• cümə axşamı, 25 aprel, 02:07
  • Baku Bakı 19°C

Ərəb ölkələrinin neft nazirləri bazarın sabitləşməsi üçün iş birliyi istəyir

04.06.18 13:50 723
Ərəb ölkələrinin neft nazirləri bazarın sabitləşməsi üçün iş birliyi istəyir
Ərəb ölkələrinin neft nazirləri müstəqil istehsalçılar və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə iş birliyinin davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.
AZƏRTACKüveytin KUNA agentliyinə istinadla xəbər verir ki, OPEC və qeyri-OPEC ölkələri arasında neft istehsalının azaldılmasına dair sazişə nəzarət edən nazirlər komitəsinin Küveytdə qeyri-rəsmi məsləhətləşmə toplantısı keçirilib. Müzakirələrdə Səudiyyə Ərəbistanı, Oman, Əlcəzair, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin neft və enerji nazirləri iştirak edib. Səudiyyə Ərəbistanı nazirlər komitəsinə, Birləşmiş Ərəb Əmirlikləri isə OPEC konfransına sədrlik edib.
Komitənın iclasından sonra edilən şərhdə bazarda tarazlığın qorunmasının vacibliyi vurğulanıb. Ərəb ölkələrinin neft nazirləri bunu da OPEC və müttəfiqləri arasında əməkdaşlığın davam etdirilməsi sayəsində mümkün olacağını bildiriblər.
Qeyd edək ki, bu il iyunun 21-22-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası keçiriləcək. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
banner

Oxşar Xəbərlər