Erməni deputatlar mart qırğınını müzakirə edəcəklər
Ötən gün Ermənistan parlamenti yekdilliklə "Çıxış” blokunun təşəbbüsü
ilə hazırlanan "2008-ci il 1-2 mart hadisələri” barədə bəyanatı gündəliyinə
daxil edib. Blokun rəhbəri Nikol Paşinyan bildirib ki, onların məramı 2008-ci
il mart hadisələri zamanı törədilən qətllərin üzə çıxarılmasıdır. Əlavə edib
ki, hakimiyyətə həmin hadisələrlə bağlı "səhifənin” qapanmadığını və
günahkarlar məhkəmə qarşısında dayanmayana qədər prosesin davam edəcəyini sübut
etmək istəyirlər. Onun sözlərinə görə, 2008-ci il 1 mart hadisələri açılmadan
Ermənistanda ədalətli seçkilərdən söhbət gedə bilməz. "2008-ci ildə də Sarkisyan
hakimiyyətə seçkiləri saxtalaşdırmaq yolu ilə gəlmişdi və o vaxt bu, ölkədə
qarşıdurmaya səbəb olmuşdu. Sarkisyanın hər dəfə seçkiləri saxtalaşdırması və
hakimiyyəti qoruyub saxlamağa cəhd etməsi buna etiraz edən xalqın, siyasi
güclərin meydana çıxmasına gətirib çıxaracaq. 2008-ci ildə də belə olmuşdu və
xalq Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə prezident seçilməsinə etiraz
edərək küçələrə çıxmışdı”, - deyə o bildirib. Erməni mediası yazır ki, o vaxt
xalqın dinc etiraz aksiyasını dağıtmaq üçün Sarkisyanın köməyinə Moskvadan
"Alfa” qrupu göndərilmişdi.
Etiraz aksiyası silah gücünə yatırılarkən isə
ölənlər, yaralananlar və həbsə atılanlar oldu. İndi də Ermənistanda oxşar
vəziyyət əmələ gəlib. Hakimiyyət isə hesab edir ki, müxalifət 2008-ci ilin 1 mart
hadisələrini yenidən gündəmə gətirərək bundan hakimiyyətə qarşı istifadə etməyə
çalışır. "Ermənistan Milli Konqresi” Partiyasının yaydığı bəyanatda da bildirilir
ki, "2008-ci ilin 1 mart iğtişaşları hələ də doğru-düzgün araşdırılmayıb. "Həmin
vaxt fevralın 19-da prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq
on gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10
nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Bundan sonra ölkədə iyirmi günlük
fövqəladə vəziyyət elan edilib. Hakimiyyətə loyal olmayan KİV-in fəaliyyəti
dayandırılıb. Seçki marafonunun əsas favoriti olan müxalifət namizədi Levon
Ter-Petrosyan 2008-ci il seçkilərinin nəticələrini indiyədək tanımayıb. Onun
təşkilatçılığı ilə paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirilib”.Bəyanatda
o da deyilir ki, qanlı 1 mart Ermənistanın tarixində rüsvayçı hadisədir: "Eyni
zamanda oktyabrın 27-də parlamentə hücumdan sonra erməninin ermənini gülləbaran
elədiyi ikinci böyük hadisədir. Xalqın qanını tökərək hakimiyyətə gələn Serj
Sarkisyan rejimi bu illər ərzində Ermənistanı ancaq uçuruma aparıb. Əhali
səfalət içindədir. Ölkə iqtisadiyyatı isə tamamilə iflasa uğrayıb. Ermənistan
regionda təcrid vəziyyətinə düşüb”. O da bildirilir ki, 2008-ci ilin martında
baş vermiş qanlı iğtişaşlardan sonra Ermənistanın əsl bəlası başlayıb. Hakimiyyəti
zorla ələ keçirən cinayətkar Serj Sarkisyan hökuməti bu müddətdə ölkəni
tamamilə iflasa uğradıb və regionda təcrid vəziyyətinə salıb. Ermənistan Milli
Konqresinin təmsilçisi Aram Manukyan da bildirib ki, onlar ədalətli məhkəmə və
bunun üçün xüsusi komissiya yaradılmasını tələb etsələr də bu, hələ də baş
verməyib. Onun sözlərinə görə, hakimiyyət bugünədək həmin cinayəti törədənlərə
və onların rəhbərlərinə hansı cəza kəsilməsinə, ölənlərin ailələrinə hansı
kompensasiya verilməsinə aydınlıq gətirməyib.
Əksəriyyət hesab edir ki, Ermənistanda 2008-ci ildəki vəziyyət təkrar
olunma ehtimalı güclüdür.
Xatırladaq ki, 10 il bundan öncə Ermənistan qanlı hadisələrə ev
sahibliyi etdi. O zaman gözləntilərin əksinə olaraq eks-prezident Levon-Ter
Petrosyanın tərəfdarları meydanlara minlərlə insanı toplamağa müvəffəq oldular.
Hakimiyyət siyasi nokdaun vəziyyətinə salındı. İstefalar, qarışıqlıq
vəziyyətində hakimiyyət çıxış yolunu insanları gülləbaran etməkdə gördü.
Maraqlısı odur ki, o zaman hətta birinci prezidentin sadiq tərəfdarlarının
ağlına belə gəlməzdi ki, 20 il sonra Petrosyan ikinci dəfə ümumxalq hərəkatına
rəhbərlik edə bilər. Lakin Petrosyan güclü ümumxalq hərəkatı təşkil etsə də, öz
ətrafında əlverişli beynəlxalq kontekst formalaşdıra bilmədi. Beləliklə, mart
qətliamını törətməklə Serjik bir növ xalqın gözünü qorxuda bildi və açıq
şəkildə bəyan etdi ki, hakimiyyəti saxlamaq üçün istənilən qırğına getməyə
hazırdır. O ki qaldı Petrosyanın uğur qazana bilməməsinə, sözsüz ki, burada
onun zəifliyi, eləcə də beynəlxalq dəstəyinin olmaması rol oynadı. Beynəlxalq
dəstək dedikdə, sözsüz ki söhbət Rusiya amilindən gedir. Moskva istəmədi ki,
vaxtilə vəzifəsindən uzaqlaşdırdığı şəxs yenidən hakimiyyətə qayıtsın. Heç kimə
sirr deyil ki, Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında kompromislərə hazır olması Kremldə narazılıqla qarşılanırdı. Bu
səbəbdən də 2008-ci il seçkilərində Petrosyana hər hansı bir dəstək vermədi.
İstənilən halda, mart qətliamı erməni tarixinə qara hərflərlə düşdü və bir daha
göstərdi ki, rejim hakimiyyətdə qalmaq naminə minləri, on minləri belə qurban
verməyə hazırdır.
Azər NURİYEV