• çərşənbə axşamı, 23 aprel, 19:23
  • Baku Bakı 20°C

Erməni liderlərin şərəf davası

25.09.18 18:21 517
Erməni liderlərin şərəf davası
Ermənistanın ikinci prezidenti Robert Koçaryan şərəf və ləyaqət təhqir olunması ilə əlaqədar hazırkı baş nazir Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb. Bu barədə Ermənistanın məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Koçaryanın Paşinyana qarşı şikayət ərizəsi 17 sentyabrda məhkəmə tərəfindən qəbul edilib. Lakin Paşinyanın məhz hansı təhqiredici ifadəsinin Koçaryanın məhkəməyə şikayət etməsinə zəmin yaratdığı məlum deyil. Keçmiş prezidentin məhkəmədəki təmsilçisi Ayk Arumyan isə bildirib ki, Koçaryan baş naziri Paşinyanın Fransada səfərdə olarkən səsləndirdiyi bəyanata görə məhkəməyə verib. Belə ki, Parisdə Fransadakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşən Nikol Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısı ilə bağlı danışarkən Robert Koçaryanın da adını çəkib. Paşinyanın Koçaryanın məhkəməyə şikayət etməsinə səbəb olan ifadəsi budur: "Koçaryan deyir ki, mən toxunulmazam. O, nə deməkdir ki, toxunulmazam? Yəni insanların qətlini təşkil etmək və sonra da "mən toxunulmazam” demək olar? Belə şey harada yazılıb?”.
Qeyd olunur ki, bu sözlərilə Paşinyan özünü "məhkəmə” hesab edərək, dolayısı ilə Koçaryanı cinayətkar adlandırıb və sabiq prezidentin şəxsiyyətini alçaldıb. İndiyədək isə Paşinyan 2008-ci ilin mart hadisələrilə bağlı fərqli yanaşma sərgiləyərək, bu barədə yalnız istintaq orqanları və məhkəmələrin sübutlara əsaslanaraq qəti qərar vermək səlahiyyətləri olduğunu bəyan edirdi. O da istisna edilmir ki, Koçaryanın şikayət ərizəsində Paşinyanın digər ifadələri də yer alıb. "1in.am” saytı isə yazır ki, Koçaryanın Paşinyanı məhkəməyə verməsinə səbəb baş nazirin eks-prezidenti "siyasi meyit” adlandırması olub. "Bu ehtimal da ola bilər. Ola bilsin Paşinyanın səsləndirdiyi hansısa fikir ona xoş gəlməyib”. Saytda dərc olunan məqalədə bildirilir ki, məhkəmə iddiası Yerevan Ağsaqallar Şurasına keçirilən seçkilərdə Paşinyanın dəstək verdiyi namizədin 81 faiz səs toplamasından sonra baş verir. Qeyd edək ki, qələbə eyforiyasını yaşayan baş nazir ABŞ səfəri zamanı bildirib ki, Yerevana dönən kimi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini gündəmə gətirəcək. Lakin Paşinyanın parlamentdəki əsas əleyhdarları baş nazirin bu planı ilə razı deyillər. Ermənistan Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan yeni parlament seçkiləri keçirmək üçün əsas olmadığını bildirib. Deputat hesab edir ki, əsas məsələ Seçki Məcəlləsinə dəyişikliklər olmalıdır. "Mən hesab edirəm ki, bizim növbədənkənar seçkilərdən də vacib məsələlərimiz var”, - deyə fraksiya rəhbəri bildirib.
Yeri gəlmişkən, paytaxt merliyini ələ keçirən Paşinyan rəqiblərinə qarşı siyasi terroru gücləndirmək qərarı qəbul edib. Bu dəfə hədəf Ermənistan polisinin rəis müavini general-leytenant Levon Yeranosyan olub. Ötən gün o, Xüsusi İstintaq Xidmətinə çağırılıb. Onun nəyə görə çağırıldığı açıqlanmayıb. "Shamshyan.com” saytı Yeranosyanın sorğusunun bir neçə saat davam etdiyini yazıb. Qeyd edək ki, Yeranosyan 2008-ci il qırğınları zamanı erməni ordusunun 3-cü korpusunun rəhbəri olub. Polisin rəis müavini vəzifəsinə isə o, 2012-ci ildə gətirilib. "Joxovurd” qəzeti isə maraqlı bir informasiya ilə çıxış edib. Qəzet yazır ki, Ermənistan hökuməti 3-4 ay öncə başlatdığı cinayət işlərini qapatmağa başlayır. "İnqilabdan sonra yeni hökumət korrupsiya ilə bağlı bir sıra məsələləri açacağı ilə bağlı öhdəlik götürüb. Buna görə də general Manvel Qriqoryan, Sarkisyanın mühafizəçisi Vaçaqan Kazaryan həbs edildi, onun qardaşlarına qarşı ittihamlar irəli sürüldü. Bizə bəlli olan məlumata əsasən, adı çəkilən şəxslərdən yalnız Manvel Qriqoryan hazırda həbsdə saxlanılır, digər şəxslər isə azadlığa buraxılıb. Maraqlıdır, görəsən, niyə 3-4 ay əvvəl başladılan cinayət işlərinə yekun vurulub, məhkəməyə göndərilməyib?” – deyə qəzet bildirib.
Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyanın səriştəsizliyi, populist bəyanatları Ermənistanı dərin siyasi böhrana sürükləməkdədir. Hakimiyyət hələ də anlamaq istəmir ki, Dağlıq Qarabağ problemi çözülməyənə qədər Ermənistanda iqtisadi və siyasi böhran da həllini tapmayacaq. Bundan əlavə, ölkənin xaricdəki nüfuzu aşağı düşməkdədir. Vəziyyət dəyişməyib və Ermənistan əvvəlki tək kimdənsə nəsə ummaq statusundadır. Bu isə dilənçilik siyasətindən başqa bir şey deyil. Bu cür ölkəni və onun başçısını da hazırda heç kəs ciddi qəbul etmir. Paşinyan isə hələ də real vəziyyəti dərk edib, bundan nəticə çıxarmır. Götürək onun ABŞ səfərini. Düzdür, ötən il Sarkisyanın da ABŞ səfəri uğursuzluqla nəticələnmişdi. Ancaq Paşinyandan fərqli olaraq, Sarkisyanı heç olmasa Dövlət Departamenti rəhbərinin müavini qəbul etmişdi. Paşinyanı heç onlar da qəbul etmir. Sözsüz ki, burada Paşinyanın Rusiyaya yönəlik bəyanatlar səsləndirməsi, eləcə də, Suriyaya hərbi heyət göndərmək qərarı, eləcə də Ermənistan ərazisindəki Rusiya hərbi bazası ilə bağlı hər hansı bir fikir səsləndirməməsi böyük rol oynayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyanın ikibaşlı oyunu artıq fiaskoya uğramaqdadır.

Azər

banner

Oxşar Xəbərlər