• cümə axşamı, 28 mart, 13:10
  • Baku Bakı 16°C

Erməni mafiyası ABŞ və Avropa üçün təhlükəyə çevrilir

16.03.17 09:00 926
Erməni mafiyası ABŞ və Avropa üçün təhlükəyə çevrilir
Erməni cinayətkar şəbəkəsi Qərb dövlətləri üçün əməllicə baş ağrısına çevrilməkdədir. Dəfələrlə erməni mafiyasının çirkin maxinasiyaları, fırıldaqçı şəbəkələri barədə xəbərlər mətbuat səhifələrinə düşüb. Bu dəfə isə onların ABŞ-da cinayətkar fəaliyyəti barədə məlumat yayılıb. ABŞ və Rusiyaxəbər saytlarının xəbərlərinə görə, "Citadel” kimi tanınan ziyanlı kompyüter proqramlarını təkmilləşdirməkdə ittiham edilən Rusiya vətəndaşı Mark Vartanyan Atlanta məhkəməsi qarşısına çıxarılıb. O, təqsirsiz olduğunu bildirsə də, ABŞ sahə prokuroru Con Horn deyib ki, "Kolypto” ləqəbi ilə də məşhur olan Vartanyan kompyüter dələduzluğunda ittiham edilərək 2016-cı ilin dekabrında Norveçdən ABŞ-a ekstradisiya olunub. Horn jurnalistlərə deyib ki, söhbət "Troyan” tipli kompyüter viruslarının təkmilləşdirilməsindən gedir. "Citadel” proqramı maliyyə və şəxsi məlumatların oğurlanması məqsədilə kompyüter sistemlərini yoluxdurmağa hesablanıb. Xəbər verilir ki, 2011-ci ilin əvvəllərindən "Citadel” proqramı kiberkriminalların tez-tez baş çəkdikləri rusdilli internet resursunda satışa çıxarılmışdı. Vartanyan bu proqramı 2012 və 2014-cü illər arasında inkişaf etdirərək dünya boyunca 11 milyon kompyüterin yoluxdurulmasına və sənaye təxminləri də daxil 500 milyon dollar itkiyə səbəb olub. Prokuror deyib ki, 2014-cü ildə Norveçdə həbs edilmiş Vartanyan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa razılaşıb. Bu da xəbər verilir ki, Vartanyan "Citadel” ziyanlı kompyüter proqramı ilə bağlı məsuliyyətə cəlb olunmuş ikinci rusiyalıdır. Rainerfox ləqəbi ilə tanınan 22 yaşlı peterburqlu Dmitri Belorossov 2015-ci ildə kompyüter dələduzluğu ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Prokuror Atlantanın "Channel 2” televiziyasına deyib ki, Vartanyan ilk məhkəmədə təqsirini qəbul etməsə də, gələn həftə keçiriləcək dinləmədə etiraf bəyanatı verməyə hazırlaşır. Norveç 2016-cı ildə Mark Vartanyanı Birləşmiş Ştatlara ekstradisiya edərkən Moskva bu xəbərə acıqlı reaksiya vermişdi. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovabildirmişdi ki, Vartanyana qarşı ittihamlar "siyasi motivlidir” və ekstradisiya qərarı Moskva-Oslo münasibətlərinə ciddi ziyan vuracaq.
Özü də bu, ermənilərlə bağlı qeydə alınan tək fakt deyil. Məsələn, hələ də Los Anceles Federal Məhkəməsində 38 yaşlı Mger Darbinyanın işi üzrə dinləmələr gedir. Proses iki ildir ki,davam edir. O, mütəşəkkil cinayətkarlıq fəaliyyəti məqsədilə sövdələşmə və hədələməklə pul qoparmaq, bank fırıldaqçılığı və kredit kartları ilə fırıldaqçılıq, fərdi məlumatların oğurlanması və daha əvvəl mühakimə olunduğu səbəbindən qadağan olunmuş odlu silah saxlamaq da daxil olmaqla, ittihamnamənin 57 bəndi üzrə müqəssir tanınıb. Kaliforniya Mərkəzi Dairəsi prokurorluğunun bəyanatında deyildiyinə görə, Darbinyan həmçinin həbsxanada olarkən Meksika mafiyası üzvləri ilə birgə cinayətkar fəaliyyətlə məşğul olub. Darbinyanı (həmçinin "Capone”, "Caps” və "Hollywood Mike”) əsasən ermənistanlı gənc mühacirlərdən ibarət və 200-250 nəfər təşkil edən "Erməni gücü” (EG) cinayətkar dəstənin başçısı adlandırırlar. Federal Təhqiqat Bürosu, polis və bir sıra başqa idarələr "Elektrikin kəsilməsi” adlı əməliyyat çərçivəsində beş il müddətində "EG”nü tədqiq ediblər. 2011-ci ildə hakimiyyət dəstənin 100 üzvünə qarşı oğurluq, hədələmə ilə pul qoparmaq, qeyri-qanuni qumar oyunları, bir neçə növ fırıldaqçılıq və narkotik alverində ittiham edərək cinayət işi qaldırıldığını elan etmişdi. Prokurorluq bunun ABŞ tarixində bu qəbildən olan işlərdən, ən böyüyü olduğunu bəyan edib. Tək böyük erməni icması olan Kaliforniyada deyil, həmçinin Denverdə və Mayamidə də həbslər olub. O vaxtdan 85 müttəhim mühakimə olunub. "Ararat” Amerika jurnalının yazdığına görə, EG əzəldən qətl, insan oğurluğu, soyğunçuluq, şahidləri qorxuzmaq və müxtəlif fırıldaqlarla məşğul olub. Öncə az tanınan dəstə vaxtı gələndə "kredit kartları ilə çoxmilyonlu fırıldaqlar qarışdırmaq və fərdi məlumatlar oğurlamağa qadir olan beynəlxalq sindikata çevrilib”.
"Bu qəbildən olan cinayətkar təşkilatlar öz icmalarının üzvlərinə qarşı hədələmə ilə pul qoparmaq, oğurluq və zorakılıq tətbiq edərək başqa cinayətlərə əl atmağa hazırdırlar”, - deyə EG-yə qarşı cinayət işi açıldığını elan edərkən, Los Anceles federal prokuroru Andre Birotte bəyan edib. Bu iş üzrə elan olunan ittihamedici sənəd 212 səhifə təşkil edirdi. Prokurorluğun müdafiə tərəfinə təqdim etdiyi sübutedici baza 500 min səhifədən və 50 söhbət yazısından ibarət olub. Özü də təhqiqatlar göstərib ki, erməni mafiyası tək ABŞ-ın deyil, Almaniyanın da ən iri kriminal qruplaşmalarından biridir. Qruplaşmanın bütün ölkə boyu yayılmış şəbəkəsi var. Ermənilərin Çexiya, Hollandiya, Belçika, İspaniya, İtaliya və Amerikada da mafiya qrupları mövcuddur. Erməni mafiyası Almaniyada adam oğurluğu, narkoticarət, qadın alveri, reket və digər cinayətlərlə məşğul olur.
Bütün bunlar onu deməyə əsas verir ki, erməni cinayətkar şəbəkələr Qərb dünyası üçün təhlükəyə çevrilir. Özü də dəfələrlə qeyd edildiyi kimi, bu cinayətkar şəbəkə Ermənistandakı hakim rejim ilə sıx əlaqədədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər