• cümə, 26 Aprel, 13:21
  • Baku Bakı 23°C

Erməni diasporu Sarkisyanı devirəcəyi ilə hədələyir

02.02.17 09:00 969
Erməni diasporu Sarkisyanı devirəcəyi ilə hədələyir
Aprelin 2-də Ermənistanda keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı narazılıq və narahatlıq artmaqdadır. Əksəriyyət artıq indidən seçkilərin saxtalaşdırılacağını bəyan edir. Onların sırasına diaspor da qoşulub. Bəlli olduğu kimi, "Ermənistanda ədalət” adlı Təşəbbüs Qrupu hələ ötən ilin sonlarında 2017-ci ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkisini müşahidə edəcəyini bəyan edib. Erməni diasporunun tanınmış üzvlərinin yaratdıqları Təşəbbüs Qrupunun üzvü, tanınmış kanadalı rejissor Atom Eqoyan Los-Ancelesdə keçirilən forumda aprel seçkisinin nəticələrinin onlar üçün qabaqcadan bəlli olduğunu deyib.
"Real böhran budur ki, biz seçkidə nə olacağını bilirik və nəticələrlə barışmamalıyıq. Biz siyasi motivli həbslərə etiraz etməliyik. Seçkinin nəticələrini bilirik, amma indi seçkidən sonra nə olacağını düşünməli və erməni diasporu kimi bu ölkədəki proseslərdə biz də iştirak etməliyik. Gəlin lazım olsa ora gedək, küçələrdə oturaq”, - deyə Eqoyan bildirib.​ Eqoyanın həyat yoldaşı, kanadalı aktrisa Arsin Xancyansa deyib ki, təkcə seçkiləri müşahidə etməklə iş bitmir, xaricdə yaşayan Ermənistan vətəndaşları ölkəyə gedib səs verməlidirlər. "Nəyinsə dəyişməsinə hələ ki azacıq da olsa ümid var. Amma bu dəyişiklik yalnız bizim iştirakımızla mümkündür. Biz diaspor kimi status-kvonun (Dağlıq Qarabağ münaqişəsində) saxlanmasının yeganə yol olduğunu düşünməməliyik”,- deyə Xancyan bildirib. Forumda iştirak edənlərdən biri, yumorist Baqe Berberyansa deyib ki, onların işi təkcə Ermənistandakı hakimiyyətə təsir etmək yox, həm də ölkə sakinlərinə dəyişikliyin yolunu göstərməkdir. "İnsanlar həqiqətən də öz səslərini 5 min drama satırlar. Biz təkcə bu səsləri alan məmurlara yox, həm də onu satan insanlara təzyiq edirik ki, səslərini satmasınlar” – deyə Berberyan vurğulayıb.
Yeri gəlmişkən, erməni mətbuatı artıq indidən yazır ki,Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq. Bunu Ermənistanda çıxan "Joqovurd” ("Xalq”) qəzeti yazıb. Nəşrinyazdığına əsasən, seçkiqabağı dövrdə Ermənistan sakinlərinə çoxsaylı rüşvət təklifləri edilməyə başlanıb. Qəzet redaksiyasına bu məsələ ilə bağlı çoxsaylı məlumatlar daxil olur. Xəbərdə bildirilib ki, hakim Ermənistan Respublikaçılar Partiyası seçkidə saxtakarlıqlar etməyə hazırlaşır: "Ötən seçkidə hər seçiciyə 5-10 min dram rüşvət (təqribən 1-2 dollar ) verilirdisə, bu dəfə səsləri almaq üçün seçicilərə 100 dollar məbləğində rüşvət təklif ediləcək”. Qəzet onu da yazır ki, parlament seçkilərinə az qalmış, Ermənistan hökumətinin tərkibində növbəti dəyişikliklər həyata keçiriləcək. Nəşr Ermənistanın baş naziri Karen Karapetyanın ötən ilin sentyabr ayında hökuməti formalaşdıran və nazirləri təyin edən zaman seçdikləri şəxslərin ya silahdaşları olduğunu, ya da həmin vaxt daha yaxşı namizəd tapa bilmədiyini söylədiyini xatırladıb. "Mətbuatda isə dəfələrlə baş nazirin tempinə heç də bütün nazirlərin tab gətirməməsi və bunun hökumətin iclaslarında aydın görünməsi barədə informasiya yayılıb”, - qəzet yazıb. Nəşr Ermənistan hökumətinə yaxın mənbələrə istinadən yazıb ki, kabinetdə bəzi dəyişikliklər planlaşdırır: "Hətta onun özünün təyin etdiyi şəxslərə də rəhm etməyəcəyi bildirilir. Bu dəyişikliklərin parlament seçkilərinə qədər həyata keçiriləcəyi də istisna deyil”.
Baş nazir Karen Karapetyan bu günlərdə Ermənistanda fəaliyyət göstərən xarici diplomatların qarşısında bəyan edib ki, ölkə demokratik seçkilər keçirmək, korrupsiya ilə mübarizə etmək, geniş iqtisadi islahatlar aparmaq əzmindədir. "Serjik”in bu yaxınlardakı bəyanatını təkrarlayan baş nazir də bildirib ki, aprelin 2-də keçiriləcək parlament seçkiləri"tam yeni keyfiyyət”daşımalıdır. "Seçkilərin şəffaf keçməsi üçün hər şeyə hazırıq”, - deyə o bildirib. Onun sözlərinə görə, Ermənistanda hökumət korrupsiyasının miqyasını məhdudlaşdıracaq. "Vergidən yayınma və korrupsiya əleyhinə mübarizə aparmadan biznesə ədalətli və şəffaf mühit yarada, inkişafa nail ola bilmərik”, - deyə baş nazir çıxışında bu sözləri də səsləndirib.
Ölkə müxalifəti isə hökumətin islahatlar vədinə şübhə ilə baxır. Onlar deyirlər ki, hökumət xalqın hakimiyyətə qəzəbini yumşaltmaq üçün seçkiöncəsi belə vədlərə əl atır.
Yeri gəlmişkən, Qərb müşahidəçiləri hesab edirlər ki, getdikcə pisləşən iqtisadi vəziyyətə və 2012-ci ildə qazandığı seçki qələbəsinin legitimliyi ətrafında mübahisələrin davam etməsinə baxmayaraq, bu seçkidə prezident Serj Sarkisyanın partiyası parlament çoxluğunu əldə edəcək və koalisiya hökuməti quracaq. Lakin o da qeyd edilir ki, Sarkisyanın prezidentdən baş nazirə çevrilməsi bir o qədər də sadə olmayacaq və bunu əsaslandıran faktorlar mövcuddur. Ən əsası, son altı ildə əhəmiyyətli islahatlar, daha geniş demokratikləşdirmə vəd edən prezident vədlərinə əməl edə bilməyib. 2013-cü ilin fevralında keçirilmiş prezident seçkisi ərəfəsində də Sarkisyan vədlər vermişdi. Seçkidə Sarkisyan səslərin 58 faizini qazanıb 7 rəqibinə qalib gəlsə də, beynəlxalq müşahidəçilər seçkidə genişmiqyaslı saxtalaşdırmalar qeydə almışdılar. Lakin Sarkisyan nəinki bu vədlərini yerinə yetirməmiş, hətta 2013-cü ilin sentyabrında Avropa İttifaqı ilə üç il davam edən danışıqlardan sonra assosiasiya sazişini imzalamaqdan imtina edərək, ölkənin Avrasiya Gömrük İttifaqına qoşulmasına dair başqa bir müqaviləni imzalamışdı. O vaxt onun bu hərəkəti bir çox erməniləri məyus etmişdi.
Lakin son 12 ayda baş vermiş bir-birinə bağlı iki hadisə göstərdi ki, Sarkisyan yalnız vədlərlə əvvəlki kimi rahat hakimiyyət sürə bilməyəcək. Bu hadisələrdən biri ötən ilin aprelində Qarabağdakı 230 kilometrlik təmas xətti boyunca dörd gün davam edən müharibə idi. Bu müharibədə Ermənistan yüzlərlə əsgərini itirdi, Azərbaycansa 1990-cı illərdə itirdiyi ərazilərin çox kiçik hissəsini özünə qaytardı. Bu müharibədə erməni tərəfinin itkiləri silah-sursatın çatışmaması ilə əlaqələndirilmişdi. Bu isə erməni cəmiyyətində hakimiyyətin çoxdan cilovlamağı vəd etdiyi korrupsiyaya bir daha diqqət çəkdi. Bəlli olmuşdu ki, ölkədə baş alıb gedən korrupsiya artıq birbaşa milli təhlükəsizliyə hədə yaradır. İkinci hadisə isə iyul ayında "Sasna Tsrer” adlı silahlı qruplaşmanın Yerevanın mərkəzindəki polis şəhərciyini ələ keçirməsi, müxalifət liderlərindən Jirayr Səfilyanın azad edilməsi və Sarkisyanın istefasının tələb etməsi idi. 10-15 silahlının polis şəhərciyini əldə saxladığı günlərdə Yerevanda bu aksiyaya dəstək verən çoxminlik mitinqlər keçirilirdi. Bundan beş həftə sonra baş nazir Ovik Abramyan istefa verməli oldu, onun yerinə isə 53 yaşlı Karen Karapetyan gətirildi. Ekspertlər hesab edirlər ki, Rusiya Karen Karapetyana dəstək verir. Sarkisyan və keçmiş prezident Robert Köçəryan kimi, Karapetyan da Dağlıq Qarabağda doğulub. O özünü sanballı iqtisadi menecer kimi göstərə bilib. Keçmiş güləş çempionu, hazırda isə varlı biznesmen Qaqik Tsarukyan onunla bağlı deyib ki, "o nə etdiyini bilən adamdır”. Gəlinən qənaət budur ki, Karapetyan ölkənin hakim zümrəsi daxilindəki rəqabətdən ustalıqla faydalana və seçkilərdən sonra öz mövqeyini gücləndirə biləcək.
Azər
banner

Oxşar Xəbərlər