• cümə axşamı, 18 aprel, 05:26
  • Baku Bakı 15°C

Erebunidə baş verənlərdə Ermənistan siyasi elitasının barmağı var

26.07.16 10:32 1715
Erebunidə baş verənlərdə Ermənistan siyasi elitasının barmağı var
İyulun 17-də bir qrup silahlı şəxs Ermənistanın paytaxtı İrəvan şəhərinə yaxın Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı 1 polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb. Bundan sonra hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaş silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışıblar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb. Proseslərin gedişində silahlı qrup mətbuat nümayəndələri ilə görüş təşkil ediləcəyi təqdirdə girov götürdükləri polis əməkdaşlarını azad edəcəklərini vəd ediblər. Hökumət nümayəndələri ilə danışıqlardan sonra onlara jurnalistlərə görüşmək üçün şərait yaradılıb. Ermənistanın Post-Patrul Xidməti Alayının binasını ələ keçirən silahlı qrupun üzvü Varujan Avetisyan jurnalistlərlə görüşdə bildirib ki, silahdaşları ilə birlikdə Ermənistanı azad etmək missiyası ilə silahlı üsyan qaldırıblar və buna nail olmadan təslim olmaq niyyətləri yoxdur. O, erməni xalqının itaətsizliyinin, müəyyən səbəblərdən yavaş olmasına baxmayaraq, durmadan artdığını, onlara dəstək nümayiş etdirdiyini də diqqətə çatdırıb. Silahlı qruplaşma üçün jurnalistlərlə görüş təşkil olunandan sonra silahlılar girov saxladıqları sonuncu iki polis əməkdaşını da azad ediblər. Lakin buna baxmayaraq, silahlılar yenə də polisə təslim olmayıblar və gərginlik davam edir.

Ermənistanda artıq ikinci həftədir davam edən bu gərginliklə bağlı fikirlərini "Kaspi”yə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirilməsini prezident Serj Sarkisyanın ssenarisi əsasında hazırlanmış "şou” kimi qələmə verib. Deyib ki, bu mexanizm çoxdan hazırlanıb. Politoloq bildirib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların intensivləşməsindən, may və iyun aylarında prezidentlərin iştirakı ilə görüşlərin keçirilməsindən sonra S.Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə konkret cavab vermək məcburiyyətində qalıb. M.Əhmədoğlunun fikrincə, Erebunidəki polis binasını ələ keçirilməsi ilə start götürən "şou” bu cavabdan yayınmaq, vəziyyətdən çıxmaq, işğalçılıq siyasətini davam etdirmək, ümumilikdə danışıqlar prosesini pozmaq niyyəti daşıyır: "Sankt-Peterburq görüşündə konkret təkliflər irəli sürülüb. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu təkliflərin nədən ibarət olduğunu açıqlayıb. Söhbət münaqişənin mərhələli həll variantından, yəni, əvvəlcə 5, ardınca 2 rayonun qaytarılmasından və dəhlizin müəyyən edilməsindən, daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsindən gedir. Prezidentlərin görüşündə Ermənistan prezidenti də bununla razılaşıb. Amma sonradan Ermənistan prezidenti, xarici işlər naziri, eləcə də digər rəsmilər bunları təkzib etməyə, yalan üzərində qurulmuş, öz maraqlarına uyğun fikirlər səsləndirməyə başlayıblar. Erebuni rayonundakı "şou” da buradan qaynaqlandı. Lakin Sarkisyan özü də təsəvvür etmirdi ki, onun ssenarisi ilə başladılan olaylar bu səviyyəyə çatsın. Dünyanın müxtəlif yerlərində olan terrorçu ermənilər hazırda Ermənistana yığışıb. Onlar Sarkisyanın güzəştə getməsi ilə barışmır, işğal altında saxlanılan torpaqların azad edilməsinə qarşı çıxırlar. Sarkisyanın hazırladığı "şou”nun davamı göstərir ki, Ermənistan xalqı terrorçunu, terrorizmi dəstəkləyir. Bu baxımdan, Erebunidəki aksiya sadəcə, Ermənistan dövlətinin zəifliyi kimi qiymətləndirilməli deyil. Burada qat-qat dərin proseslər baş verir. Bütün dünya görməlidir ki, ermənilər Qafqaza yaddır və ümumilikdə region üçün təhlükə mənbəyidir. Artıq Livan ermənisi, terrorçu Jirayr Sefilyanın dəstəsi Serj Sarkisyanın icazəsi ilə Dağlıq Qarabağda hərbi təlimlərə başlayıb. Bununla onlar yenidən Azərbaycan mövqelərinə soxulmaq, təxribatlar törətmək, müharibəni alovlandırmaq məqsədi güdürlər”.


Politoloq Qabil Hüseynli də hesab edir ki, Erebunidəki hadisələr xüsusi ssenari əsasında həyata keçirilən "şou”dur. Onun fikrincə, paytaxt İrəvana yaxın bir ərazidə hansısa silahlı qruplaşmanın bu dərəcədə şıltaqlıq nümayiş etdirməsi, hakimiyyəti dəyişəcəkləri barədə bəyanatlar səsləndirməsi, guya polisin də onları zərərsizləşdirməkdə çarəsiz qalması inandırıcı təsir bağışlamır: "Polis şöbəsi hüquq-mühafizə orqanları tərəfindən bir neçə qat mühasirədə saxlanılsa da, ora hücum edən, silahlıları zərərsizləşdirən yoxdur. Halbuki, polis şöbəsini tutanlar açıq-aşkar cinayətkarlar, kriminal elementlər, terrorçulardır. Heç bir normal dövlətdə kriminal ünsürlərin, terrorçuların nazı ilə oynamırlar. Ermənistanda isə yerli hüquq-mühafizə orqanları silahlıları zərərsizləşdirməyə tələsmir və beləliklə iki həftəyə yaxındır "şou” düzənlənir, vəziyyət bir qədər də dramatikləşdirilir. Bunun özü təəccüb doğurur. Sarkisyana yaxınlığı ilə seçilən şəxslər silahlıların davranışını, onlara dəstək verən aksiyaçıları ümumilikdə erməni xalqının etirazı kimi qələmə verməyə çalışırlar. Bununla Sarkisyan hakimiyyəti sülh danışıqlarında müəyyən dvidentlər əldə etməyi planlaşdırıb. Fikir verin, prezidentlərin məhz Sankt-Peterburq görüşündən sonra Ermənistanda Rusiya əleyhinə etirazlar bir qədər də artıb. Jirayr Sefilyanın tərəfdarları kimi qələmə verilən kriminal elementlər də qəti anti Rusiya mövqeyi ilə seçilənlərdir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistanda düzənlənən "şou” sülh danışıqları prosesinin pozulmasına, yaxud ən azından danışıqlar zamanı Rusiyaya təzyiqlər göstərilməsinə hesablanıb. Baş verənlərdə Ermənistan siyasi elitasının barmağı var. Lakin bütün bu cəhdlərin heç bir effekt verməyəcəyini düşünürəım”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər