• cümə axşamı, 28 mart, 18:29
  • Baku Bakı 13°C

Erməni fitnəsi Fransada "yerimədi"

07.06.19 19:02 624
Erməni fitnəsi Fransada "yerimədi"
Dünyadakı erməni diasporu və Ermənistan dövləti bütün imkanlardan istifadə edərək Dağlıq Qarabağın separatçı rejimini dünyada legitimləşdirmək istiqamətində addımlar atır. Hətta bunun üçün Avropanın bir çox ölkələrindən qondarma rejimə səfərlər təşkil edirlər, müxtəlif müqavilələr bağlayırlar. Lakin görünən odur ki, ermənilərin bu fitnəsi işə yaramır, hətta arzularının üzərində birdəfəlik xətt çəkildi.
Belə ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Onu qeyd edək ki, bu işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.
Nəzərə almaq lazımdır ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi. Qərar artıq bəyan olunub və məhkəmənin bu qərarının presedent rolunu oynayacağına heç bir şübhə yoxdur. Bu ədalətli qərarla Azərbaycan növbəti dəfə öz haqqını müdafiə etmiş oldu.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistan Dağlıq Qarabağda yaratdığı qondarma separatçı rejimin legitimliyinə nail olmaq istəyir: "Lakin nəinki hər hansı bir dövlət, Ermənistan özü də bu qondarma rejimi tanıya bilməyib. Bu halda, onlar fərqli bir yol seçmişdilər. Yəni, Azərbaycanın işğal altındakı ayrı-ayrı şəhərləri ilə, xüsusilə erməni diasporunun güclü olduğu Fransanın şəhərləri arasında dostluq müqavilələrinin imzalanmasına çalışırdılar. Beləliklə də fon yaradırdılar ki, guya ayrı-ayrı dövlətlərin şəhərləri ilə Dağlıq Qarabağdakı separatçı rejimin "yerli orqanları” dostluq müqaviləsi imzalayırsa, deməli bu, onun legitimliyinin ifadəsidir. Bax, belə bir saxtakar və qanunazidd yol seçmişdilər. Xüsusilə də, 2018-ci ildə Azərbaycanın işğal altındakı Xocavənd şəhəri ilə Fransanın Arnuvill şəhəri arasında "dostluq xartiyası”nın imzalanmasına nail olunmuşdu. Hələ 2013-cü ildən dövlət başçısı İlham Əliyev bu məsələləri çox kəskin şəkildə diqqətə çatdırdı və Fransa məhkəməsinə bununla bağlı müraciət qəbul edildi, müvafiq sənədlər göndərildi. O dövrdən indiyədək Azərbaycan prezidenti İlham Əliyev rəhbərliyi ilə bu istiqamətdə işlər həyata keçirildi. Eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva uzun müddət parlamentdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri olduğu dövrdən indiyədək çox ciddi fəaliyyət göstərib. O cümlədən "Xocalıya Ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva demək olar ki, bütün qitələr üzrə xeyli işlər görüb. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə ciddi fəaliyyət göstərir. Bütün bunlar hamısı artıq nəticələrini verməkdədir. Elə bunun nəticəsidir ki, 2018-ci il oktyabr ayında bağlanmış məlum müqavilənin qüvvədən düşməsi barədə Fransa inzibati məhkəməsi çox mühüm və ədalətli qərar qəbul etdi”.
E.Nəsirov vurğuladı ki, Fransa məhkəməsinin qərarı ədalətin qələbəsidir: "Eyni zamanda Azərbaycanın haqlı olduğunun ifadəsidir. Həm də Azərbaycanın işğal altında olan digər şəhərlərinin də Fransanın hər hansı şəhərləri ilə analoji müqavilələr imzalamaq və onları həyata keçirmək niyyətinin üstündən xətt çəkən bir yanaşmadır. Bu həm də qondarma rejimi legitimləşdirməyin qarşısının alınması yolunda bir addımdır. Məhz buna görə də verilən qərarı yüksək dəyərləndiririk. Hesab edirəm ki, bu, uzun müddətli fəaliyyətin nəticəsidir. Eyni zamanda bizdə inam hasil oldu ki, fəaliyyətimizi daha da gücləndirməliyik və belə qeyri-qanuni fəaliyyətlərin qarşısını almalıyıq. Bunun üçün də kifayət qədər potensial var və bu istiqamətdə təbliğat, təşviqat işimizi daha da gücləndirməliyik”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Qarabağdakı separatçılarla əməkdaşlığa son qoyulmalıdır: "Fransa Avropa İttifaqının əsas dövlətlərindən biridir və təəssüflər olsun ki, Avropa ölkələri içərisində məhz Fransa erməni separatçılarına daha çox dəstək verir. Bu hansı meyarlara, beynəlxalq etik və hüquqa sığır ki, Fransanın regionları ilə Azərbaycanın işğal altında olan ərazilərindəki separatçılarla əməkdaşlıq haqqında müqavilələr bağlansın? Təbii ki, bir neçə ay əvvəl prezident Makron da bunun yolverilməz olduğunu bildirmişdi. Biz bilirik ki, erməni diasporunun çox güclü olmasına baxmayaraq, Azərbaycan Fransa ilə birgə humanitar, mədəni sahələrdə işlər həyata keçirir. Əlbəttə ki, Azərbaycanın gördüyü bu işlər təqdirəlayiqdir. Çünki biz bilirik ki, istər xalq diplomatiyası, istər yumşaq güc siyasəti xalqlar arasında münasibətlərin yumşalmasında, eləcə də inkişafında aparıcı vasitələrdən biridir. Ermənistan isə işğalçılıq siyasətinə son qoymalıdır. Dünyadakı erməni diasporu müəyyən siyasətçiləri ələ alaraq onları Dağlıq Qarabağa gətirir. Oraya gələn insanların heç münaqişədən xəbəri olmur. Sadəcə olaraq, müəyyən maliyyə müqabilində gəlirlər. Təbii ki, sonradan bu, həmin insanların vətəndaşı olduğu ölkələrlə Azərbaycanın münasibətlərinə xələl gətirir. Ermənistanın və erməni diasporunun əsas istəyi də elə bundan ibarətdir. Azərbaycan öz ərazilərinin işğalı ilə barışmayacaq. Ötən müddət ərzində Azərbaycan səbirlə münaqişənin nizamlanması prosesində iştirak etdi və ölkəmiz günbəgün gücləndi. Çünki münaqişədə qalib tərəf olmaq üçün mütləq şəkildə güclü olmalısan. Bunun üçün isə illər lazım idi”.
Z.Məmmədov əlavə etdi ki, Fransa məhkəməsinin bu qərarı dünyadakı erməni diasporunu, Ermənistanı və eyni zamanda Dağlıq Qarabağ separatçılarını əsəbiləşdirməyə bilməz: "Bu onların müəyyən maraqlarına, məqsədlərinə zərbə oldu. Çünki Fransadakı regional icra hakimiyyətləri ilə separatçı Dağlı Qarabağ rejimi arasında bağlanan müqavilələr presedent kimi digər ölkələrdə də özünü büruzə verə bilərdi. Artıq Fransadakı presedent ləğv edilmiş oldu və bu o deməkdir ki, Ermənistan və bütövlükdə ermənilər bu istiqamətdə istədiklərinə nail ola bilmədilər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər