• cümə, 29 Mart, 14:17
  • Baku Bakı 14°C

Erməni axmaqlığı və ya reallığın dərk edilməməsi

02.12.19 17:20 906
Erməni axmaqlığı və ya reallığın dərk edilməməsi
Politoloqların fikrincə, Rusiyada Njdenin xatirə lövhəsinin sökülməsi, məhz Prezident İlham Əliyev məsələni qaldırdıqdan sonra baş verdi

Bir müddət əvvəl erməni faşist Qregin Njdeyə Rusiyanın Krasnodar vilayətində xatirə lövhəsi qoyulmuşdu. Faşist canisinə məxsus olan bu xatirə lövhəsi ictimaiyyətin diqqətindən kənarda qalmışdı. Lakin Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında qaldırdı. Dövlətimizin başçısı faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pislədi. Azərbaycan Prezidenti MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğuladı.
Prezident İlham Əliyev 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədən sitat gətirərək deyib ki, Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.
Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin bu çıxışı geniş əks-səda doğurdu.
Məhz Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu.
Hətta bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı.
Bütün bunlardan sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi sökülüb. Maraqlıdır ki, ermənilər belə bir cinayətkara görə utanmaq əvəzinə, bu məsələdə Azərbaycanı günahkar hesab edirlər. Bir faşist cəlladının ideyalarını təbliğ edən ermənilər niyə özlərində günah görmürlər?
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, ermənilər Njdeyə qoyulmuş abidənin sökülməsində günahkar Azərbaycanı bilirlərsə, onda ölkəmizin MDB-də və dünyada nüfuzu var: "Belə bir nüfuzun bu məkana yayılması hər halda Azərbaycan üçün müsbət bir haldır. Amma digər tərəfdən ermənilər başa düşmürlər ki, II Dünya müharibəsinin bitməsinin 75 illiyi ərəfəsində, xüsusilə Rusiya ərazisində elə lövhələr qoymaq ən azından axmaqlıqdır və reallığı dərk etməməkdir. Çünki bu müharibədə milyonlarla insan həlak olub və tək Rusiya, MDB məkanı yox, bəşəriyyət bu tarixi günü qeyd edəcək. Bu gün də dünyada faşizmə qarşı nifrət qalmaqdadır. Əgər ermənilər hesab edirsə ki, cinayətkara Ermənistandan başqa ölkələrdə belə bir heykəllərin, lövhələrin qoyulması normal bir haldır, deməli, onlar sadəcə olaraq, faşizmin ideyalarını bölüşürlər və prinsipləri bu ideyalarla üst-üstə düşür”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, dünyada faşizmə qarşı mübarizə getdiyi bir vaxtda, Ermənistan fərqli mövqedən çıxış edir: "Təəssüflər olsun ki, Cənubi Qafqazda qonşumuz olan Ermənistan dövlət səviyyəsində faşizmin təbliğatı ilə məşğuldur. Hətta bu istiqamətdə bir az da irəli gedərək Qaregin Njdeyə İrəvanda heykəl də ucaldıblar. Bu səbəbdən də hesab edirəm ki, bu məsələni Prezident İlham Əliyev çox haqlı olaraq Aşqabadda Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında qaldırmışdı. Çünki keçmiş postsovet ölkələrinin hər biri II Dünya müharibəsində faşizmə qarşı mübarizə aparıb. Lakin elə bu mübarizəni aparan və sovetlər birliyi ordusuna daxil olan ermənilər əslində bu kimi çirkin vasitələrə də əl atırmışlar. Ermənistanda dövlət səviyyəsində faşizmin təbliği bu ölkənin adına xələl gətirən məsələlərdən biridir. Rusiyanın yerli orqanlarının Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı çıxardığı bu qərar, məhz Prezident İlham Əliyevin məsələni qaldırdıqdan sonra baş verib”.
Z.Məmmədov qeyd etdi ki, Ermənistan dövlətinin əsas məğzində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, faşist və işğalçı siyasət dayanır: "Bunun əsas səbəblərindən biri də ona görədir ki, Ermənistan cəmiyyəti ötən illər ərzində bu ideologiya altında böyüdülüb və onlara inandırmağa çalışıblar ki, tarixdə guya "böyük Ermənistan” olub. Təbii ki, erməni tarixçi və siyasətçiləri çox gözəl bilirlər ki, tarixən Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıbd. Onların əsas ideyasının məğzində heç zaman olmayan Qara və Xəzər dənizləri arasında dövlət qurmaq məqsədi dayanıb. Əgər biz bugünkü Ermənistanın dövlət siyasətinə baxsaq, onların Türkiyənin şərqinə olan iddiaları da hər kəsə məlumdur. Dünənə qədər Ermənistanda iqtidarda olan Respublikaçılar partiyasının gerbindəki simvolların Hitlerin simvolları ilə eyniyyət təşkil etməsi də bütün bunların əyani sübutudur. Hər bir halda informasiya müharibəsi davam edir və son zamanlar Ermənistan informasiya siyasətində tamamilə ciddi zərbələr almağa başlayıb. Əgər 80 və 90-cı illərdə tamamilə fərqli mənzərənin şahidi idiksə, bu gün artıq dünya ictimaiyyəti Ermənistana yazıq xalq obrazı ilə baxmır, onların əsas mahiyyətini dərk ediblər”.

BƏXTİYAR


banner

Oxşar Xəbərlər