• şənbə, 27 Aprel, 07:10
  • Baku Bakı 12°C

Erməni əsilli nazirin sonu yaxınlaşır

16.09.16 11:41 920
Erməni əsilli nazirin sonu yaxınlaşır
Ukrayna hökumətində çalışan erməni əslili nazir Arsen Avakovla bağlı qalmaqal pik həddə çatıb. Ukraynadakı azərbaycanlı iş adamlarının oğurlanmasında və qətlə yetirilməsində rolu olduğu iddia edilən nazir haqda cinayət işi açılıb. Ukraynanın baş prokuroru Yuri Lusenko Avakov haqqında çoxsaylı şikayətlərdən sonra belə addım atdıqlarını bəyan edib. Baş prokurorun sözlərinə görə,Korrupsiyaya qarşı fəaliyyət Mərkəzinin rəhbəri Vitali Şabunun "24-cü kanal”ın efirində daxili işlən nazirini ittiham edib. "Mən Şabunin də daxil olmaqla, hər gün onlarla insandan məktub alıram. Siz inanmayacaqsınız, məhz Şabuninin məktubu əsasında, DİN rəhbəri Avakova qarşı cinayət işi başlanılıb”,- deyə "Sol sahil” proqramının efirində Lutsenko bildirib. Məlumata görə, bundan əvvəl isə Kiyevin Solomensk Məhkəməsi Milli Antikorrupsiya Bürosunun detektivlərinə Avakovun telefonlarını dinləmək səlahiyyəti verib. Buna səbəb isə "YouTube”da DİN əməkdaşları üçün çantaların alınmasına dair danışıq aparan Aleksandr Avakova (DİN rəhbərinin oğlu) və Sergey Çebotıryaya (Avakovun müavini) bənzəyən şəxslərin videosunun yayılması səbəb olub. Burada söhbətin korrupsiyadan getdiyini ehtimal edilmişdi.
Jurnalistlərin məlumatına görə, naməlum səhifə sahibi tərəfindən yüklənən video S.Çebotıryanın kabinetində gizli kamera ilə çəkilib. Söhbətdən anlaşılır ki, A.Avakovun oğluna bənzəyən insan DİN-ə böyük həcmdə çanta gətirmək istəyir, əslində isə bu proses açıq tender yolu ilə baş tutmalıdır. Videodakı dialoq 2014-cü ilin dekabr ayına aiddir. 2015-ci ilin fevralında isə DİN həqiqətən 16,5 milyon qrivenlik (630 min dollar) çanta alıb. A.Avakov isə öz növbəsində Baş prokurorun ittihamlarını rədd edərək tender prosedurunun şəffaf keçdiyini bildirib. Lakin Antikorrupsiya Bürosunun tədqiqatları da göstərib ki, alınmış altı min çantanın qiyməti şişirdilib, tender qalibləri isə DİN başçısının sabiq müavininin müdaxiləsi ilə seçilib. Bu azmış kimi, alınan mallar anbarlara tam həcmdə daxil olmayıb. Xatırladaq ki, Ukraynanın DİN rəhbəri Arsen Borisoviç Avakov 1964-cü ildə Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən isə Ukraynada yaşayır. Ukraynanın ən varlı 200 şəxsinin siyahısında 118-ci olan erməni nazirin varidatı 98 milyon dollar civarındadır.

Onun azərbaycanlı iş adamlarının oğurlanması, talan edilməsi, öldürülməsi kimi cinayət işlərinin sifarişçisi olduğu da deyilir. Bu səbəbdən də, Ukraynadakı Azərbaycan diasporası ötən gün Kiyevdə Daxili İşlər Nazirliyinin binası önündə baş verənlərə qarşı etiraz aksiyası keçirib. Ukraynanın baş naziri Vladimir Qroysman azərbaycanlılara qarşı cinayət hallarının artması məsələsini şəxsən öz üzərinə götürdüyünü açıqlayıb. Gəzən məlumatlara görə, A.Avakov vəzifəsindən çıxarılacaq. Lakin onun erməni əsilli köməkçisi Şkiryak Zoryan Avakovun vəzifəsinin başında olduğunu deyib və yayılan məlumatları cəfəngiyyat adlandırıb. Bu proseslər həmçinin, Ukrayna hökuməti daxilində nələrin baş verdiyinə dair suallar yaradır. Məsələn, politoloq Aleksey Poltorakov hesab edir ki, Ukrayna baş prokurorunun Avakova qarşı cinayət işinin açılması ilə bağlı bəyanatı prezident Pyotr Poroşenkonun yaxın ətrafında siyasi qarşıdurmanın təzahürlərindən biridir:"Avakov və Lusenko prezidentin etimadından sui-istifadə edir. Təsadüfi deyil ki, Avakov son vaxtlar bir sıra qalmaqallarla ilə yadda qalıb. İndi Ukrayna prezidenti vaxtından əvvəl keçiriləcək parlament seçkiləri ərəfəsində "Xalq cəbhəsi” partiyası ilə danışıqlar aparır. Bu partiyanın əsas liderlərindən biri də Avakovdur. Ona görə də daxili işlər naziri istədiyi kimi hərəkət edir”.
Bundan əvvəl də bu şəxs azərbaycanlıların heysiyyətinə toxunacaq açıqlama verib. Müsahibəsində o, tarix boyu ermənilərin təcavüzkar deyil, yaradıcı bir xalq olduğunu iddia edib. Erməni nazirin Odessa meri Mixail Saakaşvili ilə yaşadığı qalmaqal da hamının yadındadır. O zaman belə bir iddia var idi ki, M.Saakaşvili erməni nazirin korrupsiya əməlləri barədə kompromat məlumatlara malikdir. Bu yaxınlarda isə o, yenidən diqqət mərkəzinə düşüb. Naziri şəxsi ordu yaratmaqda, hətta prezident Pyotr Poroşenkonu devirmək məqsədilə dövlət çevrilişi həyata keçirmək cəhdində ittiham ediblər. Bəzi məlumatlara görə, nazir "Azov” batalyonunu maliyyələşdirir. Bu batalyon isə "İnter” telekanalına hücum etməkdə və onu yandırmaqda günahlandırılır. A.Avakova məxsus biznes strukturlarının Xarkov ətrafında onlarla hektar torpaq sahəsini mənimsəməkdə də günahlandırırlar. Ali Radanın deputatı Sergey Leşenko isə bəyan edib ki, nazirin yaxın ətrafı Ukraynadan Panamadakı offşor hesablara 40 milyon dollar köçürüblər. Avakovun nazir kimi yarıtmaz fəaliyyəti də qabardılır. 2014-cü ildən nazir işləyən Avakovun dövründə ölkədə cinayətlərin sayı xeyli artıb, kriminogen vəziyyət ağırlaşıb. Onun tək hüquq-mühafizə orqanları ilə deyil, qanunverici orqanla da problemləri var. Ötən ayın sonu onun DİN rəhbəri vəzifəsindən azad edilməsi il bağlı qanun layihəsi gündəliyə salınmışdı. Ən maraqlısı isə odur ki, təklif prezident fraksiyası – "Pyotr Poroşenkonun bloku”nun üzvü Sergey Kaplindən gəlmişdi. Deputatların qənaətincə, Avakov dövlət çevrilişi həyata keçirib Poroşenkonu devirməyə çalışır.

Beləliklə, bundan sonra hadisələrin hansı axarda davam edəcəyini prezidentin qəbul edəcəyi qərar müəyyənləşdirəcək. Hər halda, əgər dövlət başçısı bel bir şəxsi vəzifədə saxlayarsa, özünə ciddi problem yaratmış olacaq.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər