Ərəb elatına qarşı hay-daşnak quldurlarının qətlləri
Azərbaycan dövlətçiliyi tarixində
Ərəb xilafəti dövrünün izləri xalqımızın milli, ictimai-siyasi və mədəni
irsində yaşamaqda, türk-müsəlman bütövlüyünün tərkib hissəsi kimi artıq
minilliklər boyunca qaynayıb-qarışmaqdadır. Bu baxımdan, Ərəb xilafətinin 3-cü
xəlifəsi Əbu Xafs Ömər ibn əl-Xəttab əl Ədavinın və ya I Ömərin (581-644) hakimiyyəti
illərində (634-644) Azərbaycana yürüş etmiş Qureyşilər sülaləsinin
Şirvan-Qobustan bölgəsində məskunlaşmış 300 ailəsinin adı ilə bağlı olan
Ərəbqədim kəndinin (indi bu kənddə 160-a qədər ailə və ya 1500 nəfər əhali
yaşayır) tərəkəmə elatının tarixi də maraq doğurur.
Əski əsrlərdə Şirvan
xanlığının, sonralar Şamaxı qəzasının ərazisi hüdudlarında Pirsaat çayının
yuxarı hövzəsində, indiki Xilmilli və Qonaqkənd kəndləri arasındakı "Aybatıran” sahəsindən başlayaraq Xəzər
dənizi sahillərinədək Qobustan qış otlaqlarına qədər ("Hacı Abışıx (Əbu Şeyx)”, "Sacaqlar”,
"Süleymanlı”, "Güllücə”, "Ərəb Ağdam”, "Rəhim”, "Şahgəldi”, "Ramazan”,”Hisli
daş”... ümumiyyətlə 70-dək) olan əraziləri əhatə etmişdir ərəb elatının tərəkəmə
həyatı.
Hazırda Ərəbqədim kəndinin tutduğu sahə, bu
elatın "Payız dölləyi” (yaylaqdan
qışlağa enərkən qısa müddətdə qaldıqları düşərgə) yeri olub.
1820-1830-cu illərdə çar
Rusiyasının Tambov quberniyasından köçürülən malakanlar (xristianlığın
pravoslav qolunun sektalarından birinə mənsub) "Aybatıran” massivində
yerləşdiyindən (Xilmilli, Qızmeydan kəndlərində), tərəkəm ərəb elatı indiki
yerdə daimi məskunlaşmağa məcbur edilmişlər. Həmin köçürülmə həyatını kəndin
ağsaqqalı Cəzayir İsmayıl oğlu (1820-1941) söhbət etmişdir.
Adından da göründüyü
kimi, bu kəndin qədimliyini bildirən bir
sıra tarixi-maddi abidələrdən bir neçə qəbiristanlığı ("Hacı Mirzə qəbiristanlığı”,
"Qarıq (qərq olunanalar) qəbiristanlığı”, "Sofu
Əli qəbiristanlığı”nı, "Sofu Novruz baba qəbiristanlığı”, "Alıbəyli qəbiristanlığı”, "Hacı Şirin qəbiristanlığı”...),
"Çoban piri”ni, Gicəki dağındakı (1047 m) "Hacı
Zülfüqar kəhrizi”ni, "Həmid kəhrizi”ni, "Günaybulaq”, "Çanaqbulaq”, "Bala
quyusu”nu (3-4 m dərinlikdə), "Xəlil quyusu”nu..., kəndin 500 metrliyindəki müalicəvi "İymişli bulağı”nı, VII əsrə şahidlik
etmiş "Şəhidlər məzarlığı”nı (kənddən 4
km şimal-şərqdə) göstərmək olar.
Özündə dövlətçiliyimizin
tarixi keçmişini və xalqımızın milli-mənəvi dəyərlərini qoruyub saxlayan Şamaxı
qəzasının Ərəb elatının 1918-1920-ci illərdə də yaşadığı faciəvi olaylar
(hadisələr) unudulmayan tarixi səhifələri təşkil etmişdir. Bu səhifələr həm də
qanlı-qadalı günləri, ayları özündə yaşadır...
1918-ci ilin mart-aprel
aylarında Mərəzə kəndində hərbi qərargahları, silah-sursat cəbbəxanası
yerləşən hay-daşnak quldurları
(rəhbərlik, S.Şaumyanın tapşırığı ilə
A.Mikoyan tərəfindən aparılmışdır) tərəfindən ətraf kəndlərə (Gəmüstü, Dərəkənd, Nabur,
Cəyirli, Cəm-cəmli, Damlamaca, Yekəxana...), eləcə də Ərəbqədim kəndinə edilən
silahlı basqınlara, qarət və qətllərə
malakanlar bələdçilik etmiş, onlara istiqamət vermişlər.
O dövrdə bu kənddə 50-60 ev
olub, camaat torpaq qazmalarda (qara binələrdə), zağalarda ("Eyvaz zağası”, "Allahverdi zağası”, "Rəfi zağası”, "Gülmalı zağası”, "Həmid zağası”...) yaşayıb. Qeyd etmək lazımdır ki,
bu kənddə evlər 1937-ci ildən sonra
tikilmişdir. Hay-daşnak və rus-bolşevik quldurlarının qəfildən edilən
hücumundan qurtulmaq üçün tərəkəmə elatı ətrafdakı qış otlaq sahələrində
(əsasən Süleymanlıda), zağalarda və 2 km aralıdakı "Gicəki dağı”ndakı meşəlik,
kollu-koslu ərazidə sığınmaya məcbur olmuşlar. Bunu görən hay quldurları və
malakanlar həmin 200
hektarlıq meşəyə od vurub yandırmışlar (hazırda orada salamat qalan 20 hektara qədər meşə örtüyü
var), buradakı bulaq və kəhrizləri
uçurub-batırmış, su laylarını dağıdıblar ki, camaat sudan istifadə edə
bilməsin.
Belə deyirlər ki, quldurlar
kəndə basqın edəndə, birdən ətrafa qatı
duman çöküb, camaatın bir hissəsi yaxınlıqdakı
"Daşkəsən qayası”ndan aşıb, qiblədə olan
"Şirə yeri”nə asanlıqla gedə biliblər...
Həmin hadisələrin şahidləri
olmuş Cəzayir İsmayıl oğlu, Həmzə Süleyman oğlu (1873-1937), Ağamalı Xanat oğlu (1875-1937), Gülüstan Cahangir
qızı (1915-2009), nardaranlı (bu kənd 2
km aralıdır) Mürşüd Bəkir oğlu (1873-1937), Gülbaba Ağalı oğlu (1896-1944)... və bir çoxlarının
dediyinə görə, əvvəllər Ərəbqədim kəndinin mərkəzindən Kicəki dağının kəhriz və bulaqlarının birləşmiş suları
axarmış, çay kimi. Hay-daşnak quldurlarının dağıdıcı əməllərindən sonra bu
təbii su mənbələri də quruyub məhv
olmuşdur.
Hay silahlıları, kənddə 1902-ci ildə Hacı Zülfüqar İlyas oğlunun (1845-1932) rəhbərliyi ilə erməni ustaları tərəfindən
tikilmiş (qara işləri isə yerli sakinlər görüb) məscidi yandırmış, əhalinin
mal-mülkünü qarət etmiş, davarlarını, at-dəvə sürülərini yağmalayıb aparmışlar.
Kənd sakini Əzizə Xəlil qızının (1925-1999) bildirdiyinə görə,
anası Rəbiyyə İbad qızı (1895-1970) o
hadisələrin canlı şahidi olub, binələrinin talan edilməsini, məscidin
yandırılmasını, mal-heyvanlarının sürülüb aparılmasını gözləri ilə görmüşdür. Anası
danışırmış ki, atası İbad Məhəmməd
oğlunu (1840-1918) haylar, namaz qılan yerdə süngü ilə amansızlıqla
qətlə yetiriblər.
Kəndin "Gürum daş” deyilən yeri də basqın zamanı
açıq səngər meydanı olub, buradan da kəndə atəş açılmış, hücum edilmişdi.
Hay quldurları Ərəbqədim
kəndindən keçib Nardaran kəndinə (bu kənddə 30-35 ev olub) hücum etmək
istədikdə, malakanlar onları bu fikirdən daşındırıb. Onlar bildiriblər ki, bu
kəndin cavanları silahları ilə yaxınlıqdakı Gicəki dağının qayalıqlarına
sığınıb və quldurlara qarşı təbii səngərdən ustalıqla istifadə edə bilərlər...
Ona görə də, Nardaran kəndinin sakinləri qanlı hadisələrdən uzaq qalıb.
Ərəb elatının tərəkəməsi
Nurulla Rəsul oğlu (1873-1967, "Ramazan”
qışlağında yaşayıb, mahir ovçu olub) 5-ci Qafqaz İslam Ordusunun Bibiheybət-Qobu cəbhə xəttində düşərgə quran
dəstələrinin ərzaqla təminatı işində arabası ilə çörək daşıyırmış. Türk
heyətinin dəqiqliyini xüsusilə qeyd edən, Nurulla Rəsul oğlu bir olayı
xatırlayırmış. Bir neçə gün ac qalıb. Onu n halsızlığını türk zabiti sezib.
Səbəbini soruşanda, məcbur olub ki, ac
olduğunu bildirsin. Zabit türk çavuşuna
elə arabaçının yanındaca necə təpinibsə,
verilməyən üç günlük çörək payını birdəfəlik veriblər... Döyüşlər qurtardıqdan
sonra isə onu xüsusi payla yola salıblar kəndlərinə. Toxunulmazlığını təmin
etmək üçün isə türk zabitinin imzalı, möhürlü xüsusi sənədi də verilib ona.
Bakı şəhərində
H.Z.Tağıyevin Əhmədli kəndi
yaxınlığındakı Toxuculuq Fabrikində arabaçı işləyən Gülbaba
Ağalı oğlu həmin ərəfədəki bir
olayı xatırlayırdı. Qısa müddətdə
xəstəxanada müalicə olunarkən, otaqda üç nəfər olublar - biri
erməni, biri Bakının Nardaran kəndindən olan şəxs, biri də özü. Yaşlı, xəstə
erməni otaqda elə hey var-gəl edərək uca
səslə deyərmiş:
- Ay Allah, mənə imkan ver bir
türk öldürüm...
Axır ki, nardaranlı mənə dedi:
- Baba, mənə kömək elə, bunun
cavabını verim.
Köməkləşib hay-daşnak
xislətlinin "cavabını” verə bildik, amma mən elə həmin gün Şubanı dağlarını
keçib gəlib çatdım "Ramazan”
qışlağına...
5-ci Qafqaz İslam Ordusu
dəstələrinin köməkliyi ilə Ərəbqədim kəndi və ətraf obalar hay-daşnak
quldurlarından azad edildikdən sonra xilaskar əsgər-zabit heyətinin bir qrupunu
kənd ağsaqqalları qəbul edib, hörmətlə
yola salıblar. Onları qarşılayanlar sırasında kəndin mollası, Təklə kəndindən
olan Hacı Zülfüqar, Məhəmməd Əfəndi, Əhməd
Əfəndi (Şeyx Eyyub baba nəslindəndir, 1868-1937), Həmzə Süleyman oğlu, Ağamalı Xanat oğlu... da olub. Elə bu hərəkətlərinə
görə də, erməniləri törətdiyi növbəti qırğınların – 1937-ci il repressiyasının
qurbanı olublar. Faciəvi olay isə Ağamalı Xanat oğlunun güllələndikdən bir gün sonra
"bəraət” alması idi...
Qeyd: Yazının hazırlanmasında
Ərəbqədim kənd sakinləri Mustafa Gülbaba oğlunun (1934) və Eynulla
Əli oğlunun (1969) məlumatlarından istifadə edilmişdir.
Qismət
Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi