• cümə, 29 Mart, 14:18
  • Baku Bakı 14°C

Ərdoğanla oğlu arasında gizli telefon danışığının audioyazısı yayılıb

25.02.14 08:46 1208
Ərdoğanla oğlu arasında gizli telefon danışığının audioyazısı yayılıb
Fevralın 25-nə keçən gecə internetdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu bildirilən telefon danışıqlarının audioyazısı yayılıb. APA-nın xəbərinə görə, gizli audioyazı Türkiyədə şok effekti yaradıb. Telefon danışığının 2003-cü il dekabrın 17-də, Türkiyədə antikorrupsiya əməliyyatının başladığı gün gerçəkləşdiyi iddia olunur.
Audioyazıda R.T.Ərdoğan oğlu Bilaldan əlindəki külli miqdarda nağd pulu dərhal evdən çıxarmasını və bəzi iş adamlarına göndərməsini tələb edir. Söhbət 1 milyard ABŞ dollarından gedir. Telefon danışıqları dekabrın 17-də saat 08.02, saat 11.17, saat 15.39, saat 23.15 və son olaraq 18 dekabr səhər saat 10.58-də gerçəkləşib. Son telefon danışığında Bilal Ərdoğan atasına evdə 30 milyon avro qaldığını və bu pulun da başqa yerə daşınacağını söyləyib.
Bəzi mənbələr pullar Bilal Ərdoğanın evindən daşınarkən çəkilən görüntülərin mövcud olduğunu və bu görüntülərin də yaxın günlərdə internet vasitəsilə yayılacağını qeyd edir.
Səs yazılarının internetdə sürətlə yayılması Ankarada hər kəsi ayağa qaldırıb. Baş nazirin aparatı (Başbakanlık) rəsmi açıqlama yayaraq audioyazının “əxlaqsız montaj” olduğunu bəyan edib: “Baş nazirimiz hörmətli Rəcəb Tayyib Ərdoğanla oğlu arasında telefon söhbəti olduğu iddiası ilə bu gün internet vasitəsilə dövriyyəyə buraxılmış səs yazıları əxlaqsızca bir montajın məhsulu olub, həqiqətdən tamamilə uzaqdır. Türkiyə Cümhuriyyəti baş nazirini hədəf alan bir çirkin oyunu quranlarla hüquq çərçivəsində haqq-hesab çəkiləcək”.
Səs yazıları yayıldıqdan sonra baş nazir R.T.Ərdoğan ölkənin kəşfiyyat qurumu – Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanl təcili yanına çağırıb.
Olay müxalifəti də hərəkətə keçirib. Ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu partiya rəhbərliyini fövqəladə toplantıya çağırıb. 2,5 saat davam edən toplantıda məlum səs yazıları iki dəfə dinlənilib. K. Kılıçdaroğlu “montaj deyil, pulların daşınması ilə bağlı görüntülərin də olduğunu söyləyirlər, bu görüntülər də mütləq ortaya çıxacaq”,- deyib. CHP sözçüsü Haluk Koç isə daha radikal bəyanatla çıxış edərək bu şərtlər altında mövcud hökumətin legitimliyini itirdiyini, bu hökuməti tanımadıqlarını vurğulayıb və baş nazir Ərdoğanın istefasını tələb edib.
Digər müxalifət partiyası – Milliyyətçi Hərəkat Partiyası (MHP) da fövqəladə toplantı keçirib. Bu gün MHP lideri Dövlət Bağçalının qalmaqalla bağlı rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.
Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan baş nazirin keçmiş müavini Əbdüllətif Şənər də məsələyə münasibətini açıqlayıb. O, baş nazir Ərdoğanın səsini çox yaxşı tanıdığını, səs yazılarını dinlədiyini və danışan şəxsin Ərdoğan olduğunu deyib: “Dinlədiyim baş nazirin səsidir. O, boğazına qədər korrupsiyaya batıb, artıq legitim bir baş nazir deyil”.
banner

Oxşar Xəbərlər