası, 20 ildə Qarabağı və oradakı qüvvələri nəzarətdə saxladıqları barədə miflər dağılmış oldu. Bizləri necə aldatdıqları bəlli oldu. Yalan şüarlarla xalqı aldadan rejim bütün seçkiləri saxtalaşdırıb. Bu qüvvələr 2004-cü ilin aprelində "Baqramyan” meydanında "Üzük” adlı əməliyyat keçirdi. 2008-ci il martın 1-də isə seçkilərin nəticələrinə etiraz edənləri gülləbaran etdi. Bütün bunlardan sonra cəmiyyətin böyük bir hissəsi, o cümlədən siyasi müxalifət hesab edirdi ki, Qarabağın və Ermənistanın təhlükəsizliyinin təminatçısı olan ordu "dedovşina”nın yüksək olmasına baxmayaraq, korrupsiya və qarətlərin yer almadığı bir sahədir. Serj Sarkisyan hər dəfə Azərbaycanın yeni silahlar alması ilə bağlı xəbərlərdən narahat olanlara deyirdi ki, narahatlıq üçün əsas yoxdur. Və beynimizi doldururdu ki, orduya vəsait tək büdcədən deyil, kənar yollarla da daxil olur. Nəticə necə oldu? Bəli oldu ki, Serj Sarkisyan növbəti dəfə xalqı aldadıb. Bir sıra siyasi xadimlər hesab edirdi ki, dördgünlük müharibədən nəticə çıxarıb, mobilləşib hökumətə yardım göstərmək gərəkdir - onlar yanıldıqlarını dərk etməyə başlayıblar. Bunu təsdiq edən Razdanda qubernator seçkiləridir. Hakimiyyət bütün resurslarını işə salıb güc yolu ilə nəticələri saxtalaşdırdı. Hakimiyyət müxalifəti Azərbaycanın maraqlarına uyğun fəaliyyət göstərməkdə ittiham edirdi. İndi isə bəlli olur ki, onun özü 20 il ərzində düşmənimizin maraqlarına uyğun fəaliyyət göstərib. Məhz hakimiyyətin yarıtmaz siyasətini görüb, Qarabağa hücum edərək onu ələ keçirmək istədilər” - deyə bəyanatda qeyd edilib.
Ölkədən 10 mlrd. dollar çıxarılıb
Bəyanatda daha sonra bildirilir ki, yaranmış vəziyyətdən yalnız bir çıxış yolu var – xalqı real müxalifət və maraqlı vətəndaşlar ətrafında birləşdirmək. Bundan sonra isə hakimiyyət qarşısında bir sıra tələblərin yerinə yetirilməsi qoyulmalıdır – Ordunu yeni, müasir silahlarla təchiz etmək, son bir neçə il ərzində ölkədən çıxarılan 10 mlrd. dolların müəyyən mərhələdə 500 mln. dollarını buna cəlb etmək. Polis sistemində islahatlar aparmaq və müqavilə əsasında onları Müdafiə Nazirliyində işə cəlb etmək. Hərbi polisi ləğv etmək və resursları Müdafiə Nazirliyinə cəlb etmək. Sonda isə müxalifət və siyasi qüvvələrin iştirakı ilə etimad hökuməti yaratmaq gərəkdir. Bu hökumət də yuxarıda qeyd olunan tələblərin reallaşmasının təminatçısı qismində çıxış edəcək.
Beləliklə, qeyd olunan bəyanat Ermənistan cəmiyyətində narazılıqların hansı həddə olduğunun göstəricisi sayıla bilər. Ordunun cəbhə zonasında yarıtmaz fəaliyyəti, yeni silahların olmaması, korrupsiya və əsas müttəfiq hesab edilən Rusiyadan narazılıq cəmiyyətdə hökm sürən ab-havanı göstərməkdədir.
Hökumətdən ağılsız qərar
Yaranmış vəziyyətdə hakimiyyət nə edir? Axmaq və heç bir beynəlxalq hüquqi əsası olmayan addımlara əl atır. Söhbət separatçı "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinin hazırlanmasından gedir. Dünən Ermənistan hökuməti bu qanun layihəsinə rəy verib. Hökumət qondarma "DQR” ilə bağlı qanun layihəsini müzakirə edərək, parlamentə göndərib. Rəydə bildirilir ki, sözügedən qanun layihəsinin qəbulu "DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır. Separatçı rejimin tanınması barədə qanun layihəsi "İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqresi”ndən seçilən deputat Qrant Baqratyan tərəfindən irəli sürülüb. Qanun layihəsi Ermənistan Milli Məclisinin mayın 10-da keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.
"Ermənistan hakimiyyəti başını tamamilə itirib”
"Dağlıq Qarabağ Respublikasının tanınması" barədə qanun layihəsinin Ermənistan hökuməti tərəfindən dəstəkləməsinə münasibət bildirən Azərbaycan millət vəkili Aydın Mirzəzadə BBC-yə açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti başını tamamilə itirib və nə etdiyinin fərqində deyil. "Mən heç də təəccüblənmərəm əgər səsvermədə hakim Respublika partiyasının üzvləri hökumətin bəyəndiyi layihənin əksinə səs versinlər” – deyən deputat əlavə edib ki, o, Ermənistan hökumətinin hər bir addımının bir-birilə ziddiyyət təşkil etdiyi fikrindədir.
Millət vəkili düşünür ki, qondarma "DQR”i tanımaqla Ermənistan Azərbaycana siyasi təzyiq göstərməyə çalışır və bununla öz problemlərini daha da artıracağını anlamış deyil. A.Mirzəzadə əlavə edib ki, bu addımı ilə Azərbaycanı danışıqlardan çıxaraq hərb yoluna üstünlük verməyə vadar etməsi və bunun Ermənistan üçün ağır nəticələr verəcəyini hökumət gözaltına almalıdır.
Ümumiyyətlə, münaqişə zonasında baş verən son proseslərdən sonra Dağlıq Qarabağın "müstəqilliyinin” tanınmasının nə qədər real olmasını şərh edənlər, belə bir qərarın Ermənistanın özü üçün dərin problemlər yaradacağı qənaətindədirlər. Belə ki, layihə səsvermədən keçərsə, böyük müharibəyə səbəb ola bilər. Ona görə də bu layihə parlamentdə yalnız qondarma rejimlə əlaqələrin möhkəmləndirilməsi kimi müzakirə oluna bilər. Ermənistanın böyük ümid bəslədiyi Rusiya da məsələyə münasibət bildirib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın "Qarabağ münaqişəsi tərəflərinin onsuz da kövrək olan atəşkəsi poza biləcək addımlardan” çəkinməsini gözlədiyini deyib. "DQR”in tanınması barədə layihənin Moskva ilə müzakirə edilib-edilmədiyi haqda suala Peskov belə cavab verib: "Xeyr, bu məsələ Moskva ilə müzakirə edilməyib”. "Biz bu kontekstdə qəbul edilən qərarları diqqətlə izləyirik. Və şübhəsiz, əvvəlki kimi hesab edirik ki, tərəflər kövrək atəşkəsi poza biləcək və Dağlıq Qarabağda eskalasiyaya aparıb çıxaracaq addımlardan çəkinməlidir” - deyə Peskov əlavə edib.
Yerevanın vaxt udmaq niyyəti
Ekspertlər hesab edir ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması deyilən bir reallıq yoxdur. Onlar hökumətin bu məsələyə ümumi yanaşmasını müəyyənləşdirmək istəyir, Ermənistanın son cəhdini Yerevanın vaxt udmaq niyyəti ilə əlaqələndirirlər. Ermənistan hesab edir ki, bununla Azərbaycana təzyiq etmək mümkündür. Onlar çox yaxşı anlayırlar ki, danışıqlar prosesi başladığı halda, buna çox aciz şəkildə gedəcəklər. Ona görə də Ermənistan hazırda bir az vaxt udmağa çalışır ki, təbliğatla insanların beynini zəhərləsin. Məsələnin əsas mahiyyəti məhz bundan ibarətdir. Yerevan sözügedən məsələnin Ermənistan üçün nə ilə nəticələnəcəyini yaxşı bilir. Bu qərar verilərsə, danışıqların üstündən xətt çəkilmiş olacaq. Belə olan təqdirdə, Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etmək hüququndan bəhrələnə bilər. Bəs bu, Ermənistana lazımdırmı? Əlbəttə ki, yox.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər