• cümə, 29 Mart, 03:01
  • Baku Bakı 7°C

Ərdoğansız ilk seçki

09.04.15 05:47 1075
Ərdoğansız ilk seçki
Türkiyə yenidən gərgin siyasi mübarizə meydanına çevrilir. Belə ki, iyunun 7-də ölkənin siyasi və iqtisadi həyatını dəyişə biləcək parlament seçkiləri keçiriləcək. Bu seçkilərin nəticələrindən əksəriyyətin gözləntiləri çoxdur. Düzdür, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti dəfə üstünlüyü ələ alacağı gözlənilsə də, sürprizlər də istisna deyil. Lakin bu ehtimal çox aşağı görünür. Bu səbəbdən də indidən hər hansı bir proqnoz vermək çətin olar. Buna baxmayaraq, partiyalar daxilində deputat siyahısına düşmək uğrunda mübarizə şiddətlənir. Bəlli olan odur ki, Türkiyənin hakim partiyası AKP-nin 70-dən artıq hazırkı deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcək. Belə bir qərar partiyanın növbəti qurultayında partiyadan olan deputatın 3 dəfədən artıq müddətə seçilməsi hüququnun olmamasına dair daxili nizamnamə tələbinə uyğun olaraq qəbul edilib.
Türkiyə nəşrlərinin yazdığına görə, 2015-ci il seçkilərində baş nazirin müavinləri Bülənt Arınc, Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, AKP rəhbərinin müavini Hüseyn Çəlik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu kimi partiyanın məşhur nümayəndələri iştirak edə bilməyəcək. Məlumatda o da bildirilir ki, prezident Rəcəb Tayyib Ərdoğan da parlament seçkilərində iştirak etməyəcək. Ən maraqlısı odur ki, narazılar, hətta özlərinə qəsd edənlər də var. Məsələn, Türkiyənin hakim partiyasından millət vəkilliyinə namizəd olmaq istəyən, amma yekun siyahıya adı daxil edilməyən partiya üzvü özünü öldürüb. 35 yaşlı Cəlal Ayrancı Ankara şəhərində qaldığı oteldə başından silahla vuraraq intihar edib. İki uşaq atası olan C.Ayrancının millət vəkilliyinə namizədlər siyahısına daxil edilmədiyi üçün intihar etdiyi ehtimal olunur. C.Ayrancının ölümü ilə bağlı cinayət işi açılıb və onun cənazəsi məhkəmə tibbi ekspertizasına göndərilib.
Seçkiöncəsi yayılan şərhlərdə baş nazirin müavini Bülənt Arınçla prezident Rəcəb Tayyib Ərdoğan arasında bir müddətdir “soyuq savaş” getdiyi də iddia edilir. B.Arınç çıxışlarının bir çoxunda R.T.Ərdoğanı açıq və dolayı yolla tənqid etməkdən çəkinmir. Bu tənqidlərə R.T.Ərdoğandan birbaşa reaksiya gəlməsə də, prezidentin yaxın ətrafından B.Arınça əks-ittihamlar səsləndirilir. Məsələn, Ankaranın bələdiyyə sədri Melik Gökçek prezidentə ünvanlanan tənqidlərə cavab olaraq B.Arınçın Fətullah Gülənin adamı olduğunu bildirmişdi. B.Arınç isə bunun yalan olduğunu və ona ünvaladığı ittihamlara görə M.Gökçeyin cavab verəcəyini demişdi. M.Gökçeyin oğlu Osman Gökçeyin AKP-dən millət vəkilliyinə namizəd veriləcəyi barədə xəbər çıxandan sonra tərəflər arasında növbəti gərginlik yaşanıb. Yaxın ətrafının yerli mətbuata verdiyi məlumata görə, B.Arınç bu qərara qarşı çıxaraq AKP-yə mesaj göndərib: “Bu partiyada azacıq hörmətim varsa, Melikin oğlu namizəd edilməyəcək”. Son məlumatlara görə, AKP-nin siyahısı açıqlanarkən məlum olub ki, hakim partiyanın namizədləri arasında Osman Gökçeyin adı yoxdur. Görünür, AKP R.T.Ərdoğanla onsuz da isti münasibətləri olmayan B.Arınçı növbəti dəfə narazı salmaq istəməyib. Maraqlıdır ki, B.Arınç özü Türkiyə mediasının yaydığı bu xəbəri təsdiqləməyib. “Twitter” hesabından açıqlama verən baş nazirin müavini belə bir söz işlətmədiyini bildirib.
Artıq millət vəkilliyinə namizədlərin siyahısı Yüksək Seçki Kabinetinə təqdim edilib. Bu dəfəki seçki prosesində yeni üsul tətbiq olunub. Namizədlərin təyin edilmə prosesinə qeyri-hökumət təşkilatları də cəlb olunub və Türkiyə daxilində 113 min QHT nümayəndəsi səs verib. Baş nazir Əhməd Davudoğlunun başçılıq etdiyi komissiya Yüksək Seçki Kabinetinə təslim ediləcək namizədlər siyahısını nəzərdən keçirib.
Qeyd edək ki, parlament seçkilərində 53 765 231 seçici səs verəcək. Məlumata görə, Türkiyədən kənarda seçicilərin sayı 2,9 milyon nəfər olacaq, 54 ölkədə 112 seçki məntəqəsi yaradılacaq. Parlament seçkilərində 31 siyasi partiyanın nümayəndələri iştirak edəcəklər.
Bu arada Cümhuriyyət Xalq Partıyası (CXP) martın 29-da 362 nəfər millət vəkili namizədini təyin edib. Partiya Məclisi 4 saat davam edən toplantıda 188 namizəd təyin edib. Partiya lideri Kamal Kılıçdaroğlu namizəd siyahısını açıqlayıb.
Milliyyətçi Hərəkat Partiyası (MHP) da işlərini tamamlamaq üzrədir. Partiya rəhbəri Dövlət Baxçalı namizədlər siyahısına son əlavələr etməkdədir.
Qeyd edək ki, bu dəfəki seçkilərdə ilk dəfə Xalqların Demokratik Partiyası iştirak edəcək. Türkiyənin sabiq əsas müxalifət lideri Dəniz Baykal bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb. D.Baykalın namizədliyi rəsmən qeydə alınıb. Qeyd edək ki, D.Baykal 2010-cu il mayın 10-da şəxsi həyatını əks etdirən videogörüntülərin internetə sızmasından sonra istefa vermişdi.
Türkiyə prezidentliyinə keçmiş namizəd Ekmələddin İhsanoğlunun də millət vəkilliyinə namizədliyi müxalifətdə olan MHP tərəfindən irəli sürülüb. Xatırladaq ki, E.İhsanoğlu ötən il keçirilən prezident seçkisinə müxalifətin vahid namizədi kimi qatılıb. O, uzun müddət İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub. Türkiyə millisinin sabiq futbolçusu və hazırda millət vəkili Hakan Şükür də yenidən deputatlığa namizədliyini verib. Gülən-Ərdoğan qalmaqalında birincini müdafiə edib hakim AKP-dən istefa verən “Kral” ləqəbi ilə tanınan sabiq futbolçu bu dəfə müstəqil namizəd olacaq. Lazımi sənədləri seçki komissiyasına təqdim edən H.Şükür “Twitter”də İstanbulun 3-cü bölgəsindən müstəqil namizəd olacağını açıqlayıb.
Ən maraqlısı odur ki, parlament seçkisində 3 partiya erməni namizədlə iştirak edəcək. AKP, CXP və separatçı kürdlərin Xalqın Demokratiya Partiyasının (HDP) seçkidə 1 erməni namizədi olacaq. Qeyd edək ki, hər 3 erməninin namizədliyi İstanbul şəhərindən irəli sürülüb. AKP İstanbul 2-ci bölgə 12-ci sıradan Makar Eseyanın, CXP 2-ci bölgə 1-ci sıradan Selina Doğanın, HDP isə İstanbul 3-cü bölgə 2-ci sıradan Karabet Paylanın namizədliyini irəli sürüb. CXP və HDP namizədlərinin qərarlaşdıqları sıraya görə TBMM-ə deputat kimi girmələri mümkün görünür. Hər 3 namizəd TBMM-də Türkiyə ermənilərini təmsil etməyə çalışacaq.
Onu da deyək ki, hökumət seçki öncəsi bir sıra sərt addımlar atmaqdan çəkinmir. Məsələn, Türkiyə məhkəməsi populyar sosial media saytlarından istifadəyə qadağa tətbiq edilməsi barədə hökm çıxarıb. Hökm Türkiyə prokuroru oğurlandıqdan sonra üzərinə silah çəkilmiş vəziyyətdə şəkillərinin Twitter, Facebook və YouTube saytlarından çıxarılmamasına cavab mahiyyəti daşıyır. Türkiyənin səlahiyyətli nümayəndələri prokurorun şəkillərinin yayımlanmasını terrorizmin müdafiəsi kimi qiymətləndirərək, onun ailəsinin iztirabına yol açdığını iddia edir. Türkiyə mediasının bildirdiyinə görə, məhkəmə 150 yerli internet saytının da bağlanmasına göstəriş verib. Saytların bağlanması ölkədə geniş etirazlarla qarşılanıb. Kibernetika azadlığı üzrə ekspert Yaman Akdenizin dediyinə görə, iyun seçkiləri öncəsi saytların bağlanması yanlış bir hərəkətdir: “Düzünü deyim, heç təəccüblənmədim. Seçkilər öncəsi bu, gözlənilirdi. Gözlədiyimiz bunun nə zaman baş verəcəyi idi. İki məhkəmənin ötən il Twitter və YouTube-la bağlı hökmlərinə baxmayaraq, sosial mediaya çıxış hələ də bağlanır”.
Beləliklə, AKP ilk dəfə R.T.Ərdoğansız seçkiyə qatılır. Baş nazir Ə.Davudoğlunun partiyasını qələbəyə daşıya biləcəyi hamını düşündürür. Müxalifət 14 ildə R.T.Ərdoğanla bacarmadı və o, partiyasını qələbədən qələbəyə daşıdı. İndi də bu vəzifə baş nazir Ə.Davudoğlunun üzərinə düşür.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər