• cümə axşamı, 25 aprel, 10:56
  • Baku Bakı 14°C

Erməni cəmiyyətinə adekvat olmayan saat

20.08.20 18:12 2062
Erməni cəmiyyətinə adekvat olmayan saat

Ekspertlərin fikrincə, qanuni qazancla milyonluq saat bağlamaq Paşinyan üçün mümkünsüzdür


Ermənistan küçələrindən "demokratik” şüarlarla erməni cəmiyyətinə özünü sırıyaraq hakimiyyətə sahib olan Paşinyan, indi verdiyi vədləri arxa plana keçirib. Ermənistan hakimiyyətinin hələ Sarkisyan dönəmindən də əvvəl korrupsiyaya, rüşvətxorluğa bulaşması hər kəsə bəlli idi. Lakin Paşinyanın verdiyi vədlər sırasında korrupsiya və rüşvətxorluqla mübarizə ön planda olsa da, indi bunu tam əksi müşahidə olunur. Bir müddət əvvəl BBC telekanalının "Hard Talk” proqramında özünün ziddiyyətli və əlaqəsiz fikirləri ilə biabır edən Paşinyanla bağlı daha bir maraqlı məsələ ortaya çıxmış oldu. Müsahibə zamanı Paşinyanın qolundakı 1,3 milyonluq saat tək Ermənistan cəmiyyətinin deyil, eləcə də dünyanın diqqətindən yayınmayıb. Təmtəraqlı həyat şəraitinin olmasını gözlərdən gizlətməyə çalışan Paşinyan, görəsən indi qolundakı milyonluq saata sahibliyini gizlədə biləcəkmi?
Kasıb, xaricdən alınan ianə hesabına yaşayan Ermənistanın baş nazirinin belə bahalı aksesuarlardan istifadə etməsi, onun özünün və ailəsinin adının qaçaqmalçılıq, korrupsiyada hallanmasının həqiqət olduğunu göstərirmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyevbildirdi ki, Paşinyanın BBC telekanalında yayımlanan "Hard talk” verilişindəki müsahibəsi, adından da göründüyü kimi onun üçün çox ağır oldu: "Artıq Ermənistan cəmiyyəti də Paşinyanın bu verilişdəki çıxışını və suallara verdiyi cavabları dövlətin mənafeyi baxımından dərin təhlil edərək, artıq yekun qənaətə gəlib. Bu qənaət ondan ibarətdir ki, erməni cəmiyyəti Paşinyanın bu müsahibə ilə Ermənistanın mövqeyini uduzduğu fikrinə hakim olub. Onun həm ingilis dilində yaxşı danışmaması, həm suallara arqumentli şəkildə cavab verə bilməməsi, əslində Ermənistanın arqumentsiz, haqsız və ədalətsiz mövqeyini çox uğursuz bir formada müdafiə etməsi, Paşinyanı Ermənistan cəmiyyətinin gözündən bir daha saldı. Bir yandan da Paşinyanın qolundakı saat diqqətdən yayınmayıb. Əlbəttə ki, Paşinyanın qolundakı saat kiçik bir nüansdır. Amma bu qol saatı Ermənistan cəmiyyətinə Paşinyanın hakimiyyətə gələrkən ucadan söylədiyi şüarlarla, onun bu gün malik olduğu yaşayış səviyyəsi arasında böyük bir ziddiyyətin olması barədə rəy yaradır. Erməni cəmiyyəti görür ki, cəmi iki əvvəl hakimiyyətə hay-küylə, demokratik şüarlarla gəldiyini iddia edən və böyük vədlər verən bir şəxsin indi qolunda milyonluq saat var”.
A.Qilyev qeyd etdi ki, əslində Paşinyanın qolundakı saat onun qanuni mənbələrdən əldə etdiyi maliyyə hesabına yaşayışa malik olmasına ciddi şübhələr oyadır: "Çünki qanuni mənbələrə söykənən yaşayışın üzərində dəbdəbə yaratmaq mümkünsüzdür. Qanuni qazanclarla qola milyonluq saat bağlamaq Paşinyan üçün mümkünsüzdür. O, böyük iş adamı, biznesmen deyil ki, belə bir imkana sahib olsun. İkinci bir tərəfdən, Ermənistan cəmiyyəti hədsiz dərəcədə kasıbdır. Onların kasıb yaşamasından biri də elə məhz Paşinyanın apardığı siyasətdir. Çünki son iki ildə Ermənistan cəmiyyətindəki sosial-iqtisadi fəlakətlər məhz Paşinyanın da apardığı siyasətin sayəsində belə bərbad vəziyyətə gəlib düşüb. Cəmiyyət, istər-istəməz, görür. Paşinyanın vədlərini doğrultmaması, ölkəni daha dərin uçuruma yönəltməsi və bunun qarşısında isə özünün bahalı bir saatla publika arasına çıxması, sözsüz ki, cəmiyyəti baş nazirə qarşı qıcıqlandırır. Eyni zamanda Paşinyanın bir dövlət başçısı, ciddi bir missiya aparan persona olaraq qolunda belə bahalı bir saatla gəzməsinin özü də müsbət göstərici sayıla bilməz. Fərqi yoxdur, o, bu saatı öz pulu ilə alıb, kimsə ona hədiyyə verib. Bunun məsələyə aidiyyəti yoxdur. Sadəcə dövlət başçısı kimi ciddi missiyası olan bir adamın bu cür aksesuarlarla özünü reklam etməsi çox uyğunsuz bir davranışdır. Əksinə, daha ciddi davranış ona başucalığı gətirərdi. Sadə bir qol saatının bağlanması Paşinyanın vəziyyətində Ermənistan cəmiyyətində daha yaxşı effekt doğura bilərdi, nəinki acından ölən bir cəmiyyətin rəhbəri kimi bir milyonluq saatla publika qarşısına çıxmaq. Əslində bu, onun fiaskolarından biridir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində sosial-iqtisadi vəziyyətin stabilləşdirilməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində islahatlara getmədi: "Əvəzində Paşinyan ümumi olaraq, imitasiya xarakterli addımlar atdı. Bu gün Ermənistan vətəndaşları iki il ərzində sosial rifahın yaxşılaşdırılması istiqamətində hakimiyyətin mütərəqqi addımların görməyib. Buna baxmayaraq, Nikol Paşinyan öz dəbdəbəli həyat tərzini sosial şəbəkədə paylaşır, müsahibələrində reklam edir. Qolundakı milyon dollar dəyərində saatı taxmaqla, bir növ öz hakimiyyətinin verdiyi rahatlıqdan istifadə edir”.
M.Əsədullazadə vurğuladı ki, yoxsul bir ölkənin baş nazirinin bu milyon dollarlıq saat taxması, özü də xalqın etirazları fonunda hakimiyyətə gələn və xalqın yaşayışını yaxşılaşdıracağına söz verən bir siyasətçi üçün ən ləyaqətsiz haldır: "Paşinyan, ümumiyyətlə, iki il ərzində yalnız öz şəxsi varidatını artırmaqla məşğul olub. Onun adı qiymətli daşların, zərgərlik məmulatlarının və silah qaçaqmalçılığında hallanır. Hesab edirəm ki, Ermənistan vətəndaşları Paşinyanın oğru siyasətinə qarşı öz etirazını bildirəcək. Bütövlükdə isə qeyd etdiklərim fonunda Ermənistanda demokratiya və sosial inkişaf mümkün deyil”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər