• çərşənbə axşamı, 16 aprel, 12:40
  • Baku Bakı 19°C

Erməni diaspor rəhbərinin Xocalı etirafı

02.03.18 20:09 2365
Erməni diaspor rəhbərinin Xocalı etirafı
Amerikadakı radikal erməni lobbisinin təhriki ilə fevralın 28-də Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələr keçirilib. Bu dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib. Dinləmələrin ardınca zalda əyləşənlər şərh və suallar verməyə dəvət olunublar. Kaliforniyada yaşayan Azərbaycan icmasının gənc üzvləri də bu fürsətdən yararlanaraq, konkret faktlara əsaslanan sərt çıxışlar ediblər. Bununla həmyerlilərimiz dinləmələrdə səsləndirilən fikirləri alt-üst edib, çıxışçıların yalanlarını ifşa ediblər. Bununla onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini əməlli başlı sıxışdırıblar. Qeyd ediblər ki, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmir? Nə üçün dinləmələrə Azərbaycan icmasından heç kim çıxış üçün dəvət olunmayıb və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlanıb? Azərbaycanlı gənclərin bu kimi sualları qarşısında pis vəziyyətdə qalan və cavab verə bilməyərək hər vəchlə onlardan yayınmağa çalışan senator E.Portantinonun köməyinə erməni icmasının üzvləri yetişməyə çalışıblar.

Lakin tutarlı faktlar, haqlı suallar qarşılığında bu cəhdlər uğursuzluqla nəticələnib, onların özünü gülünc vəziyyətinə salıb. Belə ki, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb regionu üzrə direktoru Mihran Tumacan (Toumajan)çıxışında həm özünü, həm də bütün erməniləri çətin duruma düşürüb. O, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə əslində özlərini ifşa edib. M.Tumacanın çıxışından həmin hissəni olduğu kimi təqdim edirik:"Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırımı adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış Azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda gərgin döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdılar. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildilər, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər”.

Söylənilənlərdən də göründüyü kimi, erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs faktiki olaraq Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini dilə gətirib. Mihran Tumacan (Toumajan) bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edib. Heç bir halda günahsız və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə haqq qazandırmaq olmaz. "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalıdan olan millət vəkili Elman Məmmədov erməni lobbisinin rəhbərlərindən birinin Xocalı soyqırımı ilə bağlı etirafını gözlənilən hadisə kimi dəyərləndirib. Bildirib ki, son vaxtlar İrəvanda istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslər Ermənistan siyasi hakimiyyətinin onları uçuruma sürükləməsi barədə açıqlamalar verirlər: "Onların da içərisində bir az ədalətli olanları var və bu, qənaətbəxş haldır. Əslində bu faciənin ermənilər tərəfindən törədilməsini 1992-ci il fevralın 27-də etiraf ediblər. Həmin vaxt Zori Balayan kimi türk qanına susamış erməni cani etiraf etmişdi ki, dostu Xaçaturla birlikdə Xocalıda körpə türk uşağını divara mismarlayaraq işgəncə veriblər. Digər bir livanlı erməni jurnalist isə etiraf etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib. Amma onlar həmin vaxt dərk etmirdilər ki, nə deyirlər, ermənilərin törətdikləri vəhşilik nədir və sair. Onlara bu faciənin miqyası sonradan çatdı. Amma bu gün erməni lobbisinin rəhbərlərindən biri də təsdiqləyir ki, Ermənistan dövləti, silahlı qüvvələri Xocalıda soyqırımı törədiblər və Ermənistana rəhbərlik edənlər və onların ətrafları bu soyqırımında iştirak ediblər”.


Millət vəkili vurğulayıb ki, bu gün başda Serj Sarkisyan olmaqla Ermənistan rəhbərliyində təmsil olunanlar körpə, qoca, qadın, köməksiz insanların qatilləridir: "Ermənistanı müdafiə edən, himayə edən dövlətlər ədalətlidirlərsə, bundan nəticə çıxarsınlar. Amma bu günə qədər biz həmin dövlətlərin cinayətkarın yanında olduğunu görmüşük. Bu etirafların sayı getdikcə çoxalacaq”.

"Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu bildirib ki, Mihran Tumacanın söylədikləri Xocalı soyqırımı barədə ilk erməni etirafı deyil. Onun sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan xarici mediaya müsahibəsində Xocalı soyqırımında iştirakını bilavasitə etiraf edib: "Sarkisyan deyib ki, Xocalı hadisəsinə qədər azərbaycanlılar dinc əhaliyə atəş açmayacağımızı təsəvvür edirdilər, amma Xocalı hadisəsi ilə biz bu sindromu dağıtdıq. Onlar özləri də etiraf edirlər ki, hadisələrin bu qədər geniş miqyas alacağını təsəvvür etməyiblər. Bununla yanaşı, Xocalı hadisəsindən sonra hadisə yerində çəkiliş aparan beynəlxalq jurnalistlər də azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törətdiyi qətliamı çəkib dünyaya göstəriblər. Dəhliz məsələsinə gəlincə, ermənilərin bu barədə söylədikləri tamamilə ağ yalandır. Mən özüm həmin hadisələrin şahidlərindən biriyəm. Gözümlə görmüşəm ki, Xocalıdan çıxan və təhlükəsiz hesab edilən ərazi ilə hərəkət edən azərbaycanlıların qarşısını ermənilər kəsib onları girov götürüblər, girovluqda onların başına olmazın oyunlar açıb, işgəncələr verib, qətlə yetiriblər. Halbuki, beynəlxalq qanunlara görə müharibə dövründə dinc əhaliyə qarşı silah işlətmək, mənəvi-fiziki işgəncə vermək qadağandır. İnanıram ki, Ermənistan siyasi rəhbərliyi, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən şəxslər bu əməllərinə görə gec-tez cavab verəcəklər. Haçansa bu məqsədlə qurulan beynəlxalq məhkəmədə Mihran Tumacanın, Serj Sarkisyanın, Zori Balayanın və digərlərinin etirafları da bizim üçün faydalı olacaq. Bütün bu erməni etirafları beynəlxalq məhkəmə üçün tutarlı sübutdur”.
Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər