• şənbə, 20 Aprel, 03:28
  • Baku Bakı 15°C

Erməni deputatlar mart qırğınını müzakirə edəcəklər

01.03.18 09:00 505
Erməni deputatlar mart qırğınını müzakirə edəcəklər
Ötən gün Ermənistan parlamenti yekdilliklə "Çıxış” blokunun təşəbbüsü ilə hazırlanan "2008-ci il 1-2 mart hadisələri” barədə bəyanatı gündəliyinə daxil edib. Blokun rəhbəri Nikol Paşinyan bildirib ki, onların məramı 2008-ci il mart hadisələri zamanı törədilən qətllərin üzə çıxarılmasıdır. Əlavə edib ki, hakimiyyətə həmin hadisələrlə bağlı "səhifənin” qapanmadığını və günahkarlar məhkəmə qarşısında dayanmayana qədər prosesin davam edəcəyini sübut etmək istəyirlər. Onun sözlərinə görə, 2008-ci il 1 mart hadisələri açılmadan Ermənistanda ədalətli seçkilərdən söhbət gedə bilməz. "2008-ci ildə də Sarkisyan hakimiyyətə seçkiləri saxtalaşdırmaq yolu ilə gəlmişdi və o vaxt bu, ölkədə qarşıdurmaya səbəb olmuşdu. Sarkisyanın hər dəfə seçkiləri saxtalaşdırması və hakimiyyəti qoruyub saxlamağa cəhd etməsi buna etiraz edən xalqın, siyasi güclərin meydana çıxmasına gətirib çıxaracaq. 2008-ci ildə də belə olmuşdu və xalq Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə prezident seçilməsinə etiraz edərək küçələrə çıxmışdı”, - deyə o bildirib. Erməni mediası yazır ki, o vaxt xalqın dinc etiraz aksiyasını dağıtmaq üçün Sarkisyanın köməyinə Moskvadan "Alfa” qrupu göndərilmişdi.
Etiraz aksiyası silah gücünə yatırılarkən isə ölənlər, yaralananlar və həbsə atılanlar oldu. İndi də Ermənistanda oxşar vəziyyət əmələ gəlib. Hakimiyyət isə hesab edir ki, müxalifət 2008-ci ilin 1 mart hadisələrini yenidən gündəmə gətirərək bundan hakimiyyətə qarşı istifadə etməyə çalışır. "Ermənistan Milli Konqresi” Partiyasının yaydığı bəyanatda da bildirilir ki, "2008-ci ilin 1 mart iğtişaşları hələ də doğru-düzgün araşdırılmayıb. "Həmin vaxt fevralın 19-da prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq on gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Bundan sonra ölkədə iyirmi günlük fövqəladə vəziyyət elan edilib. Hakimiyyətə loyal olmayan KİV-in fəaliyyəti dayandırılıb. Seçki marafonunun əsas favoriti olan müxalifət namizədi Levon Ter-Petrosyan 2008-ci il seçkilərinin nəticələrini indiyədək tanımayıb. Onun təşkilatçılığı ilə paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirilib”.Bəyanatda o da deyilir ki, qanlı 1 mart Ermənistanın tarixində rüsvayçı hadisədir: "Eyni zamanda oktyabrın 27-də parlamentə hücumdan sonra erməninin ermənini gülləbaran elədiyi ikinci böyük hadisədir. Xalqın qanını tökərək hakimiyyətə gələn Serj Sarkisyan rejimi bu illər ərzində Ermənistanı ancaq uçuruma aparıb. Əhali səfalət içindədir. Ölkə iqtisadiyyatı isə tamamilə iflasa uğrayıb. Ermənistan regionda təcrid vəziyyətinə düşüb”. O da bildirilir ki, 2008-ci ilin martında baş vermiş qanlı iğtişaşlardan sonra Ermənistanın əsl bəlası başlayıb. Hakimiyyəti zorla ələ keçirən cinayətkar Serj Sarkisyan hökuməti bu müddətdə ölkəni tamamilə iflasa uğradıb və regionda təcrid vəziyyətinə salıb. Ermənistan Milli Konqresinin təmsilçisi Aram Manukyan da bildirib ki, onlar ədalətli məhkəmə və bunun üçün xüsusi komissiya yaradılmasını tələb etsələr də bu, hələ də baş verməyib. Onun sözlərinə görə, hakimiyyət bugünədək həmin cinayəti törədənlərə və onların rəhbərlərinə hansı cəza kəsilməsinə, ölənlərin ailələrinə hansı kompensasiya verilməsinə aydınlıq gətirməyib.
Əksəriyyət hesab edir ki, Ermənistanda 2008-ci ildəki vəziyyət təkrar olunma ehtimalı güclüdür.
Xatırladaq ki, 10 il bundan öncə Ermənistan qanlı hadisələrə ev sahibliyi etdi. O zaman gözləntilərin əksinə olaraq eks-prezident Levon-Ter Petrosyanın tərəfdarları meydanlara minlərlə insanı toplamağa müvəffəq oldular. Hakimiyyət siyasi nokdaun vəziyyətinə salındı. İstefalar, qarışıqlıq vəziyyətində hakimiyyət çıxış yolunu insanları gülləbaran etməkdə gördü. Maraqlısı odur ki, o zaman hətta birinci prezidentin sadiq tərəfdarlarının ağlına belə gəlməzdi ki, 20 il sonra Petrosyan ikinci dəfə ümumxalq hərəkatına rəhbərlik edə bilər. Lakin Petrosyan güclü ümumxalq hərəkatı təşkil etsə də, öz ətrafında əlverişli beynəlxalq kontekst formalaşdıra bilmədi. Beləliklə, mart qətliamını törətməklə Serjik bir növ xalqın gözünü qorxuda bildi və açıq şəkildə bəyan etdi ki, hakimiyyəti saxlamaq üçün istənilən qırğına getməyə hazırdır. O ki qaldı Petrosyanın uğur qazana bilməməsinə, sözsüz ki, burada onun zəifliyi, eləcə də beynəlxalq dəstəyinin olmaması rol oynadı. Beynəlxalq dəstək dedikdə, sözsüz ki söhbət Rusiya amilindən gedir. Moskva istəmədi ki, vaxtilə vəzifəsindən uzaqlaşdırdığı şəxs yenidən hakimiyyətə qayıtsın. Heç kimə sirr deyil ki, Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazır olması Kremldə narazılıqla qarşılanırdı. Bu səbəbdən də 2008-ci il seçkilərində Petrosyana hər hansı bir dəstək vermədi. İstənilən halda, mart qətliamı erməni tarixinə qara hərflərlə düşdü və bir daha göstərdi ki, rejim hakimiyyətdə qalmaq naminə minləri, on minləri belə qurban verməyə hazırdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər