• şənbə, 20 Aprel, 00:10
  • Baku Bakı 15°C

Ərəb investorların Bakı konfransı nə vəd edir?

10.04.18 18:20 970
Ərəb investorların Bakı konfransı nə vəd edir?
Dünyanın bir çox dövlətləri ərəb sərmayədarlarını öz ölkələrinə cəlb etməyə çalışırlar. Aydındır ki, ərəblərin maliyyə imkanları əksər dövlətlərin diqqət mərkəzindədir. Son illər ərzində bu ölkələr sırasına Azərbaycan da qatılıb. Belə ki, turizmin inkişafı nəticəsində ərəb ölkələrindən Azərbaycana böyük axın var. Ərəb investorları da Bakıya üz tutmağa başlayıb. Artıq müəyyən əlaqələr də qurulmağa başlayıb. Belə ki, mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-Ərəb İnvestisiya və Biznes Forumu keçiriləcək. Forum Azərbaycan və ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil edilir. Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar və investorun iştirakı gözlənilir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ərəb ölkələri ilə 2017-ci ildə mal dövriyyəsi 324,53 milyon dolar təşkil edib. Bəs görəsən ərəblərin ölkəmizə maliyyə yatırımlarının iqtisadiyyatımızın inkişafında nə kimi rolu ola bilər? Ümumiyyətlə, ərəb ölkələrindən cəlb olunan investisiyanı iqtisadiyyatın hansı sahələrinə yönəltməliyik?
İqtisadçı Rəşad Həsənov deyir ki, indiki şəraitdə xarici investorların Azərbaycana gəlməsi mühüm məsələdir: "Tədiyyə balansı və iqtisadiyyatın qeyri-neft sektorundan asılılığının azaldılması və o cümlədən, iqtisadi aktivliyi artırmaq və investisiya axının cəlb edilməsi baxımından olduqca vacib məsələdir. Azərbaycanın investisiya imkanlarının tanıdılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məhz bu məqsədlərə xidmət edir. Bu sahədə ciddi uğur qazanmaq üçün ilk növbədə struktur islahatlarına ehtiyac var. Ərəb investorları Azərbaycanla Yaxın Şərq ölkələrinin siyasi-iqtisadi münasibətlərin fonunda ölkəyə cəlb olunur. Bu ölkələrdə investisiya imkanları çox genişdir. Azərbaycan iqtisadiyyatına ərəb investorlarının cəlbi ölkəyə əhəmiyyətli investisiya axınının təmin edə bilər. Amma orta və uzunmüddətli dövr üçün ərəb investorlarının Azərbaycana sərmayəsi və yalnız bu istiqamətə fokuslanma doğru olmaz. Çünki ərəb investorları əksər hallarda ölkəyə yalnız pul gətirə biləcəklər. Amma innovativ təcrübəni gətirə bilməyəcəklər. Çünki ərəblərin özündə iqtisadiyyat yoxdur. Onların maliyyə mənbələri neftdən gələn pullardır. Bu baxımdan da ərəblərin qısa müddətli dövrdə ölkə iqtisadiyyatı üçün pul axınının mənbəyi kimi əhəmiyyətli ola bilər. Amma eyni zamanda, Azərbaycanın investisiya siyasətinin şaxələndirilməsi və cəlb olunan investisiyanın effektivliyini və keyfiyyətinin artırılmasına da diqqət ayrılmalıdır. Bütün hallarda ərəblərin Azərbaycana maliyyə yatırımları müsbət addımdır. Belə konfrans və tədbirlər Azərbaycanın imkanlarının təqdim edilməsi, mövcud boşluqların göstərilməsi və cəlb olunacaq investisiyanın yönəldilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə müxtəlif işlər görülməyə başlayıb. Amma təkcə ərəblərlə qane olmaq lazım deyil. Ərəblər bu prosesin bir hissəsi olmaq şərti ilə xarici sərmayədarlar daha böyük coğrafiyaya xitab etməlidir”.
İqtisadçı deyir ki, ölkəyə yatırılan sərmayəni müxtəlif sahələrə yönəltmək olar: "Azərbaycan iqtisadiyyatı xam iqtisadiyyatdır. Bazar iqtisadiyyatına 20-25 il bundan əvvəl daxil olduğumuz üçün əksər sahələrdə boşluqlar var. Əksər iqtisadi sferalarda şaxələnmə yoxdur. Həmçinin təcrübə çatışmazlığı əsas problemlərdən biridir. Bu baxımdan, ərəb investorlarının ölkəyə yatıracağı maliyyə vəsaitlərini aqrar, turizm sektoruna, daşınmaz əmlak bazarına cəlb etmək olar. Uzunmüddətli investisiya yatırımı etmək istəyənləri isə maşınqayırma və digər sahələrə yönəltmək mümkündür. Əslində iqtisadiyyatın bütün sektorları investorlar üçün açıqdır. Onlar özləri daşınmaz əmlak və turizm sektoruna daha çox meyl edirlər. Amma onları istiqamətləndirmək lazımdır ki, regionlara maliyyə yatırımları etməkdə maraqlı olsunlar. Ən böyük problemlərdən biri regionlarda aqrar sektorda maliyyə imkanlarının məhdudluğudur. İnvestorları yönəltməklə gözlənilən nəticələrin keyfiyyətini daha da artırmaq olar”.
Millət vəkili Azər Badamov deyir ki, Azərbaycanda formalaşan biznes mühiti hər bir sahibkarın fəaliyyəti üçün geniş imkanlar yaradıb: "Bu sahibkarların bir hissəsi də xarici investorlardır. Aparılan islahatlar nəticəsində imkanlar daha da genişlənib. Bir sıra proqramlar artıq fəaliyyətə başlayıb. Təqribən 330-a yaxın investisiya layihəsi həyata keçirilir. Bu baxımdan ölkədə sərmayədarlar üçün gəlir imkanları genişdir. Azərbaycan son illər ərzində ərəb investorları üçün cəlbedici bir ölkəyə çevrilib. Qəbul edilən qanunlar, həyata keçirilən islahatlar xarici investorların ölkəmizə olan maraqlarını daha da artırır. Yeni sahələrin inkişaf etdirilməsi üçün maliyyə vəsaitinə ehtiyac var. Biz bu baxımdan investisiya cəlbində maraqlı tərəfik. Qarşılıqlı fəaliyyət isə sərmayədarlar üçün yeni maliyyə mənbəyidir. Ölkəyə böyük vəsaitlərin qoyuluşu bir sıra sahələrin inkişafında mühüm rol oynayacaq. Xarici investorlar əsasən sənaye sahələrinə maliyyə yatırımı etməkdə maraqlıdırlar. Onlar burada sənaye parklarının yaradılmasında maraqlı tərəfdirlər. Yeni istehsal sahələrinin yaradılması və inkişafı diqqət mərkəzindədir. İstehsal edilən məhsullar isə ixracyönümlü və rəqabətə davamlı olacaq. Dövlət özü də bu işə xüsusi dəstək göstərir. Ərəb investorlarının ölkəyə cəlb edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər