• şənbə, 20 Aprel, 08:24
  • Baku Bakı 14°C

Erməni “fürer” 500 min yəhudinin qətlinə fərman verib - Fotolar

09.02.18 16:43 1310
Erməni “fürer” 500 min yəhudinin qətlinə fərman verib - Fotolar
Faşizmə xidmət edən erməni generalı Qaregin Njde ilə bağlı məsələ Rusiya mətbuatının səhifələrindən düşmür. 2016-cı ilin aprel hadisələrindən sonra forpost ölkə Rusiyanın acığına daşnak faşist liderinə abidə qoymaq barədə qərar qəbul etməklə bu ölkənin mediasının tənqid hədəfinə tuş gəldi. Rəsmi səviyyədə sərt bəyanatlar səslənməsə də, mətbuat dərhal bu addıma kəskin reaksiya verdi. Bu yaxınlarda isə məsələ hətta Rusiya Dövlət Dumasında geniş müzakirələrə səbəb oldu. Ardınca da Federasiya Şurasının üzvlərindən biri nüfuzlu "Nezavisimaya qazeta”da müəllif yazısı ilə çıxış etdi. Ümumiyyətlə, rəsmi Yerevan faşist əlaltılarını qəhrəmanlaşdırmaq siyasətini geniş təbliğ etməkdədir. Əsas iddiası da budur ki, bu, onların daxili işidir. Maraqlı olan odur ki, Rusiya rəhbərliyi məsələyə ən yüksək səviyyədə reaksiya verməkdən çəkinir. Halbuki, analoji halların Ukrayna və Baltikyanı ölkələrdə təkrarlanmasına sərt reaksiya nümayiş etdirilir. Ermənilərin bu formada "əzizlənməsi” isə onların daha iri addımlarla hərəkət etmələrinə gətirib çıxarır. Sözsüz ki, ermənilərin bu addımı Rusiyaya qarşı yönəlib və ona qarşı bir demarşdır.

Yerevanda Njdeyə abidə qoyulması dövlət səviyyəsində faşizmin təbliğatı olsa da, buna sərt mövqe bildirilmir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Njde Hitlerin "Mayn kampf” avtobioqrafik əsərinə bənzər kitabların müəllifi olub və bu kitablarda Ermənistan elitasının "Böyük Ermənistan” yaratmaq üçün perspektivdə hansı yollarla müsəlmanları, türkləri məhv edib kütləvi təmizləmə həyata keçirməsini ideoloji cəhətdən əsaslandırıb. Q.Njde ölkəsini sevən, yaxşı hörmətli erməninin rəmzinə çevrilib, desək, yəqin ki, yanılmarıq.

Qeyd edək ki, erməni nasist dəstələri faşistlərin ayaqları dəyən hər yerdə yəhudilərin məhv edilməsi əməliyyatlarında aktiv iştirak ediblər. İkinci Dünya müharibəsi başlayan ərəfədə faşist Almaniyasının xidmətində 27 min erməni xidmət edirdi ki, onların 3 mini "Abver” kəşfiyyat xidmətində və "SS” cəza dəstələrində təmsil olunurdular. Dro və Njdenin erməni nasist legionları yaradılmışdı. Onların nəzdində isə iri nasist mərkəzləri fəaliyyət göstərirdi. Məhz onlar Avropa və Amerikada informasiya toplamaqla məşğul olur, eləcə də cəbhə xəttində təxribat xarakterli hərəkətlərə yol verir, partlayışlar törədirdilər. Ən əsası, yəhudilərin öldürülməsində aktiv iştirak edirdilər. Bununla bağlı arxivlərdə xeyli sənəd hələ də var. Avstriyalı tədqiqatçı E.Fayqlın sözlərinə görə, erməni cəza dəstələrinin faşistlərin tərəfində döyüşməsi sözsüz ki, yəhudiləri məhv etməyə yönəlmişdi. Digər bit tədqiqatçı S.Uimsin qənaətincə (bu şəxs uzun müddət "erməni miflərinin” dağıdılması ilə məşğul olub) 100 min erməni üçüncü reyxin bəşəriyyətə qarşı həyata keçirdiyi qətliamlarda iştirak edib. Tək Macarıstanda İkinci Dünya müharibəsi zamanı nasist rejimi tərəfindən "fürer” təyin olunan macar erməni F.Salosyan (Salaşi) Budapeşt məhkəməsinin materiallarında da əks olunduğu kimi, 500 min macar yəhudisinin məhvinə səbəb olub.
Məlumat üçün bildirək ki, 1938-ci ildə gələcəkdə faşist rejiminin əsas nümayəndələrindən birinə çevriləcək Henrix Müller Bakıya gəlmiş və "Daşnaksütyun” erməni terror təşkilatının buradakı üzvlərindən ibarət casus şəbəkəsi formalaşdırmışdı. O, "Mühəndis Krauze” adı altında 1938-ci ildə Bakıya gəlib. "Krup və Ko” firmasının əməkdaşı adı altında Bakıya gələn Müller effektiv fəaliyyət göstərə bilmişdi. Bu firma müharibə illərində ölüm düşərgələri şəbəkəsinə malik olub. Nürenberq prosesində bu firma bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham olunub. Berlinə dönən Müller özünün birbaşa rəhbəri olan Henrix Himlerə belə hesabat vermişdi ki, "mənim Bakıya səfərimdən sonra deyə bilərəm ki, "Daşnaksütyun” təşkilatı üzvləri tərəfindən ötürülən informasiyalar təsdiqini tapır”. "Mühəndis Krauze”nin bir sıra erməni terrorçularla görüşləri barədə də məlumatlar var. Bu şəxslərə yerli NKVD orqanları da himayədarlıq edirdilər. Onların böyük əksəriyyəti muzdlu qatillər, oğru və dələduzlardan ibarət idilər. Xüsusi hərbi kurslar keçən "Daşnaksütyun” terror qruplaşmasının üzvləri könüllü şəkildə faşistlərin bayrağı altında qaraçı və yəhudilərə qarşı repressiyalarda iştirak edirdilər. O zaman erməni nasizminin ruporu qismində Bolqarıstanda Qaregin Ter Arutunyan (Njde) tərəfindən yaradılan "Çeqakron” (irq qarşısında boyun əymə) təşkilatı çıxış edirdi. Məhz Njde tərəfindən yəhudilərin məhv edilməsi siyasəti aparılırdı. O, Almaniyanın məşhur alimləri ilə əlaqə yaradır, nasist rəhbərləri ilə ünsiyyət qurur, mətbuat səhifələrində müvafiq materiallar yerləşdirirdi. Xüsusilə qeyd etmək gərəkdir ki, faşist Almaniyasının məğlubiyyətindən sonra Birləşmiş Ştatlara qaçan və yəhudilərin qətlində əli olan erməni-nasist Kanayan Bostonda ölüb. 24 may 2000-ci ildə quldur Dronun qalıqları Ermənistana gətirilib və böyük təmtəraqla Baş-Aparan qəbiristanlığında dəfn edilib. Nekroloqda qeyd olunur ki, "Dronun hərbi istedadı və şücaəti Rusiya və Almaniya tərəfindən layiqli qiymətini alıb”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər