• cümə, 19 Aprel, 15:54
  • Baku Bakı 25°C

Erməni dili universitetlərimizdə necə tədris olunur? Araşdırma

22.06.13 09:03 12232
Erməni dili universitetlərimizdə necə tədris olunur? Araşdırma
Şəkildəkilər:
1. Azad Rzayev, BDU-nun Tarix fakültəsinin dekanı
2. İradə Hüseynova, “Qafqaz xalqları tarixi” kafedrasının müdiri

Belə bir deyim var: düşməninə qalib gəlmək üçün ilk öncə onun dilini və mədəniyyətini öyrənməlisən. Mənfur qonşularımız olan ermənilər bu prinsiplə addımlayırlar. Belə ki, 1 il bundan öncə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türkologiya kafedrası tərəfindən Azərbaycan dilində ilk tədris vəsaitinin təqdimatı keçirilib. Vəsaitlə erməni jurnalistlərini İDU-nun şərqşünaslıq fakültəsinin dekan müavini Ruben Melkonyan tanış edib. “Azərbaycanşünaslıq türkologiyanın ayrılmaz tərkib hissəsidir. Ermənistanın müstəqilliyini əldə etməsindən sonra isə mövcud elmi istiqamət strateji əhəmiyyət daşımağa başlayıb. Məncə, Azərbaycan dilinin öyrənilməsinin zəruriliyi barədə əlavə danışmağa ehtiyac yoxdur. Azərbaycan bizim qonşumuzdur, düşmənimizdir və onun dilinin öyrənilməsi bizim üçün həm elmi, həm də siyasi cəhətdən lazımlıdır”.
Bəs Azərbaycanda vəziyyət necədir? Erməni dili universitetlərdə tədris edilirmi? Gənclərin buna marağı nə dərəcədədir? Bu suallara cavab tapmaq üçün ölkəmizdə erməni dilinin tədrisi sahəsindəki vəziyyətlə bağlı araşdırma apardıq. Məlum oldu ki, erməni dili Azərbaycan Dillər Universitetində həmçinin 2005-ci ildən isə Bakı Dövlət Universitetində bir fənn kimi tədris edilir.
“Erməni dilini hər bir azərbaycanlı bilməlidir”
BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayev bizimlə söhbətində bildirdi ki, universitetdə 2012-ci ilin əvvəlindən Qafqaz xalqları tarixi ayrıca kafedra kimi təşkil olunub. Burada Qafqazda yaşayan xalqların qədim dövrlərdən günümüzə qədər etnik, dövlətçilik tarixi, mədəniyyəti, həmçinin müasir dünyada Qafqazın yeri məsələləri və s. tədris olunur. Eyni zamanda regionşünaslıq (qafqazşünas) fənni çərçivəsində Gürcüstanın, Dağıstanın və ermənilərin etnik və dövlətçilik tarixinin, mədəniyyətinin öyrədilməsinə geniş yer verilir. Azərbaycanlı tələbələr üçün erməni dilini öyrənməyin vacib olduğunu deyən professor bu dili tədris etməkdə əsas məqsədlərinin ermənilərə öz dillərində tutarlı cavab verə bilmək olduğunu vurğuladı:
“Biz ermənilərlə müharibə şəraitində yaşayırıq. Müharibə və gərgin mübarizə təkcə cəbhə xəttində deyil, həmçinin ideoloji və təbliğat cəbhəsində də gedir. Mənfur qonşularımız beynəlxalq aləmdə daima Azərbaycanla, Dağlıq Qarabağla bağlı dezinformasiya yaymaqda davam edir. Erməni dilini bilmədiyimiz üçün çox vaxt onların bizim haqqımızda yazdıqlarını orijinaldan deyil tərcümədən oxumaq məcburiyyətində qalırıq. Bu səbəbdən onların məqalələrinə, əsərlərinə öz dillərində vaxtında və tutarlı cavab vermək üçün düşmənin dilini öyrənmək hər bir azərbaycanlı üçün vacibdir. Bundan əlavə biz bu dili bilməklə oradakı prosesləri izləyib təhlil etmək imkanı əldə edə bilərik”.
Mütəxəssis çatışmazlığı
Erməni dilini bilən mütəxəssislərin az olmasından şikayətlənən A.Rzayev bu dili tədris etmək üçün iki müəllimin olduğunu bildirdi: “Əfsuslar olsun ki, bu sahədə bilən mütəxəssislər çox azdır. Erməni dilini bilən var, lakin bizə yalnız dili bilən müəllim deyil, vaxtilə Ermənistanda erməni dili fakültəsini bitirən və onun qrammatikasına dərindən bələd olan mütəxəssis lazımdır. Bunu tapmaq isə çox çətindir”.
Bu dili öyrənməyin perspektivi
A.Rzayev erməni dilini öyrənməyin perspektivlərindən də danışdı. Onun sözlərinə görə, hazırda ölkədə bu dili bilən mütəxəssislərə istər universitetlərdə, istərsə də güc strukturlarında, səfirliklərdə çox ehtiyac var: “Ümumiyyətlə əlavə dil bilmək hər bir gəncin uğuru deməkdir. Erməni dilini bilən mütəxəssis isə loru dildə desək, bu gün ölkədə çıraqla axtarılır”.
Ermənistanşünaslıq fakültəsi yaradılsınmı?
Xatırladaq ki, bir neçə gün bundan öncə millətvəkili Aydın Mirzəzadə sosial şəbəkədə erməni dilinin tədrisinin zəruriliyini vurğulayaraq universitetlərdə “ermənistanşünaslıq” fakültəsinin yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Məsələyə münasibət bildirən A.Rzayev fakültənin yaradılmasına ehtiyac olmadığını bildirdi. Onun sözlərinə görə, bu fakültəni açmaqla biz Ermənistanın qondarma tarixini, dilini, mədəniyyətini təbliğ etmiş oluruq: “Qafqazşünaslıq ixtisasında bu dil onsuz da tədris olunur. Zənnimcə ayrıca fakültə yaratmaq ermənilərin dilini, tarixini təbliğ etmək və göylərə qaldırmaq deməkdir. Biz onların dilini bilsək onlar haqqında hər məlumatı kitablardan, mətbuatlarından ala bilərik”.
Azad müəllim hazırda Tarix fakültəsində mənfur qonşularımızın tariximizi təhrif etmək cəhdlərinə cavab vermək məqsədilə erməni araşdırmaları laboratoriyasının da fəaliyyət göstərdiyini vurğuladı.
Mənbələrdən xeyrimizə necə istifadə edə bilərik
Laboratoriyanın rəhbəri, BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, professor İradə Hüseynova qəzetimizə açıqlamasında laboratoriya haqqında məlumat verdi və bildirdi ki, orada elmi araşdırmalara söykənən tədqiqatlar aparılır: “Bu laboratoriya 2012-ci ilin fevral ayından yaradıldı və əsas məqsədimiz ona yönəldi ki, təhrif edilən tariximiz olduğu kimi işıqlandırılsın, olduğu kimi təhlil olunsun. Bununla yanaşı, laboratoriyada erməni tarixçilərinin tariximizi təhrif etmək cəhdlərinin qarşısının alınması üçün elmi araşdırmalara söykənən tədqiqatlar aparılır”.
Erməni dilinin artıq 7 ildir tədris edildiyini bildirən İ.Hüseynova vurğuladı ki, onların dilini, tarixini bilməklə biz onlar haqqında daha dolğun məlumat ala bilərik. Onun sözlərinə görə, bəzi hallarda ermənilərin öz mənbələrindən bizim xeyrimizə olan məlumatlar yer alır: “Biz ermənilərin tarixini bilmədən onların dilini mədəniyyətini bilmədən lazım olan məqamda onların cavabını verə bilmərik. İnsan dostundan çox düşmənin həyatından xəbərdar olmalıdır ki, onunla mübarizə apara bilsin. Bu dili bilən mütəxəssislərimiz yetişərsə istər elmi cəhətdən, istərsə də beynəlxalq konfranslarda onların cavabını verə bilərik. Bunda əlavə, onların dilini bilmək müəyyən mənbələrdən də istifadəyə yola açır. Çünki, ermənilərin bir çox mənbələrində ölkəmizin xeyrinə olan məqamlar məhz onların dilindən yazılıb”.
“Ermənilərin 70-80 faizi azəri türkçəsini bilir»
Erməni araşdırmaları mərkəzinin elmi işçisi Tanrıverdi İsmayılov bizimlə söhbətində bildirdi ki, Ermənistanda Azərbaycan dilini və Osmanlı türkçəsini öyrədən 10 mərkəz fəaliyyət göstərir: “Ermənistanda Azərbaycan dilində çox səlis və təmiz danışan ermənilər var. Əhalinin 70-80 faizi Azərbaycan dilində və türk dilində danışa bilir. Dilimizi təmiz bilənlər isə əsasən Qarabağ bölgəsində məskunlaşan ermənilərdir”.
“Düşmən dilini öyrənmirəm”
Erməni dilini tədris edən müəllim Xalid Bayramov bildirdi ki, fənn tələbələr arasında birmənalı qarşılanmır: “İlk dəfə bu fənni tədris etmək üçün auditoriyaya daxil olanda bu dili öyrənmək tələbələrə xoş gəlmədi. “Mən düşmənimin dilini niyə öyrənməliyəm”, “onların dilini öyrənə bilmərəm”, “Bunun yerinə başqa dil tədris edilsin” kimi müəyyən fikirlər səsləndirilirdi. Bu səbəbdən ilk etapda erməni dilini öyrənməyin əhəmiyyətini onlara izah edirik. İlk dərslər təbliğatla başlayır daha sonra isə erməni dilinin əlifbasından başlayaraq qrammatikasına qədər tələbələrə öyrədirik”. Müəllim bildirdi ki, problemimiz erməni problemi olduğu üçün bu dili bilən mütəxəssislərə böyük ehtiyac var və biz burada mütəxəssis yetişdiririk. Erməni dilində kitabların, lüğətlərin olmamasından şikayətlənən müəllim özünün tərtib etdiyi əlyazma şəkillərdə olan dəftərlərlə dərs keçdiyini bildirdi.
Vaxtilə Xalid müəllimin tələbəsi olan indi isə onunla çiyin-çiyinə müəllim işləyən Səbuhi Əhmədov əvvəlki illərlə müqayisədə müasir dövrdə tələbələr arasında erməni dilini öyrənməyə maraq olduğunu bildirdi: “Əvvəllər erməni dili deyəndə tələbələrin sərt reaksiyaları ilə qarşılaşırdıq. Bu dillin əhəmiyyətini dərk edəndən sonra isə onlar dili öyrənməyə daha həvəslə yanaşırlar. Hətta digər fakültələrdən olan tələbələr belə dərslərimizə qatılıb erməni dilini öyrənmək istədiklərini bildirirlər”. Erməni dilinin 3 il 6 semestr tədris edildiyini bildirən müəllim dili öyrənməyin çətin olmadığını bildirdi: “İlk etaplarda bu dil haqqında heç bir məlumatları olmadığı üçün nisbətən çətin olur. Əlifbanı öyrəndikdən sonra isə tələbələr dili də rahatlıqla qavraya bilirlər”.
Aygün Cəfərli

banner

Oxşar Xəbərlər