• cümə axşamı, 25 aprel, 13:06
  • Baku Bakı 23°C

Erməni mediasından baş nazirə sərt suallar

26.11.19 17:40 875
Erməni mediasından baş nazirə sərt suallar
"Hanı vəd edilən investisiya bumu, iqtisadi sıçrayış?

Ermənistanda növbədənkənar parlament seçkilərinin ildönümü ərəfəsində yerli media baş nazir Nikol Paşinyanın bir neçə suala cavab verməsi tələbi ilə çıxış ediblər. "İldönümlə bağlı hakimiyyətə bir neçə sual ünvanlamaq istəyirik. Vəd edilən investisiya bumu? Hanı iqtisadi sıçrayış? Əksəriyyətin xoşbəxt olacağı vədi? Ümumdaxili məhsulun həcmi əvvəlki hakimiyyətin dövründəki rəqəmlərdən də aşağıdır. Məgər inqilabı buna görəmi etmişdik” - deyə "Qolos Armenii” yazır. Müəllifin yazdıqlarına görə, Nikolun "yoxsulluq həddini əvvəlcə beyinlərdən başlayaq aşağı salmalıyıq” sözləri ilə bağlı xalq arasında çox maraqlı və acı bir zarafat yaranıb: "Bu zarafat da ondan ibarətdir ki, yoxsulluğu yalnız bir nəfərin beynində aşmaq mümkün olub. Və bu baş da hər gün büdcədən milyonlarla pulu öz şəxsi ehtiyacları üçün ödəyir”. Müəllif əlavə edir ki, qeyri-bərabər şəkildə (siyasi qüvvələrin əhaliyə öz proqramları ilə tanış etmək imkanları məhdud olub-müəl) keçən növbədənkənar parlament seçkilərində seçicilərin yalnız 40 faizi iştirak edib. "Dövlət idarəçilik sisteminin açıq defoltu göz önündədir və səbəb də aydındır: dövlət maşını normal şəkildə öz funksiyasını həyata keçirə bilmir. Bütün idarəçilik sistemi bir nəfərin iradəsinə tabe edilib, parlament çoxluğu isə siyasi fikir irəli sürməkdən məhrumdur”, - deyə müəllif fikirlərini bölüşüb.
Politoloqlar bildirirlər ki, idarəçilik sistemindəki yarıtmaz fəaliyyət milli təhlükəsizliyə ciddi təhlükə yaradır. "Bu təhlükəni biz hakimiyyətin ən yüksək səviyyələrində - parlament idarəçiliyindən tutmuş yerli idarəçilik sistemində müşahidə edirik. Parlament çoxluğu barədə o məlumdur ki, onlar artıq deputat turizminin bütün rekordlarını qırıblar. "Mənim addımım” deputat fraksiyasının yarıdan çoxu, qəzetlərdən birinin də bu yaxınlarda qeyd etdiyinə görə, baş nazirin çıxışları zamanı özlərini əlaçı məktəblilər kimi aparırlar. Bu gün Avropa paytaxtlarının ən bahalı və prestijli otellərində "Mənim addımım” fraksiyasının deputatlarına rast gəlmək mümkündür. Cənablar həyatdan tam ləzzət alırlar. Bunlardan vergiödəyicilərinin mənfəətləri sıfıra bərabərdir. Növbədənkənar parlament seçkilərindən sonra kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə ən çox yayılan xəbərlər fraksiyanın Soros qanadına parlamentin spikerinin necə rəhbərlik etməsi ilə bağlıdır”, - deyə "Qolos Armeniya”nın yazarı vurğulayıb. Müəllif əlavə edir ki, bu gün parlament çoxluğu bütün diqqəti yalnız və yalnız Nikolun şəxsiyyətinə pərəstişinə yönəldib. Eləcə də, "Vernatun” klubunda keçirilən müzakirələr yalnız və yalnız bu mövzuda olur. Təsadüfi deyil ki, bu çıxışlardan sonra klubu alternativ parlament, hətta alternativ hökumət adlandıranlar da var. Bu da aydındır: siyasi səriştəsizlik və savadsızlıq hər zaman elm, bilik və təcrübəyə qarşı olub.
Müəllif qeyd edir ki, o dövr Nikol bütün qanunları pozaraq seçki prosesini tezləşdirib. Oktyabrın 2-də parlamentin ələ keçirilməsi baş verdi və bundan sonra bəlli oldu ki, Paşinyanı aktiv şəkildə tez bir zamanda növbədənkənar parlament seçkiləri keçirməyə vadar edirlər. Elə həmin gün inqilab lideri "Çiçəklənən Ermənistan” və "Daşnaksütyun” nümayəndələrinin hökumətdən istefaları barədə qərara imza atdı. Bununla da göstərmək istədi ki, əvvəllər əldə olunan razılaşmalar fəaliyyət göstərmir”.
Maraqlıdır ki, bütün bu ittihamların fonunda N.Paşinyan indi də ölkəni metal zibillərindən təmizlənməsi kampaniyasına başlamağa çağırıb. Son iki ay ərzində ölkənin 11 min köhnə avtomobildən təmizləndiyini deyib. Bu da baş nazirə qarşı növbəti tənqidlər səsləndirilməsinə səbəb olub. Qeyd edək ki, ölkəni artıq bir çoxları köhnə avtomobillərin "qəbirstanlığı” adlandırır.
Erməni mediası həmçinin, Paşinyan hakimiyyətinin yaxınlıq etdiyi "Sasna Çrer” qruplaşmasının iqtidara təhlükə olmasından da yazır. ""Amulsar” yatağı məsələsi çoxdan həll edilib, onun yenidən işlənməsinə başladılması ilə hakimiyyət problemi həll ediləcək”. Bu bəyanatı "Sasna Çrer” Partiyası yayıb. "Amulsar” məsələsi ümummilli səviyyədə həll edilib və artıq qapanıb. Onun yenilənməsi cəhdi ümumerməni miqyasında müqavimətə səbəb olacaq və hakimiyyət böhranına gətirib çıxaracaq”, – bəyanatda bildirilib. Qeyd edək ki, "Amulsar” Ermənistanın ikinci ən böyük qızıl yatağıdır. Rəsmi Yerevan yatağı Britaniyanın "Lidian” şirkətinə vermək və onun yenidən istismarına başlamaq istəyir. Hökumətin bu addımına qarşı yatağın yaxınlığında yerləşən yaşayış məntəqələrinin əhalisi çıxış edir. Onlar bu yatağın işlənməsinin bölgədə ekoloji fəlakət yaradacağını, bölgənin turizm imkanlarına mənfi təsir göstərəcəyini düşünürlər.
Öz növbəsində "İşıqlı Ermənistan” ölkədə siyasi təzyiq hallarının artmasından narahatlığını ifadə edib. Bildirilir ki, hazırkı hakimiyyət məhkəmələrin bloklanmasından tutmuş, 1 mart hadisələrini araşdıran hakim Anna Danibekyana, parlament aparatı sədrinin müavini Arsen Babayana təzyiqlərə sərt addımlara atır. Partiyanın sədri (həm də eləcə də, onun parlament fraksiyasının sədri) Edmon Manukyan keçirdiyi mətbuat konfransında üçüncü prezident Serj Sarkisyanın Zaqrebdə Avropa Xalq Partiyasının qurultayında etdiyi çıxışı da şərh edib. "Əgər siyasi təqiblər konkret şəxsə qarşı başlayacaqsa, biz müvafiq bəyanatlar verəcəyik”, - deyə Marukyan bəyan edib. Xatırladaq ki, eks-prezident çıxışında Ermənistanda demokratik və konstitusiya normalarının pozulduğunu bəyan edib. Onun qənaətincə, məhkəmə hakimiyyətinin funksiyaları pozulub və siyasi təqiblər həyata keçirilir. Dözümsüzlük və nifrət isə narahatçılıq doğuran miqyasa yüksəlib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər