• cümə, 19 Aprel, 18:24
  • Baku Bakı 24°C

Erməni müxalifəti seçkiləri boykot edir

14.11.18 17:06 628
Erməni müxalifəti seçkiləri boykot edir
Ermənistanda gələ ay keçiriləcək növbədənkənar parlament seçkiləri əksər partiyalar tərəfindən boykot edilib. Bir vaxtlar Sarkisyan rejiminin ən qatı əleyhdarı kimi tanınan Ermənistanın birinci prezidenti Levon Ter Petrosyan və onun lideri olduğu Erməni Milli Konqresi seçkilərdə iştirak etməmək qərarını verib. Bundan əlavə, Stepan Dəmirçiyanın rəhbərlik etdiyi Xalq Partiyası da prosesdə iştirakdan boyun qaçırıb. Aram Sarkisyanın rəhbərlik etdiyi Demokratik Partiya da onların ardınca hərəkət edərək, növbədənkənar seçkilərdə iştirak etməmək qərarına gəlib. "Biz indiki Konstitusiya və Seçki Məcəlləsi şəraitində seçkilərin keçirilməsini yolverilməz hesab edirik. Hər ikisi qeyri-demokratik prinsiplər əsasında qəbul edilib”, - deyə partiya sədri bildirib. Vazgen Manukyanın rəhbərlik etdiyi Milli Demokratik İttifaq da seçkilərə qatılmamaq qərarını verib. Bir vaxtlar Paşinyanla yaxın olan "İrs” Partiyası da qərarını qətiləşdirib – seçkilərə heç bir halda getməmək qərarı qəbul edib. Partiyanın sədri Raffi Ovanisyan bildirib ki, bununla bağlı qərar yekdilliklə qəbul olunub. "Biz hesab edirik ki, qarşıdakı seçki prosesi öz məzmun və proseduruna görə, tam şəkildə legitim olmalıdır. Biz ümid edirdik və gözləyirdik ki, müvəqqəti hökumət məxməri inqilabın bütün öhdəliklərinə əməl edəcək. Lakin bunun əksi oldu. Yeni rəhbərlik demokratik parlamenti seçməyin ən əsas öhdəliklərindən birini – Seçki Məcəlləsini dəyişmək istəmədi. Biz də partiya olaraq xalqımıza uğurlar diləyirik”, - deyə yayılan bəyanatda bildirilib.
Beləliklə, bir vaxtlar siyasi səhnənin əsas oyunçuları olan və öz "ulduz saatlar”ını gözləyən partiyalar indi çöküş mərhələsini yaşayırlar. Görünən odur ki, ölkədə vəziyyət dəyişib və bir zaman "güclü aktyorlar” hansısa səbəblər üzündən yeni vəziyyətə uyğunlaşa bilmirlər. Politoloq Armen Baqdasaryan hesab edir ki, son altı-yeddi ay ərzində ölkədə proseslər o qədər sürətlə və gözlənilməz şəkildə inkişaf edib ki, siyasi qüvvələrin bir qismi qısa zaman kəsiyində yeni reallıqlara adaptasiya oluna və hansısa taktika və strategiya qurmağa müvəffəq olmadılar. Lakin Baqdasaryan "Sputnik Armeniya”ya müsahibəsində ehtimal edib ki, gələcəkdə siyasi sistem formatını dəyişə və bu səbəbdən də adları çəkilən qüvvələr yeni konfiqurasiyada öz yerlərini tapa bilər. "Mən bu qüvvələrin motivasiyasını başa düşürəm. Lakin onların seçkilərdən imtina qərarını düzgün saymıram. Heç bir partiya nəticələrdən qorxmamalıdır. Heç olmasa, öz imkan və resurslarını bilmək üçün seçkilərdə iştirak etmək lazım idi”, - deyə o fikrini tamamlayıb. Siyasi texnoloq Armen Badalyan isə Erməni Mili Konqresi və digər partiyaların seçkilərdə iştirak etməməsini onların rəqabətə davam gətirə bilməməsi ilə izah edib. O ki qaldı Levon Ter-Petrosyanın qərarına - ekspert hesab edir ki, Paşinyan çox istəyərdi ki, Petrosyana rəqib olsun. Onun sözlərinə görə, Petrosyanla Paşinyanın yolları çoxdan ayrılıb: "Vaxtilə Paşinyan Erməni Milli Konqresinin deputat siyahısında təmsil olunub. İndi isə onlar tamamilə fərqli qüvvələrdir. Sadəcə, bir halda biz, bir şəxsin yüksək reytinqi, digərində isə gündəmdən düşən birini müşahidə edirik. Erməni Milli Konqresinin seçiciyə deməyə heç bir sözü yoxdur”. "Qolos Armenii” qəzeti isə hakimiyyəti öz opponentlərinə qarşı inzibati resurslardan istifadə etməkdə ittiham edib. Nəşr yazır ki, növbədənkənar seçkilər ona görə keçirilir ki, bu, hazırkı hakimiyyətə gərəkdir. Qarşıdan gələn seçkiləri hakimiyyətin yerdə qalan siyasi səhnəyə qarşı qəsdi adlandırmaq olar.
Yeri gəlmişkən, Paşinyan əsas rəqibi hesab etdiyi şəxslərə qarşı təzyiqlərə ara vermir. Bəlli olub ki, Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinə yeni ittihamlar əlavə edib. Bunu Koçaryanın vəkili Ovanes Xudoyan deyib. O bildirib ki, daha əvvəl Koçaryana qarşı irəli sürülən ittihamlarda dəyişikliklər edilərək müəyyən elementlər əlavə olunub. Lakin onların sırasında sürpriz olan yeni "ifşalar” yoxdur. "Cinayət işinə yeni əlavələr edilib, amma ittihamların mahiyyətində dəyişiklik yoxdur. Onlar elə eyni maddələr üzrə irəli sürülən ittihamlardır”, – deyə Xudoyan vurğulayıb. Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur. Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüz milyonlarla dollar gəlir əldə etdiyini, həmçinin, Koçaryanın Yerevandakı "Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlayacağını bildirib. Erməni mətbuatı yazır ki, Koçaryanın maliyyə maxinasiyalarının üzə çıxarılmasında dəlillər sarıdan məhdudiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan, daha çox informasiyaya çıxış əldə etmək üçün sabiq prezidentin yaxın ətrafı və biznes ortaqlarına qarşı təzyiq və təhdidlər üsuluna keçib.

Azər
banner

Oxşar Xəbərlər