Erməni diaspor rəhbərinin Xocalı etirafı
Amerikadakı radikal erməni
lobbisinin təhriki ilə fevralın 28-də Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin
30-cu ildönümünə həsr olunmuş dinləmələr keçirilib. Bu dinləmələrdə lobbi
nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə
uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib. Dinləmələrin
ardınca zalda əyləşənlər şərh və suallar verməyə dəvət olunublar. Kaliforniyada
yaşayan Azərbaycan icmasının gənc üzvləri də bu fürsətdən yararlanaraq, konkret
faktlara əsaslanan sərt çıxışlar ediblər. Bununla həmyerlilərimiz dinləmələrdə səsləndirilən
fikirləri alt-üst edib, çıxışçıların yalanlarını ifşa ediblər. Bununla onlar
həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini əməlli başlı
sıxışdırıblar. Qeyd ediblər ki, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə
heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü
nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və
məcburi köçkün haqqında bəhs edilmir? Nə üçün dinləmələrə Azərbaycan icmasından
heç kim çıxış üçün dəvət olunmayıb və məsələlərə birtərəfli yanaşılması ilə
bağlı suallar ünvanlanıb? Azərbaycanlı gənclərin bu kimi sualları qarşısında pis
vəziyyətdə qalan və cavab verə bilməyərək hər vəchlə onlardan yayınmağa çalışan
senator E.Portantinonun köməyinə erməni icmasının üzvləri yetişməyə çalışıblar.
Lakin tutarlı faktlar,
haqlı suallar qarşılığında bu cəhdlər uğursuzluqla nəticələnib, onların özünü
gülünc vəziyyətinə salıb. Belə ki, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb
regionu üzrə direktoru Mihran Tumacan (Toumajan)çıxışında həm özünü, həm
də bütün erməniləri çətin duruma düşürüb. O, Ermənistanın Xocalıda dinc
azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri
ilə əslində özlərini ifşa edib. M.Tumacanın çıxışından həmin hissəni olduğu
kimi təqdim edirik:"Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi
fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri
soyqırımı adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc
yaşında həlak olmuş tanınmış Azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə
yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri
Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda gərgin
döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst
çıxması üçün dəhliz də açmışdılar. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə
bildilər, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən
reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki,
çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər”.
Söylənilənlərdən də
göründüyü kimi, erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs faktiki
olaraq Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə
yetirilməsini dilə gətirib. Mihran Tumacan (Toumajan) bu cinayətə öz aləmində
haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edib. Heç bir halda günahsız
və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə haqq
qazandırmaq olmaz. "Dağlıq Qarabağın
Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalıdan olan
millət vəkili Elman Məmmədov erməni lobbisinin rəhbərlərindən birinin
Xocalı soyqırımı ilə bağlı etirafını gözlənilən hadisə kimi dəyərləndirib.
Bildirib ki, son vaxtlar İrəvanda istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslər
Ermənistan siyasi hakimiyyətinin onları uçuruma sürükləməsi barədə açıqlamalar
verirlər: "Onların da içərisində bir az ədalətli olanları var və bu, qənaətbəxş
haldır. Əslində bu faciənin ermənilər tərəfindən törədilməsini 1992-ci il
fevralın 27-də etiraf ediblər. Həmin vaxt Zori Balayan kimi türk qanına susamış
erməni cani etiraf etmişdi ki, dostu Xaçaturla birlikdə Xocalıda körpə türk
uşağını divara mismarlayaraq işgəncə veriblər. Digər bir livanlı erməni
jurnalist isə etiraf etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib. Amma
onlar həmin vaxt dərk etmirdilər ki, nə deyirlər, ermənilərin törətdikləri
vəhşilik nədir və sair. Onlara bu faciənin miqyası sonradan çatdı. Amma bu gün
erməni lobbisinin rəhbərlərindən biri də təsdiqləyir ki, Ermənistan dövləti, silahlı
qüvvələri Xocalıda soyqırımı törədiblər və Ermənistana rəhbərlik edənlər və
onların ətrafları bu soyqırımında iştirak ediblər”.
Millət vəkili vurğulayıb
ki, bu gün başda Serj Sarkisyan olmaqla Ermənistan rəhbərliyində təmsil
olunanlar körpə, qoca, qadın, köməksiz insanların qatilləridir: "Ermənistanı
müdafiə edən, himayə edən dövlətlər ədalətlidirlərsə, bundan nəticə
çıxarsınlar. Amma bu günə qədər biz həmin dövlətlərin cinayətkarın yanında
olduğunu görmüşük. Bu etirafların sayı getdikcə çoxalacaq”.
"Xocalı
Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu bildirib ki,
Mihran Tumacanın söylədikləri Xocalı soyqırımı barədə ilk erməni etirafı deyil.
Onun sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan xarici
mediaya müsahibəsində Xocalı soyqırımında iştirakını bilavasitə etiraf edib:
"Sarkisyan deyib ki, Xocalı hadisəsinə qədər azərbaycanlılar dinc əhaliyə atəş
açmayacağımızı təsəvvür edirdilər, amma Xocalı hadisəsi ilə biz bu sindromu
dağıtdıq. Onlar özləri də etiraf edirlər ki, hadisələrin bu qədər geniş miqyas
alacağını təsəvvür etməyiblər. Bununla yanaşı, Xocalı hadisəsindən sonra hadisə
yerində çəkiliş aparan beynəlxalq jurnalistlər də azərbaycanlılara qarşı Ermənistan
silahlı qüvvələrinin törətdiyi qətliamı çəkib dünyaya göstəriblər. Dəhliz
məsələsinə gəlincə, ermənilərin bu barədə söylədikləri tamamilə ağ yalandır.
Mən özüm həmin hadisələrin şahidlərindən biriyəm. Gözümlə görmüşəm ki,
Xocalıdan çıxan və təhlükəsiz hesab edilən ərazi ilə hərəkət edən
azərbaycanlıların qarşısını ermənilər kəsib onları girov götürüblər, girovluqda
onların başına olmazın oyunlar açıb, işgəncələr verib, qətlə yetiriblər.
Halbuki, beynəlxalq qanunlara görə müharibə dövründə dinc əhaliyə qarşı silah
işlətmək, mənəvi-fiziki işgəncə vermək qadağandır. İnanıram ki, Ermənistan
siyasi rəhbərliyi, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən
şəxslər bu əməllərinə görə gec-tez cavab verəcəklər. Haçansa bu məqsədlə
qurulan beynəlxalq məhkəmədə Mihran Tumacanın, Serj Sarkisyanın, Zori Balayanın
və digərlərinin etirafları da bizim üçün faydalı olacaq. Bütün bu erməni
etirafları beynəlxalq məhkəmə üçün tutarlı sübutdur”.
Rufik
İSMAYILOV