• çərşənbə axşamı, 19 mart, 12:06
  • Baku Bakı 8°C

Erməni katolikosunun xalqını müharibəyə səsləməsi ilk dəfə deyil - Elm Tarixi İnstitutu

29.10.20 11:00 443
Erməni katolikosunun xalqını müharibəyə səsləməsi ilk dəfə deyil - Elm Tarixi İnstitutu
Erməni katolikosu II Qareginin erməni xalqını müharibəyə səsləməsi heç də təsadüfü deyil və bunun tarixi kökləri var. Əslində, bu addım erməni katolikosluğunda ilk dəfə deyil, lakin bu dəfə sərgilədikləri terrorizm ifadələri öncəkilərdən bəzi xüsusiyyətinə görə fərqlənir.
Bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.
Onun sözlərinə görə, erməni kilsəsi tarix boyu ermənilərin həyata keçirdikləri terror siyasətinə dolayı yolla dəstək göstərib.
Tarixçi qeyd edib ki, tarixi erməni dövləti olmadığına görə erməni katolikosları hansı ölkənin tərkibində yaşayırdılarsa, (Azərbaycanda əsasən Elxanilər, Səfəvilər, Qacarlar dövlətinin, Türkiyədə Səlcuqlar və Osmanlıların) həmin dövlətlərin yüksək vəzifəli məmurlarına məhz keşişlər vasitəsi ilə təsir edərək öz terror siyasətini həyata keçirirdilər. Məsələn, İrəvan xanlığına ermənilərin köçürülməsində Eçmiədzin keşişlərinin böyük rolu olub. İrəvan xanının oğluna yaxınlıq göstərən keşişlər məhkəmələri onların xeyrinə qərar çıxarmağa nail olurdular. Bu proses sovetlər dövründə də davam etdi. Həm XX əsrin 30-cu illərində azərbaycanlıların kütləvi repressiyası zamanı, həm də 80-ci illərin sonu 90-cı illərin əvvəllərində başda Sumqayıt hadisələri olmaqla Qarabağda terror əməllərinin gerçəkləşdirilməsində erməni katolikosu I Vazgen müəyyən dövlət strukturlarına təsir edib.
Erməni kilsəsinin digər dəstək formasını da açıqlayan B.Quliyev qeyd edib ki, erməni katolikosluğunun terrorizmə ən böyük dəstəyi dini yardım pərdəsi altında ianələrin toplanması olub. Yarandığı zamandan çağdaş dönəmimizə qədər dünyanın bir çox yerində terror aktı törətmiş Hınçak (1887) və Daşnaksutyun (1890) partiyaları məhz Katolikos IV Georgi və Katolikos I Maqarın topladığı ianələr hesabına yaradıldı və onlardan sonra gələn katolikoslar da bu təşkilatları dəstəkləyərək dolayısı yolla terrorizmi dəstəkləmiş oldu:
"Arxiv sənədləri Sumqayıt hadisəsi öncəsi başda Yerevan olmaqla bir çox şəhərlərdə, hətta Dağlıq Qarabağda belə din pərdəsi altında ianələrin toplandığını sübut edir. Heç şübhəsiz ki, Sumqayıt terroru üçün də Katolikos I Vazgen xüsusi "canfəşanlıq” edib. Bu proses indi fərqli formada özünü göstərir. Erməni katolikosluğu daim dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporları ilə əlaqə saxlayırlar. Qarabağda və Azərbaycanın digər bölgələrində törədilən terror aktlarında istifadə olunan hərbi texnika üçün nəzərdə tutulan maliyyənin böyük bir qismini erməni diasporu ödəyir”.
Tarixçi alim əlavə edib ki, erməni katolikosluğu daim din amilindən istifadə edib özlərini yazıq göstərərək tərkibində yaşadıqları dövlətlərdə separatist mövqe nümayiş etdiriblər:
"Təsadüfi deyil ki, Azərbaycan Səfəvilər İmperiyası zamanında "zavallı” erməniləri "müsəlmanların zülmündən qurtarmaq” üçün 1678-ci ildə gizlicə Avropaya xahişə gedən 7 nəfərlik nümayəndə heyətinə erməni katolikosu IV Hakopun xüsusi emissarı kimi məhz İsrael Ori başçılıq etmişdi. Proses sonradan Rusiya ilə də davam etmiş, Eçmiədzindən Çar I Pyotra "ermənilərin xilası” üçün dəfələrlə məktublar yazılmışdı. Diqqət yetirsək, buna bənzər prosesin 90-cı illərdə baş verdiyini və hazırda da buna cəhd edildiyini müşahidə edə bilərik. Erməni katolikosluğuna dair sənədlərin çoxu Ermənistan respublikası ərazisində yerləşən Matenadaran arxivlərində saxlanılır. Çox təəssüf ki, biz tarixçilərin həmin arxivlərə daxil olma şansımız yoxdur. Ona görə də məsələni tam dəqiqliklə təsvir etməkdə çətinlik çəkirik”.
banner

Oxşar Xəbərlər