• çərşənbə, 24 Aprel, 12:55
  • Baku Bakı 27°C

Erməni müxalifəti küçə mübarizəsinə başlayır

15.03.18 21:58 599
Erməni müxalifəti küçə mübarizəsinə başlayır
Ermənistan prezidenti Serj Sarkisyanın "parlament üsul-idarəsi” oyunu və baş nazirlik sevdasına qarşı çıxmağın yollarını arayan erməni müxalifəti küçə mübarizəsinə başlamaq niyyətindədir. Əsas aparıcı qüvvə qismində isə "Çıxış” bloku çıxış edir. Blok bəyan edib ki, Sarkisyanın baş nazir olmasına qarşı küçə mübarizəsi aparmaq barədə qəti qərar olmasa da, "Vətəndaş müqaviləsi” Partiyasının İdarə Heyətinin üzvləri Syren Papikyan və Vaaqn Ovakimyan Yerevan meriyasına aprelin 1-də və 3-də Azadlıq meydanında aksiya keçirməyə icazə verilməsi barədə məktub göndəriblər. Müraciətdə mitinqdən sonra küçə yürüşünün keçirilməsi də əks olunub. 1 aprel mitinqinin saat 15.00-dan 22.00-a qədər, 3 aprel mitinqinin isə saat 18-00-dan 22.00-a qədər keçirilməsi nəzərdə tutulub. Meriyanın rəsmi saytında bildirilib ki, məktubla tanış olublar. "Vətəndaş müqaviləsi” Partiyasının İdarə Heyətinin üzvü Vaaqn Ovakimyan "Radio Azatutyun”a bildirib ki, aksiyanın irimiqyaslı xarakter alması üçün aktiv fəaliyyət göstərəcəklər. "Vətəndaş müqaviləsi” Partiyasının rəhbərlərindən olan deputat Nikol Paşinyan bildirib ki, Serj Sarkisyanın gələcəkdə baş nazir kürsüsündə əyləşməsinin qarşısını yalnız xalqın təzyiqi ilə almaq olar. Onun sözlərinə görə, "Vətəndaş müqaviləsi” Partiyası "Çıxış” blokunda təmsil olunan tərəfdaş iki partiya - "Respublika” və "Çiçəklənən Ermənistan”a "yol xəritəsi” təqdim edib. Burada Serj Sarkisyanın üçüncü müddətə ölkəni idarəetməsinin qarşısının alınması əks olunub. Müxalifətçi deputatın qənaətincə, "hakim Respublika Partiyasının Serj Sarkisyandan başqa baş nazirliyə namizədi mövcud deyil. "Yol xəritəsi” mövcuddur və bu sənəd 14+4 gündəlik fəaliyyət planından ibarətdir. Bu plana görə, hazırda bizim qərarlarımız yoxdur. Təkliflər səslənib və biz onu müzakirə edəcəyik”. "İnsanların küçələrə çıxacaqmı” sualını cavablandıran N. Paşinyan bildirib ki, "siyasi fəaliyyət barədə qərarlar konsensus yolu ilə həlini tapır: "Əgər bizim bu məsələ ətrafında konsensusumuzun olmadığı bəlli olarsa, onda siyasi qurumlar ayrı-ayrılıqda qərar qəbul edə bilərlər. Bu zaman qərar birgə fəaliyyət yox, təkbaşına fəaliyyət olacaq”. "Belə olan halda, yəni konsensus olmadığı halda bu, "Vətəndaş müqaviləsi”nin təkbaşına azadlıq meydanına çıxması anlamına gəlirmi?” sualına N.Paşinyan "mən indi biz, siz, onlar demirəm –sxem belədir: bəli, nəzəri cəhətdən istisna deyil ki, bu partiyalardan ikisi-üçü küçə mübarizəsinin zəruri olması barədə qərar qəbul etsin və bu qrafiklə də hərəkət etsinlər. Ola bilsin mərhələli variant da olsun. Yəni blok prosesə başlayır, yerdə qalanlar da onu hansısa bir formada sonra dəstəkləsinlər. Mən hesab edirəm ki, Respublika Partiyası hər vasitə ilə Serj Sarkisyanın üçüncü müddətə ölkənin rəhbəri seçilməsini təmin etmək istəyirlər. Biz ötən il "Çıxış” blokunun səsləndirdiyi bəyanatdan çıxış edərək fəaliyyətə başlamalıyıq. Orada bildirilirdi ki, əgər proseslər bu ssenari ilə gedəcəksə, onda xalq bilməlidir ki, küçələrə çıxıb vəziyyəti dəyişə bilər. Mən hesab edirəm ki, biz məhz bu istiqamətdə fəaliyyət göstərməliyik”.
Blokun üzvü, "Çiçəklənən Ermənistan”ın nümayəndəsi Gevork Qorqisyan isə bildirib ki, əksəriyyət "Vətəndaş müqaviləsi”nin tərtib etdiyi "yol xəritəsi”nə qarşıdır: "Biz alternativ yanaşmalar təklif etmişik. Mütləq qaydada baş nazirliyə namizəd müəyyən etməliyik. Ölkənin bütün istiqamətlər üzrə inkişafını əks etdirən proqramla çıxış etməliyik”.
"İrs” Partiyasının funksioneri Armen Martirosyan isə hesab edir ki, Ermənistanda hər hansı siyasi sistemdən söhbət gedə bilməz. Partiyaların 99 faizi hakimiyyət tərəfindən yönləndirilir.
Yeri gəlmişkən, Ermənistanda hüquq müdafiəçiləri, fəallar Cinayət Məcəlləsinə təklif olunan antiterror maddəsindən narahatdırlar. Onların fikrincə, bununla hökumətin tənqidi kriminallaşdırıla bilər. Dəyişiklikdə yerli, yaxud beynəlxalq "terror cinayətləri”nin açıq şəkildə əsaslandırılması, təbliği və ya maliyyələşdirilməsinə görə 3 illik cəza nəzərdə tutur. Vanadzorda yerləşən Helsinki Vətəndaş Assambleyasının rəhbəriArtur Sakunts xəbərdarlıq edib ki, qanun qüvvəyə minərsə, hakimiyyət onun maddələrindən açıq debatlarda çıxış edən siyasi opponentlərini cəzalandırmaq məqsədiylə istifadə edə bilər. O, terrorla mübarizəyə qarşı çıxmadığını bildirib, ancaq qanunvericilikdə nəyin "terrorçuluq” sayılacağının aydın ifadə olunmadığını deyib. "Hökumət rəsmisinə qarşı hətta ən aşırı nitq belə, təqibə əsas verə bilməz”, - deyə Sakunts vurğulayıb. O, 2016-cı ildə polislə"Sasna Tsrer”silahlı qrupu arasındakı qarşıdurmanı yada salıb. O zaman qruplaşma Yerevanın Erebuni rayonunda polis məntəqəsini ələ keçirmişdi, məntəqəni iki həftədən çox əlində saxlayandan sonra təslim olmuşdu. O vaxtkı etirazlara silahlıların minlərlə tərəfdarı qoşulmuşdu, polislə toqquşmalar da olurdu. Hadisələrdə onlarla fəal saxlanmışdı. Sakuntsun sözlərinə görə, onda xeyli sayda "neytral” vətəndaş polis məntəqəsinə zorakı basqına qarşı çıxırdı və təklif olunan qanunvericiliyə görə, bu tip situasiyada həmin şəxslər də saxlana bilər.
Digər insan haqları fəalı,komitənin rəhbəriAvetik İşakhanyanda bu qanun layihəsinin "məqsədli tətbiq oluna biləcəyindən” narahatlıq bildirib.
Ədliyyə naziriDavid Harutunyanisə tənqidləri rədd edir: "Bu qanun layihəsi konkret kimə görəsə hazırlanmayıb. Ziddiyyətli görünə biləcək hər bir addımda digər ölkələrin təcrübəsini öyrənirik”. Nazir layihəni dəstəkləyənlərin vətəndaş cəmiyyəti, insan haqları fəallarının təkliflərini eşitməyə hazır olduğunu da söyləyib. Layihə hakim Respublika Partiyasının sponsorluğuyla hazırlanıb. Parlamentdə müzakirəyə çıxarılacağı halda, qəbul olunacağı gözlənir. Hakim koalisiyanın 105 yerlik parlamentdə 65 yeri var. Parlamentdəki "Çıxış” əsas müxalifət fraksiyasının cəmi 9 üzvü var, digər Tsarukyan müxalifət qruplaşması 31 nəfərlə təmsil olunur, amma onlar da adətən hökumətin dəstəklədiyi layihələrə səs verirlər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər