• şənbə, 20 Aprel, 13:36
  • Baku Bakı 23°C

Erməni cəmiyyətinin ümidsizliyi və etirafları

23.10.20 16:00 484
Erməni cəmiyyətinin ümidsizliyi və etirafları
"Cavan oğlanlarımız qırılır, bu..."

Bir aya yaxındır ki, dünyanın diqqəti Cənubi Qafqaza, daha dəqiq desək, Azərbaycanın apardığı azadlıq mübarizəsinə yönəlib. Türk mediasının "Azadlıq müharibəsi” adlandırdığı hərbi əməliyyatlar müzəffər ordumuzun qalibiyyəti ilə davam edir. Şanlı ordumuz şəhərləri, kəndləri azad edir, insanların 30 illik yurd həsrətinə son qoyur. Hərbi əməliyyatlar zəfərlərlə yanaşı, bir çox məsələlərə də aydınlıq gətirmiş oldu. İlk növbədə uğursuzluqlar erməni cəmiyyətində xaos, ümidsizlik və bədbinlik hallarını artırmış oldu. Hətta iş o yerə çatıb ki, hər kəs erməni diplomatiyasının uğursuzluğundan açıq şəkildə danışır. Onlardan bəzilərinə nəzərə salaq. Məsələn, xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyanın səsləndirdiyi etiraf erməni cəmiyyətində şok effekti doğurub. O bildirib ki, 30 il ərzində ermənilər Qarabağ münaqişəsi ilə bağlı öz həqiqətlərini dünyaya çatdıra bilmədilər. Keçmiş erməni məmuru da "beynəlxalq hüquq müdafiə təşkilatlarının Qarabağda indiki müharibə məsələsində praktiki olaraq, fəaliyyət göstərmədiklərindən və yalnız ümumi bəyanatlarla, sülhə çağırışlarla kifayətləndiklərindən” şikayətlənib.
A.Navasardyanın fikrincə, bütün bunlarda erməni diplomatiyasının da səhvləri var. Faşist təfəkkürlü keçmiş diplomat etirafında "unudur” ki, işğalçı dövlət uğursuzluğunu tək diplomatiyada deyil, öz faşist mahiyyətində axtarmalıdır. Başqa bir erməni ekspert, faşist təfəkkürlü Semyon Baqdasarov isə ermənilərin məğlubiyyətini Rusiyanın rolunu lazımı şəkildə qiymətləndirməməkdə görür. Bildirir ki, bununla bağlı vaxtilə çox deyib, ancaq ona qulaq asan olmayıb. Nəticədə, belə bir acınacaqlı vəziyyət yarandı. Bundan əlavə, erməni cəmiyyətində bütün bəlaların kökünü hazırkı hakimiyyətdə görənlərin də sayı durmadan artır. Məsələn, Paşinyan və yaxud ailə üzvlərinin səsləndirdikləri hər hansı bir fikir cəmiyyətdə qıcıq yaradır. Paşinyanın xanımı "sülh göyərçini” Anna Akopyanın "vətənpərvər” ruha hesablanmış fikirləri erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb. O, ərinin uğursuz şəkildə rəhbərlik etdiyi erməni ordusundakı itkiləri doldurmaq üçün xalqa çağırış edib. Anna yazıb: "Əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb”. Müxalif erməni saytları bu cür şablon, "vətənpərvər” çağırışlardan çox, ortaya real, uğurlu iş qoymağı vacib sayıblar. Akopyanın sözlərini onun hərbi formadakı fotoları ilə paylaşan məşhur ermənisosial şəbəkə səhifələrindən birində təhqir və ağır ittihamlarla dolu geniş müzakirələr açılıb. Şərhlərdə daha çox Sorosun əlaltısı kimi təqdim edilən Paşinyanın ailəsinə nəzarəti itirdiyi qeyd edilir. Daha çox diqqət çəkən məqam isə şərhlərdəki Nikola aid karikaturalar yüzlərlə bəyənmənin gəlməsidir. Bu cür təhqirlərlə öz aqressiyasını bildirən xeyli sayda erməni Paşinyanın özünün və komandasının ön cəbhədə olmasını vacib sayıb. Akopyana gələn etiraz şərhlərinin bir neçəsinə baxaq. Armen Aramyanadlı istifadəçi Ermənistan hökumətinin nazir və məmurlarının fotokollajını paylaşaraq qeyd edir ki, əvvəlcə döyüşə Sorosun erməni komandasını göndərin.
Anaida Koryanadlı istifadəçi isə yazır ki, Paşinyanın arvadının müharibə çağırışları yersizdir, onun döyüşlər, müharibə haqqında anlayışı belə yoxdur: "Biz erməni qadınları hazırda baş verənləri böyük ağrı ilə izləyirik. İtirdiyimiz kişilər geri dönməyəcəklər, hamısı da həyat təcrübəsi olmayan azyaşlı oğlanlardır”.
Arusyak Şahverdiyan yazıb:"Anna xanım, sizdən xahiş edirik, ərinizə təsir edin, vəzifədən getsin. Bəlkə də yaxşı rəhbər deyilsiniz, imkan verin bu işləri bacaranlar gəlsinlər. Cavan oğlanlarımız qırılır, bu, ağır günahdır!” Şərhlərin əksəriyyəti gənclərin kütləvi şəkildə qırılmaları ilə bağlı olsa da, bəziləri erməni cəmiyyətini bu hala düşməsinin səbəbini axtarıb.Sveta Martirosyanqeyd edib ki, sosial şəbəkələrdə bir-birinizi qırmaqdan utanmırsınızmı? Bu cür ittihamlarla, söz davaları ilə azərbaycanlıları sevindirmiş olursunuz. Hamımız silaha sarılmalıyıq, yoxsa vətənimizin sonu gələcək.
Xatırladaq ki, bu, Paşinyan ailəsinin sosial şəbəkələrdəki ilk qıcıq yaradan paylaşımı deyil. Nikolun qızı da özünün "Facebook” səhifəsində pessimist paylaşım etməsi ilə qınaq obyekti olmuşdu. O, erməni əsgərləri ilə bağlı xəyallarının puç olduğunu yazmışdı.
Erməni ictimai xadim Hraç Cabrayan yazır: "Hörmətli hakimiyyət. Hörmətli baş nazir, sadəcə, dürüst olun və bizə deyin, nə qədər qurbanımız var və nə qədər ərazi itirmişik? Bu, bütün ermənilər üçün düşmənin neçə tankını vurduğumuzdan və ya ölmüş neçə meyitin olduğundan daha vacibdir. Kor dəstənizin biz daşnakları xain adlandırmasına baxmayaraq, biz vətən naminə sizin yanınızda sona qədər mübarizə aparacağıq”. Sosial şəbəkələrin erməni seqmentindən məlum olur ki, ermənilər təşviş içindədir. Onlar Paşinyanın istefasını tələb edir, Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşır və itkilərin açıqlanmamasına biganə qalmırlar. Öz növbəsində erməni politoloq Qaqik Hambaryan Ermənistanın hazırkı vəziyyətinə görə Paşinyanı cavabdeh hesab edib. "Nikol Paşinyan, bu gün cavabdeh sizsiniz, siz danışıqlara təmiz kağızdan başlamağa çalışıbsınız”, - deyə Hambaryan qeyd edib.
Yeri gəlmişkən, erməni mediası bu qədər ağır bir dövrdə Paşinyan hakimiyyətinin müxalifəti hədəfə almasını qabardır. Məsələn, erməni müxalif siyasi şərhçi Menua Harutyunyan bu yaxınlarda bildiriş alıb və orduya çağırılıb. Bu fakt bir sıra epizodlarla təəccüblüdür. Erməni KİV-ləri yazır ki, Harutyunyan hərbi xidmət keçməyib və bəlkə də qoşunların ehtiyatında olmamalı idi, yaxud bu, onun orduya çağırılması məsələsində əngəl olmasa belə, hərbi xidmət keçməmiş 40 yaşlı bir şəxs hərbi baxımdan faydalı ola bilməz, özü də təbiətinə görə 90-cı illərdən əhəmiyyətli dərəcədə fərqlənən və əsasən texnoloji mübarizə olan bu müharibədə.
Lakin ən diqqətçəkən məqam odur ki, Menua bu müharibə günlərində hakimiyyətə və xüsusən də Paşinyana yönəlmiş kəskin tənqidlə çıxış etdiyi son mətbuat konfransından sonra bildiriş alıb. O bildirib ki, baş nazirin oğlu həqiqətən də sərhədə çağırılıbsa, bunu faktlarla ictimaiyyətə sübut etməlidirlər. Üstündən az keçməmiş hakimiyyət onu cəzalandırmaq qərarına gəlib.
Beləliklə, erməni cəmiyyəti xaos və başıpozuq vəziyyətdə çabalayır. Ən ağır olan odur ki, bu xalq hələ də düşdüyü vəziyyətin ağırlığını anlamır. Başa düşmür ki, belə bir vəziyyət onların bir xalq kimi yer üzündən silinməsi ilə nəticələnə bilər və hələ ki, gec deyil qəflət yuxusundan ayılmaq vaxtıdır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər