• şənbə, 20 Aprel, 14:33
  • Baku Bakı 23°C

Ərəb küləyinə ümid edən buqələmunlar

28.08.13 10:00 1304
Ərəb küləyinə ümid edən buqələmunlar
Dağıdıcı müxalifətin düşdüyü gərgin vəziyyət ilk növbədə belə qənaətə gəlməyə əsas yaradır ki, düşərgə mənsubları yürütdükləri uğursuz siyasətləri nəticəsində çıxılmaz situasiyalarla üzləşərkən, dərhal təxribat planları üzərində baş sındırırlar. Daha dəqiq desək, bu faktor özünü müxtəlif zamanlarda kifayət qədər təsdiq edib. Məsələn, cəmiyyət bunu 2003, 2005 seçki illərində, eləcə də ölkənin ictimai-mədəni həyatının hər hansı önəmli vaxtlarında şahidi olub. Ümumiyyətlə, belə anlamaq mümkündür ki, aşırı radikalizmə söykənən ənənəvi müxalifət tərəfi ən xırda məişət olayını belə şişirdərək, bunu öz mənfəətləri naminə istifadə etməyə alışqandırlar. Bu gün Milli Şura, “El” hərəkatı kimi müəyyən dairələr tərəfindən idarə olunan qurumların, eyni zamanda ənənəvi müxalifət partiyalarının məhz həmin çərçivədə dırnaqarası siyasət yürütmələri bir daha nəticəli zəmin yaradır ki, onlar ölkədəki post-seçki dövründən öz səmərələri üçün maksimum yararlanmağa səy göstərirlər. Məsələn, bu gün yüz faiz əminliklə vurğulamaq olar ki, başda Rüstəm İbrahimbəyov olmaqla, onun Bakı emissarları vəzifəsini icra edən “El” hərəkatının sədri Eldar Namazov, AXCP sədri Əli Kərimli kimi əl buyruqları Azərbaycanda təxribat törətmək üçün müvafiq zaman gözləyirlər.
Sanki onlar Tunisdə, Misirdə, Liviyada baş verən hadisələrin Azərbaycanda da baş verməsində maraqlıdırlar. Əslində, bu amil mövcuddur. Onların xaos və anarxiya yaratmaq cəhdləri dəfələrlə öz təsdiqini tapmış, ənənəvi müxalifət liderlərinin qarşıdurma yaratmaq arzuları elə onların öz “məsləkdaşları” tərəfindən də ifşa olunmuşdur. Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, özbaşınalıq yaratmaq istəyən dağıdıcı qüvvələr yalnız sağlam düşüncəli cəmiyyət tərəfindən tənbeh edilməməlidirlər. Onların bu kimi cəhdlərinin qarşısı həmçinin hüquqi çərçivədə alınmalıdır. Çünki belələrindən fərqli olaraq xalq bu gün Suriyada, ümumiyyətlə isə ərəb ölkələrində baş verənlərin Azərbaycanda baş verməsinin qəti əleyhinədir. Çünki təkcə Suriyada cərəyan edən hadisələrin, insanlıq əleyhinə kütləvi cinayətlərin, insan hüquqlarının kökündən tapdanmasının şahidi olan Azərbaycan xalqı heç vaxt bunları öz ölkəsi, xüsusilə, davamlı inkişafda, tərəqqidə olan ölkəsi üçün qətiyyən arzulamaz.
Çünki xalq bu sualı verir - Suriya variantı olarsa və ya ərəb dünyasının qarşılaşdığı indiki faciəli durum təkrarlanarsa onda kim qazancaq? Eləcə də aşırı radikalizmə meyllənmiş müxalifətin, konkret olaraq Eldar Nmazov və Əli Kərimlinin belə planlar ətrafında “baş sındırmaları” nədən xəbər verir?
Bunu “El” hərəkatının Ali Məclis sədrinin müavini Əflan İbrahimovun da dediklərindən anlamaq mümkündür. Onun bildirdiyinə görə hərəkat rəhbəri Eldar Namazov AXCP sədri Əli Kərimli ilə bu barədə danışıb və qərara alınıb ki, ölkədə xaos və anarxiya yaradılacaq. Məhz bu açıqlamalardan sonra Əflan İbrahimov “Milli Şura”nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib. Nəticədə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.
Əflan İbrahimov mətbuata açıqlamasında bildirib: «Eldar Namazov mənə dedi ki, Əflan müəllim, Əli bəylə danışmışam, biz istəyirik, Rüstəm müəllim gəlsin, onun namizədliyini bunlar qeydə almasın və biz də burada, rayonlarda xaos yaradaq, Quba, İsmayıllı variantlarını həyata keçirək...Ona dedim ki, mən bu oyunlarda yoxam. Sonra mən bir müddət Eynulla bəyin (Eynulla Fətullayev) telefon nömrəsini axtardım, tapandan sonra da bu fikirlərimi bildirdim və işıqlandırıldı. Gəlirəm şəhərə, özümlə EL hərəkatının Qobustan və Şamaxı təşkilatlarının sədrlərini də gətirirəm. Onların də bəyanatlarını hazırlayıb yayacağıq. Özüm də artıq dediyim kimi, onlar İlham Əliyevin namizədliyini dəstəkləmədiyi üçün bəyanatla istefa vermişəm”.
Beləliklə, E.İbrahimov Milli Şuranı yaradanların əsl məqsədini ifşa etməklə bir daha vəziyyəti tam çılpaqlığı ilə ortaya çıxarmış olub. Yəni onların məqsədləri bundan ibarət olub ki, Eldar Namazov Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə birləşsin, ACP lideri Rəsul Quliyevin imkanlarından, eləcə də Əli İnsanovun pulundan istifadə edib İlham Əliyevə qarşı kampaniya aparsınlar, xaos yaratsınlar. Nəticədə ərəb ölkələrindəki variantı Azərbaycanda da təkrarlamağa nail olsunllar.
Lakin unutmaq lazım deyil ki, dünyanın aparıcı ölkələrindən birinə çevrilmiş Azərbaycanda belə məsələləri reallaşdırmaq nə onların, nə də onları idarə edən qüvvələrin gücündə deyil. Çünki Azərbaycanın yerləşdiyi geosiyasi məkan, bu məkanda yürüdülən stabil siyasət heç vaxt ərəb küləyinin əsməsinə imkan verməz. Digər tərəfdən, Azərbaycan xalqının böyük əksəriyyəti radikalların dağıdıcılıq əməllərinə dəstək vermir və bundan sonra da verməyəcək. Bunu Milli Şuranın sonuncu rüsvayçı mitinqindən də sezmək çətinlik yaratmır. Bir halda ki, Suriya, Misir kimi ölkələrdə baş verənləri təkrarlamağa can atan liderlərin ətrafında uzağı 1000 nəfər adam yığılırsa, onda qanundan kənar və məlum cəhdlərdə onların yanlarında ümumiyyətlə, heç kim olmayacaq. Çünki özlərini əsil azərbaycançılıqdan uzaq tutan belə ünsürlər qavramağa məhkumdurlar ki, Azərbaycan xalqı onlardan fəqli olaraq müdrik və qədirbilən xalqdır. Məhz bu önəmli faktor radikalların ərəbsayağı arzularını heçə endirəcək. Bundan mütləq əmin olsunlar. Əks halda onlar yerdə qalan cavablarını hüquqi və qanunvericilik əsasında almalı olacaqlar.
Rövşən
banner

Oxşar Xəbərlər