• çərşənbə axşamı, 23 aprel, 22:39
  • Baku Bakı 20°C

Erməni jurnalistlərə qadağa

23.02.18 09:00 411
Erməni jurnalistlərə qadağa
Yerevan Ağsaqqallar Şurasında yaşanan biabırçı qalmaqallardan sonra jurnalistlərin bir daha iclaslara buraxılmaması barədə qərar qəbul edilib. Meriyanın informasiya aparatının rəhbəri Artur Gevorkyan bildirib ki, şəhər şurasında keçirilən iclasdan sonra belə bir qərar qəbul edilib. Dərhal da mətbuat bunu onların peşə fəaliyyətinə qoyulan məhdudiyyət kimi qələmə veriblər.
"Azatutyun” radiosu ilə yanaşı, "A+1” teleşirkətinin əməkdaşlarına qarşı da belə bir qadağa qoyulub. Artıq jurnalist təşkilatları baş verən insidentdən sonra bəyanatla çıxış ediblər. Bəyanatda bildirilib ki, meriyanın bu addımına qarşı adekvat tədbirlər həyata keçirəcəklər. Mer Taron Markaryandan isə mətbuat xidmətinin rəhbəri Artur Gevorkyanın qəbul etdiyi qərara reaksiya vermək tələb olunub. "Yerkir tsirani” (Əriklər ölkəsi) partiyasının lideri Zaruhi Postancyan bildirib ki, məsələ ilə bağlı onlar parlamentdə məsələ qaldıracaqlar. Meriyanın iclasına buraxılmayan nəşrlər Jurnalistlər İttifaqı qarşısında məsələni sərt şəkildə qoyublar. Onlar bildiriblər ki, məsələ müsbət həllini tapmayacağı təqdirdə, xarici səfirliklərə müraciət edəcəklər. Jurnalistlər İttifaqının sədri Satik Seyranyan həmkarlarının tələblərinin haqlı olduğunu diqqətə çatdırıb.
Parlamentin müxalifətdən olan fraksiyaları jurnalistlərin meriyanın binasına buraxılmamasına reaksiya veriblər. "Yelk” (Çıxış) fraksiyasının üzvü Alen Simonyan bu qərarı qəbulolunmaz və rüsvayçı adlandırıb. O bildirib ki, hakim Respublika Partiyasının üzvləri öz tərəfdarlarına cəza vermək əvəzinə, jurnalistləri iclaslara buraxmamaq barədə qərar qəbul ediblər. "Yerkir tsirani” partiyasının və fraksiyasının rəhbəri Zaruhi Postancyan isə bildirib ki, bununla da söz azadlığını pozmağa cəhd edilir. Halbuki, Ağsaqqallar Şurası seçkili orqandır. Qanuna görə, belə orqanlara daxil olmaq, onların fəaliyyətini işıqlandırmaq olar.
Qeyd edək ki, ötən həftə Ermənistan paytaxtının meriyası biabırçı olaylara meydan olub. Yerevan Ağsaqqallar Şurasının bu il ilk dəfə keçirilən təntənəli açılışı bir neçə dəqiqədən sonra dava-dalaşa səhnə olub. Hər şey ondan başlanıb ki, "Yerkir tsirani” müxalifət fraksiyasının üzvləri iclas zalına Yerevanın Nubaraşen şəhərətrafı qəsəbəsindən bankalarda gətirdikləri kanalizasiya suyunu şəhər meri Taron Markaryana sakinlərin "hədiyyəsi” kimi təqdim etmək istəyiblər."Kommunal xidmətlər qırılaraq sıradan çıxan kanalizasiya borusunun təmiri üçün heç bir tədbir görmür”, - deyən müxalifətçilər maska geyinərək şüşə bankaların ağzını açıblar. Ağsaqqallar Şurasının müxalifətdən olan üç qadın üzvü əvvəlcə tibb əlcəkləri və tibb maskaları geyiniblər və bundan sonra gətirdikləri bankaların ağzını açıblar. Bankalardan çıxan üfunət iyi bütün zalı bürüyüb. Bunun ardınca "Yelk” fraksiyasından olan üzvlər bir-bir zalı tərk etməyə başlayıblar. Bu vaxt artıq müxalifətçi qadınlar – Sona Aqekyan və Marina Xaçatryan əllərindəki kanalizasiya suyu ilə merə yaxınlaşmağa cəhd göstəririblər. Bunu görən Taron Markaryan onların qarşısının alınmasına göstəriş verib. Marina Xaçatryan bankadakı kanalizasiya tullantısını "Nubaraşendən hədiyyə" deyərək zalın döşəməsinə səpələyib. Qarışıqlıq zamanı Xaçatryanın sifətinə yumruq zərbəsi dəyib. Məsələyə "Çıxış” müxalifət blokunun üzvləri də müdaxilə ediblər.
Beləliklə, Nubaraşendən gətirilən bankaları merə təqdim etmək mümkün olmayıb. Bunun qarşısını qadınların üstünə atılan Respublika Partiyasının üzvləri və meriyanın mətbuat katibi Artur Gevorkyan almağa çalışıb. Bununla da zalda artıq hamının iştirak etdiyi dava-dalaş başlanıb. Şillələr, qarşılıqlı söyüşlər işə düşüb. Əvvəlcə Marina Xaçatryan onu itələyən Respublika Partiyasının üzvü Edmon Kirakosyana şillə çəkib. Əvəzində respublikaçıdan eyni hərəkəti görüb. Bu vaxt respublikaçılardan Vaspurak Martirosyan müxalifətçi Xaçatryanın saçlarından dartmağa başlayıb. Bundan sonra Respublika Partiyasından olan kişi üzvlər müxalifəti zaldan çıxarmağa çalışıblar. "Yelk” fraksiyası öz üzərinə dalaşanları ayırmaq missiyasını götürüb. Lakin bunların arasında ən fəalı aktyor-karateçi Qor Vardanyan olub. O, davaya girişməkdənsə, Marina Xaçatryanı qucaqlayaraq zaldan çıxarıb.
Fasilədən sonra "Yerkir tsirani” fraksiyasının qadın üzvləri polisə "cinayət baş verməsinə dair” ərizə təqdim ediblər. Zaruhi Postancyan deyib ki, müxalifət bu məsələdə axıra qədər gedəcək: "Bu üfunət iyi sizi bütün yerlərdə müşayiət edəcək. Hətta bahalı ətir və konyaklarınız da köməyinizə çatmayacaq. Üfunət adamı boğmaz, amma zəhərləyə bilər. Siz zəhərlənməlisiniz. Biz sizin həyatınızı zəhərləyəcəyik”.
Onu da qeyd edək ki, Yerevan Ağsaqqallar Şurasında baş verən insidentdən sonra ombudsman baş prokurora şikayət edib. "1in.am” saytının yazdığına görə, ombudsman şikayətində baş verənlərlə bağlı cinayət işinin qaldırılmasını tələb edib. Məlumata görə, artıq faktla bağlı cinayət işinin qaldırılması nəzərdə tutulub. Müxalifət hesab edir ki, hakimiyyət bununla onlara qarşı təzyiqi gücləndirməyə çalışacaq.
Azər
banner

Oxşar Xəbərlər