• cümə, 19 Aprel, 09:32
  • Baku Bakı 13°C

Erməni havadarı məhkəmə qarşısında

04.04.15 05:32 854
Erməni havadarı məhkəmə qarşısında
Erməni lobbisi və Ermənistan dövləti qondarma soyqırımının ildönümü ərəfəsində güclü bir zərbə alıblar. Belə ki, ABŞ-da erməni lobbisinin ən çox canfəşanlıq edən üzvlərindən biri, Azərbaycan və Türkiyənin ünvanına daim sərt tənqidlər yağdıran Nyu Cersi ştatının senatoru Robert Menendes korrupsiyada ittiham olunub. Ona qarşı nə az, nə çox, düz 14 ittiham irəli sürülüb. O da qeyd edilməlidir ki, R.Menendes ABŞ xarici siyasətində səsi ucadan eşidilən siyasətçidir və dəfələrlə İran və Ukrayna ilə bağlı məsələlərdə hətta prezident Barak Obama ilə çəkişib.
Beləliklə, ABŞ xarici siyasətində, xüsusən də Ukrayna, Rusiya, İran və Ermənistanla bağlı məsələlərdə xüsusi çəkiyə və səsə malik senator R.Menendes 2008-ci ildən bəri cinayət ittihamları ilə üzləşən ilk senator olub. ABŞ-ın Ədliyyə Nazirliyi aprelin 1-də elan edib ki, R.Menendesə qarşı çoxsaylı ittihamlar irəli sürülüb. R.Menendesə qarşı irəli sürülmüş ittihamlar və bunun ABŞ-ın xarici siyasəti üçün nə demək olduğuna dair bilməyimiz mühüm olan bir neçə məqam var.
Bəs ittihamlar nədən ibarətdir? ABŞ-ın böyük münsiflər kollegiyası R.Menendesi özünün siyasi donoru və dostu, floridalı göz həkimi doktor Salomon Melgenə mənfəət vermək məqsədilə vəzifəsindən sui-istifadədə ittiham edib. Senatora qarşı rüşvət və yalan bəyanatlar vermək də daxil olmaqla 14 federal ittiham irəli sürülüb. S.Melgenə qarşı da ittihamlar var. 68 səhifəlik rəsmi ittihamnamədə deyilir ki, S.Melgen R.Menendes üçün lüks tətillər, təyyarə uçuşları və mehmanxana nömrələri təşkil edib, həmçinin R.Menendesin hüquq müdafiəsi fonduna ianələr verib. İttihamnamədə bildirilir ki, bunların müqabilində R.Menendes S.Melgenin xarici sevgililəri üçün viza alınmasında köməklik göstərib, doktorun tərəfində federal səhiyyə debatlarına müdaxilə edib və S.Melgenin investoru olduğu şirkətin müqaviləsinin müdafiəsində yardım edib.
R.Menendesə qarşı 8 rüşvət ittihamı irəli sürülüb və bunların hər biri 15 ilədək həbs cəzasını nəzərdə tutur. Bəs R.Menendesin özü bu ittihamlar barədə nə deyir?
O, hər hansı qanunsuzluğa yol verdiyini inkar edir. Aprelin 1-də Nyu Cersi ştatının Nyuark şəhərində mətbuat konfransı keçirən R.Menendes deyib ki, onun karyerası bu şəkildə başa çatmayacaq. O əlavə edib ki, ittihamlara qarşı döyüşməyə hazırdır: “Mən ona görə hiddətliyəm ki, Ədliyyə Nazirliyinin prokurorları məni susdurmaq kimi siyasi motivə malik olanların saxta iddialarının küyünə gedərək, üç il əvvəl bu təhqiqatı başlayıblar. Lakin mən susmayacağam. Mən əminəm ki sonunda bəraət alacağam, onlar isə ifşa olunacaqlar”.
Bəs bu qalmaqallı iş ABŞ xarici siyasətinə necə təsir edə bilər? Bəllidir ki, xarici siyasətin yürüdülməsində ABŞ hökuməti aparıcı olsa da, ABŞ Konqresi də bu sahədə mühüm rol oynayır. Vəzifədə olduğu müddətdə R.Menendes Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib və noyabr ayında keçirilmiş seçkidə Senat çoxluğu respublikaçıların ixtiyarına keçəndən bəri R.Menendes komitədəki ən yüksək vəzifəli demokratdır.
R.Menendes prezident Barak Obamanı Ukraynaya silah göndərilməsinə çağırıb ki, Kiyev özünü Rusiyanın təcavüzündən qoruya bilsin, halbuki Ağ Ev bu məsələdə bu qədər dərinə getməkdən imtina edib.
O, həmçinin Tehranla nüvə danışıqları məsələsində ən böyük skeptiklərdən biridir. R.Menendes İranla potensial nüvə sazişinə baxılması üçün 60 günlük karantin müddətinin qoyulmasına dair partiyalararası qanunvericilik təşəbbüsündə aparıcı şəxs olub. B.Obama belə bir qanuna veto qoyacağı ilə hədələmişdi və iddia edirdi ki, bu qanun danışıqlar prosesini mürəkkəbləşdirə bilər. Bu layihəyə Senatın Xarici Əlaqələr Komitəsində aprelin 14-də baxılmalıdır. Bu arada qeyd edək ki, qanunvericilik təşəbbüsünü dəstəkləyən senatorların sayı vetodan yayınmaq imkanı verən 68-ə yaxınlaşır.
R.Menendes həm də Ermənistanın dostu kimi tanınır. Onun doğma Nyu Cersi ştatında çoxsaylı erməni əhalisi var. R.Menendes 2009-cu ildə B.Obama administrasiyasına Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasına çağıran qanunvericilik aktını təqdim edib. O, həmçinin ABŞ-ın Azərbaycana silah satışı məsələsini sual edib və bildirib ki, Bakı bu silahlardan Dağlıq Qarabağ münaqişəsində İrəvana qarşı istifadə edə bilər.
R.Menendes Senatın Xarici Əlaqələr Komitəsindən könüllü şəkildə istefa verməyə razılaşıb. Lakin onun ofisi bildirib ki, senator xarici siyasət məsələlərində səsini ucaltmaqda davam edəcək. “Onun buradakı müvəkkil rolunda heç bir dəyişiklik olmayacaq. Hər şey olduğu kimi qalacaq” , – deyə senatorun sözçüsü Adam Şaron bəyan edib. Komitənin sədri – senator Bob Corker bəyan edib ki, R.Menendesdən xarici əlaqələr məsələsində konstruktiv rolunu davam etdirməyi gözləyir. Bəs Xarici Əlaqələr Komitəsində R.Menendesi kim əvəz edəcək? Senatdakı demokrat azlığının rəhbəri Harri Reidin verdiyi məlumata görə, bu vəzifəni öz üzərinə Merilend ştatından olan demokrat senator Benyamin Kardin götürəcək. B.Kardin R.Menendeslə müqayisədə B.Obamanın xarici siyasətini daha çox dəstəkləyir və “Bloomberg”ə müsahibəsində deyib ki, İranla səmərəli nüvə sazişinin mümkünlüyünə inanır.
B.Kardin aprelin 1-də bəyan edib ki, R.Menendesin sədr kimi rolunu qiymətləndirir və hər bir kəsi onun barəsində təqsirsizlik prezumpsiyasına hörmət etməyə çağırır. R.Menendes özü isə aprelin 1-də bəyan edib ki, heç yerə getmək fikri yoxdur. Əgər o, Senat üzvlüyündən istefa verərsə, Nyu Cersinin respublikaçı qubernatoru Kris Kristie ona əvəz tapacaq və bu yerin tutulması üçün seçki gününü təyin edəcək.
Son məlumatlara görə, R.Menendes Nyuark məhkəməsi qarşısında özünü ittihamlar üzrə təqsirli bilmədiyini bəyan edib. Onu gözləyən hüquqi çarpışma uzun və bahalı ola bilər. Senatorun 2014-cü ildə yaratdığı hüquqi müdafiə fondu malik olduğu 866 min dollardan 762 minini artıq xərcləyib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər