• cümə, 29 Mart, 14:46
  • Baku Bakı 14°C

Erməni idmançılar Bakı haqda: Bura çox gözəldir

24.05.19 18:33 960
Erməni idmançılar Bakı haqda: Bura çox gözəldir
Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Rusiyanı təmsil edən erməni əsilli gimnastlar, bacı və qardaş Qarsevan və Duxik Canazyan deyib.
Q.Canazyan bildirib ki, onları hər şey qane edir:
"İnsanlar səmimidir, haradasa itsək, soruşuruq və bizə hamı kömək edir. Biz Bakıda gəzdik, bura çox gözəldir, hava ilə bağlı bəxtimiz gətirdi. Milli Gimnastika Arenasında idmançılar üçün şərait əladır”.
Gimnast bildirib ki, onun bacısı ilə çıxışı çempionatın ikinci günündə baş tutacaq:
"Bacımla mən böyüklər arasında çıxış edirik. Yarışlarımız sabah 12:00-da başlayır. Bacımla trioda çıxış edəcəyik, mənim həm də səkkiz nəfərdən ibarət aero-dans proqramında və kişi qrupunda çıxışlarım var. Layiqli çıxış etməyə çalışacağam”.
D.Canazyan bildirib ki, Bakıda təşkilatçılıq yüksək səviyyədədir:
"Biz Bakıda 2015-ci ildə I Avropa Oyunlarında olmuşuq, o zaman da hər şey əla idi, hər yerdə idman əhval-ruhiyəsi var idi. 2015-ci ildə Bakıda çıxış edərkən, azarkeşlər bizi dəstəkləyirdi. Çempionatda bizim üçün ən əsası layiqli çıxış etməkdir, son qərar isə hakimlərdən asılı olacaq. Milli Gimnastika Arenası çox gözəldir. Bakıda hər şey gözəldir: həm arena, həm yaşayış, həm də qidalanma. Çox dadlı meyvələr var, hava çöx gözəldir. Milli mətbəxin dadına baxdıq. Əlbəttə, biz rejimə əməl edirik, amma bəzən dadlı yemək istəyirsən”.
"Arsenal”ın futbolçusu Henrix Mxitaryanla bağlı vəziyyətə gəldikdə isə, gimnastlar vurğulayıb ki, siyasət idmandan ayrı olmalıdır:
"İnsanlar fərqlidir. Siyasət ayrıdır, idman ayrı. Ona görə də hər şey insanın özündən asılıdır. Gördüyünüz kimi, biz buradayıq və ölkənin şərəfini qorumağa gəlmişik”.
Q.Canazyan əlavə edib ki, final matçını izləyə bilməyəcək:
"Təəssüf ki, biz mayın 27-də gedirik, oyun isə, səhv etmirəmsə, mayın 29-da olacaq. Ona görə də finalı izləyə bilməyəcəyik”.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.
Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.
banner

Oxşar Xəbərlər