Erməni memarın etirafı: “İrəvanda ermənilər yaşamayıb”
Rusiyalı videoblogger İlya Varlamov müxtəlif şəhərlərdən
reportajlar təqdim etməsi ilə tanınır. Onun növbəti belə videosu Ermənistanın
paytaxtı İrəvan şəhərindən olub.
Trend-in məlumatına görə, reportajda maraq çəkən məsələ
isə Aqnessa adlı erməni memarın dedikləridir. Bəlkə də ilk dəfədir ki, Ermənistanın
özündə kimsə açıq şəkildə İrəvanda əvvəllər ermənilərin yaşamadığını deyir və həqiqəti
deməkdən çəkinmir. Videoda İrəvanın mərkəzi hissəsində çəkiliş zamanı memar ermənilərin
əvvəllər bu şəhərə yalnız alış-veriş üçün gəlib getdiklərini, digər millətlərlə
müqayisədə azlıq təşkil etdiklərini deyir.
Təəssüf ki, memar "digər” dedikdə azərbaycanlıların
adını çəkmir. O, şəhərin sovet dövründə tamamilə yenidən erməni memar tərəfindən
qurulduğunu deyir. Aydındır ki, burada söhbət İrəvanın xanlığına xas olan
memarlıq nümunələrinin məhv edilib üzərində yeni şəhərin salınmasından gedir.
Elə Varlamov da videosunda İrəvanın heç tarixi mərkəzinin olmamasına diqqət çəkir.
Çünki bu tarixi mərkəz çoxdan dağıdılıb.
Xatırladaq ki, İrəvanın Ermənistana güzəşt edilməsindən
102 il keçir. 1918-ci il iyunun 4-də imzalanan müqaviləyə görə, Dağlıq Qarabağ
iddialarından əl çəkmək qarşılığında İrəvan Ermənistana verilib.