Erməni deputatlar Rusiya layihəsinə qarşı
"Avrasiya İqtisadi İttifaqı Ermənistanın bütün istiqamətlər üzrə
azadlıqlarını məhdudlaşdırır”. Bu qalmaqallı ittihamla Ermənistan parlamentinin
"Çıxış” blokundan olan deputatı Edmon Marukyan çıxış edib. Onun sözlərinə görə,
Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olandan bəri ölkədə plüralizm
əleyhinə mübarizə güclənməkdə davam edir. Deputat əlavə edib ki, çox tezliklə
mətbuatın fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin şahidi olacağıq.
"Çıxış” blokunun deputatı onu da deyib ki, Ermənistanın Avrasiya İqtisadi
İttifaqından çıxmasını nəzərdə tutan parlament qətnaməsi layihəsi hazırlayıblar.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı Ermənistana heç bir mənfəət
gətirməyib. Əvəzində təhlükəsizliklə bağlı problemləri dərinləşdirib,
işsizliyi, siyasi izolyasiyanı gücləndirib. Onun qənaətincə, bu birliyə
üzvlüyün gətirdiyi yeganə hal avtoritarizmin güclənməsi olub. Qərbyönümlü
deputat onu da deyib ki, təmsil etdiyi blok Avrasiya İqtisadi İttifaqına
üzvlüyün müsbət və mənfi tərəflərini araşdıracaq müvəqqəti komissiya
yaradılmasını təklif edib. Onun hazırlayacağı məlumatlar sonra parlamentə təqdim
olunacaq.
Beləliklə, Rusiyanın himayəsi altında qurulan Avrasiya İqtisadi
İttifaqına qarşı növbəti sərt çıxış forpost Ermənistandan gəlib. Sözsüz ki,
deputatın Aİİ əleyhinə çıxışı elə belə deyil və bunun arxasında hakimiyyət
durur. Məsələ ondadır ki, Rusiyanın lider olduğu quruma üzv qəbul olmaqla
Ermənistan hansısa bir əlavə üstünlüklər əldə edəcəyini düşünürdü, lakin bunun
əksi baş verdi. Ölkə ilə əməkdaşlıq edən Qərb strukturları onunla əməkdaşlıqdan
da boyun qaçırmağa başladılar. Avrasiya İqtisadi İttifaqına qarşı çıxmaqla,
hətta məsələni parlamentdə qaldırmaqla hakimiyyət Rusiyaya mesaj vermək istəyi
göz önündədir - daha çox güzəşt əldə etmək. Bu isə indiki halda mümkün deyil.
Rusiyanın özünün problemləri kifayət qədərdir. Abxaziya, Cənubi Osetiya, Dnestyanı
bölgə, Ukraynanın şərqindəki separatçı qurumların saxlanılması xeyli vəsait
tələb edir. Bundan əlavə, Krımda yaradılan oyuncaq dövləti saxlamaq da büdcədən
əlavə vəsaitlər ayırmağı tələb edir. Belə bir vəziyyətdə Rusiyanın ermənilərə
yardım etməsi ağlabatan görünmür.
Erməni deputatın söylədiyi fikirlərə və qaldırdığı təşəbbüsə
hakimiyyət reaksiya verib. Parlamentin vitse-spikeri Mikael Melkumyan hesab
edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi aktual
deyil. "Başa düşmək gərəkdir ki, Rusiyada bizim 100 mindən artıq insanımız
çalışır (əslində bu rəqəm bir neçə dəfə çoxdur-A.N.). Biz bu ittifaqdan çıxsaq
həmin insanların problemləri üzə çıxacaq. Həm də ay ərzində ölkəmizə daxil olan
180 mln. dollarlıq transferlər necə olacaq? Onların kəsilməsi baş verərsə, şox
böyük çətinlik yaşamış olarıq! Biz bu məsələni müzakirə edəcəyik. Lakin bu o
demək deyil ki, yanaşmamızı dəyişəcəyik. Biz Ermənistanın Avrasiya İqtisadi
İttifaqına üzv olmasına səs vermişik. Biz bu məsələlərə kompleks yanaşmanın
tərəfdarıyıq. Proseslərin necə olacağı, risklər barədə danışmaq istəmirəm,
lakin qəti deyə bilərəm ki, bu məsələ aktual deyil”, - deyə vitse-spiker
vurğulayıb. Onun fikirləri ilə razılaşan spiker Eduard Şarmazanov bildirib ki,
Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə
Müqavilə Təşkilatına inteqrasiyası prosesinə yenidən baxıla bilməz. Spiker
dərhal Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Türkiyə və Azərbaycan
tərəfindən mühasirə vəziyyətində olmalarını qabardıb. O bildirib ki, ölkənin
xarici siyasət prioritetləri əvvəlki tək qalır: "Bu prioritetlər erməni-rus
müttəfiqlik münasibətləri, Ermənistanın KTMT və Aİİ-yə üzvlüyü məsələləridir.
Onlar nəinki yenidən nəzərdən keçirilməsi, əksinə, genişlənmə tendensiyası
olması gündəmdədir”.
Lakin rəsmilərin fikirlərinə baxmayaraq, siyasi dairələrdə, mətbuatda
Rusiya əleyhinə ittihamlar və məqalələrin sayı artmaqda davam edir. Bu dəfə
mətbuatın hədəfi Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin olub. Səfir
jurnalistlərə söhbətində Ermənistanın Aİİ-dən çıxmaq məsələsinə toxunub. O
bildirib ki, Ermənistan qurumun tərkibindən çıxmaq barədə azaddır: "Lakin
əhalinin böyük bir qismi bununla razı olmayacaq. Çünki, bu quruma üzvlüyün
üstünlükləri var”. Erməni nəşrlərinin bu üstünlüyün nədən ibarət olduğu barədə
sualına isə səfir cavab verməyib. Jurnalistlərin başqa bir sualı Rusiyanın
Ermənistana silah satması ilə bağlı olub. "Rusiya Ermənistanla müharibə edən
Azərbaycana silah verir. Eyni zamanda, Rusiya prezidenti Qərbi Ukraynaya silah
verməkdə ittiham edir” sualına isə səfir cavab vermək istəməyib. Səfir bildirib
ki, diplomatın öz ölkəsinin açıqlamalarını şərh etməsi etik cəhətdən düzgün
deyil. Mövzunu davam etdirmək istəyən jurnalistə isə səfir sərt formada
təpinib. Özündən çıxan səfir "sizin başqa mövzunuz varsa, gəlin, onu müzakirə
edək. Bununla bağlı çox danışılıb və Rusiya tərəfi məsələ ilə bağlı dəfələrlə
açıqlama verib”, - deməklə kifayətlənib. Lakin jurnalist daha sonra "Rusiya
Azərbaycana silah satmaqda davam edəcəkmi” sualını verib. Səfir "Ay Allah axı
siz nə istəyirsiniz məndən? Mən axı dedim bu mövzuda sizinlə danışmaq
istəmirəm. Bu sualınıza cavab verməyəcəyəm. Rusiya Ermənistana da silah satıb”,
- deyə səfir fikrini tamamlayıb.
Maraqlıdır ki, parlament sədrinin Aİİ-yə üzvlük dövründə ölkədə
müsbət iqtisadi göstəricilərin əldə olunduğunu iqtisadçı ekspert Vaaqn
Xaçatryan tam alt-üst edib. Onun sözlərinə görə, məhz ağır sosial-iqtisadi
durum üzündən Ermənistana xarici sərmayələr qoyulmur. Ekspert vurğulayır ki,
hazırda bu ölkəyə ancaq hakimiyyətdə güclü dayağı olanlar və elə hakimiyyətin
öz nümayəndələri sərmayə yatırır.
Daha maraqlısı odur ki, Rusiyadan gələn sərmayənin də həcmi nəzərəçarpacaq
dərəcədə azalıb, əvəzində isə Rusiyaya istiqamətlənən sərmayənin həcmi artıb:
"Bu isə o deməkdir ki, hətta rus kapitalının da artıq Ermənistana inamı
qalmayıb”.
Yaranmış vəziyyəti şərh edən başqa bir ekspert Armen Rustamyan artıq
Ermənistan iqtisadiyyatının çökdüyünü bildirir: "Erməni xalqı xaricdən gələn
kreditlər və ianələrin hesabına yaşayır. Hazırda Ermənistan əhalisinin böyük
əksəriyyəti yoxsulluq içindədir. Bu, çox acınacaqlı durumdur, bizim
iqtisadiyyat vaxt keçdikcə daha da pisləşir. Ölkənin rəhbəri hansısa bir tədbir
görməyi belə, düşünmür”.
Azər NURİYEV