• cümə, 29 Mart, 10:20
  • Baku Bakı 5°C

Erkən doğuşun ortaya çıxardığı fəsadlar

17.05.18 09:30 1004
Erkən doğuşun ortaya çıxardığı fəsadlar
2017-ci ildə Azərbaycanda ekstremal çəkili (500-1000 qram) 332 uşaq dünyaya gəlib. Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib. Onun sözlərinə görə, 1000 q-dan da az çəki ilə vaxtından əvvəl doğulan uşaqlar il ərzində yenidoğulan bütün körpələrin təxminən 1 faizini təşkil edir.
Baş neonatoloq əlavə edib ki, hazırda dünyada neonatologiya sahəsində ən əsas problemlərdən biri çox az çəki (1000-1500 qram) və ekstremal az çəkili uşaqlarla bağlıdır. R.Hüseynov qeyd edib ki, son dövrlərdə Azərbaycanda hər il yenidoğulanların 8-10 faizini vaxtından əvvəl doğulan körpələr təşkil edir.
Baş mütəxəssis bu rəqəmin dünya üzrə orta göstərici olduğunu söyləyib: "Dünyada yenidoğulanların arasında vaxtından əvvəl doğulmuşların faizi təxminən 5-14, bəzi hallarda 16 faiz olur. Bu problem inkişaf etmiş dövlətlərdə də mövcuddur. Çünki bəzi ölkələrdə mamalıq-ginekologiya sahəsinin inkişaf etməsindən asılı olmayaraq, hamilə qadınlarda vaxtından əvvəl doğuşların baş vermə səbəbi həyat tərzi, ekoloji mühitin və müxtəlif xəstəliklərin təsirinin nəticəsi olur”.
R.Hüseynov əlavə edib ki, Azərbaycanda vaxtından əvvəl, 1000 q-dan da az çəki ilə doğulanların 30-35 faizi sağ qalır. Bunu qənaətbəxş göstərici sayan baş neonatoloqun sözlərinə görə, 10 il əvvəl vaxtından əvvəl, 1000 q-dan da az çəki ilə doğulanların 5-10 faizi sağ qalırdı: "Son 10 ildə biz nisbətən yüksək göstəriciyə nail olmuşuq. Əminik ki, ekstremal az çəki ilə doğulan körpələrdən sağ qalanların sayı artacaq”.
R.Hüseynov qeyd edib ki, 2015-ci ilin 1 yanvarından Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünya standartlarına uyğun yeni diridoğulma meyarlarının tətbiqi ilə əlaqədar artıq 500 qramdan çox çəki və hamiləliyin 22 həftəsindən yuxarı doğulan uşaqlar diridoğulan uşaqlar hesab edilir.
Baş neonatoloqun qeyd etdiyi kimi, az çəki ilə doğulan uşaqların sayı çox deyil. Amma maraqlıdır, nəyə görə uşaqlar az çəki ilə doğulur, bu cür doğulan uşaqların səhhətində növbəti mərhələdə hansı problemlər yaranır? Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.
Ginekoloq Rəşad Sultan bildirir ki, uşaqların az çəki ilə doğulmasının bir neçə səbəbi var: "Həmin səbəblərdən biri vaxtından əvvəl doğuş və bətndaxili inkişaf geriliyidir. Vaxtından əvvəl doğuş iki cür olur. Bir normal olaraq xanımın sancıları olur, bir də ya ananın, ya da dölün həyatını təhlükəyə atan xəstəlik aşkarlanarsa, özümüz hamiləliyi vaxtından əvvəl sonlandırırıq. Bu cür halların diaqnostikasının artması vaxtından əvvəl olan doğuşların sayına təsir göstərə bilər. Amma heç bir xəstəlik olmadan başlayan erkən doğuşlar sosial vəziyyəti yaxşı olmayan cəmiyyətlərdə daha çox müşahidə edilir. Erkən doğulan uşaqların da yaşama şansı var. Yəni 22-ci həftədən sonra doğulan uşaq diridoğulmuş sayılır. Əvvəllər bu say 28 idi, amma keçən ildən etibarən Azərbaycanda da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən 22 həftəyə qədər endirildi. Çünki bizdə də artıq uşaqlar 28-ci həftədən əvvəl doğulur və bu cür doğulan uşaqların əksəriyyəti yaşayır. Biz 22-ci həftədən sonra doğulan uşaqları düşük kimi yox, potensial olaraq sağ qalanlar kimi qiymətləndiririk. Amma uşaqların sağ qalmamağı da həm biz həkimlər, həm də valideynlər üçün arzuolunmaz bir hadisədir”.
Həkimdən erkən doğulub sağ qalan uşaqların özünün və valideynlərinin nə kimi problemlər yaşadığını soruşduq: "Əlbəttə, sağ qalan uşaqlarda da bəzi problemlərlə üzləşirik. Həm əqli, həm də fiziki problemlər yaşana bilər. Bu tip uşaqlarda eşitmə, görmə qabiliyyətində müəyyən əngəllər olur. Uzun müddət oksigen çatışmazlığı ilə əlaqədar beyin funksiyasında problem yaranır. Uşaq serebral iflici və digər sinir xəstəlikləri müşahidə olunur. Xəstəxanada qaldığı müddətdə həzm və tənəffüs sistemində pozğunluqlar ola bilər. Bu sadaladıqlarımın hamısı tibbi problemlərdir. Vaxtından əvvəl az çəki ilə doğulan uşaqlar bir müddət xəstəxananın reanimasiya şöbəsində qalırlar. Və bu da çox ciddi maddi vəsait tələb edən prosesdir. Reanimasiyada qalmağın bir günü 200-400 manat arası dəyişir. Üstəlik, dərmanların qiyməti də olduqca bahadır. Erkən doğulan uşaqların yaşadığı ən əsas problemlərdən biri də tənəffüs çatışmazlığıdır ki, bunun üçün uşağa bir-iki doza surfaktan deyilən maddə vurulur. Onun da bir dozasının qiyməti 300-500 manat arasında dəyişir. Ona görə bir çox özəl klinikalarda reanimasiyada qalan uşaqların valideynlərinin 4-5 minə yaxın xərci çıxır. Və əksər klinikalar da sonradan ödənişdə problem yaranmaması üçün əvvəlcədən depozit alırlar”.
"Xətai” klinikasının pediatrı Kənan Qarayev qeyd edir ki, doğum evindən çıxarış alıb, sonrakı mərhələ üçün bizə gələn uşaqları normal doğulmuş uşaqlar kimi qəbul edib, müayinəni elə aparırıq: "Yəni bütün izləmələr, peyvəndlər olduğu kimi həyata keçirilir. Sadəcə, erkən doğulanlar 1 yaşına gəlib çatanda, digər uşaqlardan fərqli olaraq çəki geriliyi yaşayırlar. Çox nadir hallarda bu cür doğulan uşaqlarda nevroloji problemlərlə qarşılaşırıq. Ən önəmli proses doğum evindən çıxana qədərdir. Doğum evindən çıxandan sonra biz onların müayinəsini normal doğuşlu uşaqlarınkı kimi edirik. Burada valideynlərin də üzərinə iş düşür. Erkən az çəki ilə doğulan uşaqların valideynləri digərlərindən fərqli olaraq məsələyə daha həssas, ciddi yanaşmalı, həkim müayinəsinə müntəzəm olaraq getməlidirlər. Bir məsələni də qeyd edim ki, doğulan bütün uşaqlara "daban testi” edilməlidir. Erkən doğulanlarda bu daha da vacibdir. Bunu etməkdə böyük fayda var. Belə ki, bu testlə gələcəkdə baş verəcək 35-ə yaxın xəstəlik haqqında məlumat əldə etmiş olurlar. Bəzən bunu doğum evində etmirlər. Və yanımıza müayinəyə gəldikləri zaman həmin testi biz edirik”.
Günel Azadə
banner

Oxşar Xəbərlər