• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Erməni mətbuatı: İlham Əliyevin çıxışı praqmatik siyasi əsasa malikdir

12.02.18 19:18 1524
Erməni mətbuatı: İlham Əliyevin çıxışı praqmatik siyasi əsasa malikdir
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün ən böyük təminatçısıdır. Ali Baş Komandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərin yaşadıqları ərazilərə geri qayıtması üçün var gücü ilə çalışır. O, Azərbaycanın haqq işini ən yüksək səviyyədə, ən yüksək tribunalardan müdafiə edir, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Tarixi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini qətiyyətlə bildirən Prezident İlham Əliyev sülh danışıqlarından hələ ki, ümid kəsilmədiyini, Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə torpaqlarımızın hərbi yolla azad ediləcəyini, bayrağımızın Şuşada, Xankəndində, Kəlbəcərdə, Laçında dalğalanacağını birmənalı olaraq bəyan edir.

Fevralın 8-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı Prezident İ.Əliyev bir daha bu məsələ üzərində dayanıb, münaqişənin həllinə dair fikirlərini geniş ictimaiyyətə çatdırıb. O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır: "Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”.

Ali Baş Komandan İ.Əliyev onu da əlavə edib ki, tarixi torpaqlarımız da unudulmamalıdır. Prezidentin sözlərinə görə, bu, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, hazırda bu istiqamətdə iş görülür: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər Ermənistan cəmiyyətində böyük səs-küy yaradıb, siyasətçilər, ekspertlər arasında ciddi narahatlığa səbəb olub. Bununla yanaşı, Prezident İ.Əliyevin proqram xarakterli çıxışının Rusiya mediasında yer alması, təhlil edilməsi, üstəlik Ermənistanın işğalçılıq siyasətinin qınanılması sadə erməni vətəndaşlarına ciddi psixoloji sarsıntı yaşadıb. Misal üçün, bu günlərdə "Vestnik Kafkaza” nəşrində dərc olunan məqalədə (http://vestikavkaza.ru/news/Azerbaydzhantsy-dolzhny-vernutsya-na-istoricheskie-zemli.html) vurğulanıb ki, danışıqlar prosesinin tez bir zamanda başa çatması istiqamətində nə bir irəliləyiş var, nə də vasitəçi dövlətlər tərəfindən işğalçı Ermənistana qarşı təzyiq. İşğalçı dövlət nəinki 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, hətta Azərbaycana qarşı yeni hücum planlarına hazırlaşır, yeni ərazilər ələ keçirmək planını rellallaşdırmağa çalışır. Bu planın reallaşdırılması istiqamətində mütəmadi olaraq İrəvanda yerli erməni "qırğıları” çıxış edirlər. Məqalə müəllifi (http://kaspi.az/az/azerbaycanlilar-z-tarixi-torpaqlarina-qayitmalidirlar/) qeyd edib ki, Prezident İ.Əliyevin sözləri rəsmi Yerevana Azərbaycana qarşı hər hansı bir aqressiyaya yol verilməməsinə xəbərdarlıq kimi qarşılanmalıdır. Əgər Ermənistanın işğalçılıq siyasəti davam edəcəksə, Azərbaycan ordusu hücuma keçib öz işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Məqalənin sonunda vurğulanıb ki, əgər İrəvandakı "qırğılar” "Bakıya kimi getməyə” hazırdırlarsa, onda tarixi Azərbaycan torpaqlarına qayıtmaq barədə cavab bəyanatı təbii qarşılanmalıdır. Və Ali Baş Komandanın da qarşısında duran əsas vəzifə Konstitusiya ilə ona həvalə edilmiş sərhədlərin və vətəndaşlarının təhükəsizliyinin qorunub saxlanılmasıdır. Bütün bunlar isə Ermənistan tərəfindən təhlükə altındadır.

Ermənistanın "1in.am” saytında yer alan məqalədə isə (http://ru.1in.am/1213984.html) bildirilib ki, Azərbaycan Prezidenti İ.Əliyevin YAP-ın VI qurultayında səsləndirdiyi bəyanatlara rəsmi İrəvan tərəfindən qeyri-adekvat reaksiya verilib. Qeyd olunub ki, İ.Əliyevin çıxışında seçkiöncəsi komponent olsa da, bu, Ermənistan dövlət orqanları və ekspertlərinin Azərbaycan prezidentinin bu çıxışına soyuqqanlı yanaşmaq fikrindən uzaq durmaq üçün səbəb olmamalıdır: "Əliyevin çıxışının analizi göstərir ki, onun sözlərində güclü təbii artım və ardıcıllığa malik türk elementinin nə vaxtsa Ermənistan Respublikasının yerləşdiyi əraziyə qayıda biləcəyinə dair əminlik var. Bizim hakimiyyət inkar edir ki, Əliyevin əminliyinin mənbəyində ölkəmizin biabırçı durumu və dağıdıcı emiqrasiya dayanır. Keyfiyyətsiz və cinayətkar idarəçiliyin hər ötən günü Əliyevin inamını artırır, Ermənistanı tərk edən hər bir kəs bununla özü də dərk etmədən türk elementinə daha bir qapı açır. Belə davam etsək, Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik hər birimizin evinə girəcək. Əliyevin çıxışının aqressivliyi hakimiyyət nümayəndələrimiz üçün xoş olmasa da, praqmatik siyasi əsasa malikdir. Bu, dövlətin institusional və perspektiv iflası şəkildə boşaldılan Ermənistandır”.

Sözügedən məqalədə vurğulanıb ki, Ermənistan hakimiyyət nümayəndələrinin sərt bəyanatlarının məqsədi apardıqları siyasətin iflasını ört-basdır etməkdir. Bildirilib ki, Azərbaycan prezidentinin əminliyinin səbəbi Ermənistanın çökməsinin davam etməsi, habelə milli gündəmin və idealların olmamasıdır.

Heç şübhəsiz rəsmi Bakının bu siyasəti bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir. Ali Baş Komandanın vurğuladığı kimi, Azərbaycan bütün imkanlardan, o cümlədən hər gün artan gücündən, iqtisadi potensialından, siyasi imkanlarından, hərbi qüdrətindən istifadə edib Dağlıq Qarabağ problemini həll edəcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər