• cümə, 19 Aprel, 07:22
  • Baku Bakı 13°C

Ərdoğanın seçkisonrası ilk səfərini Bakıya etməsi təsadüfi deyil

04.04.14 09:14 1157
Ərdoğanın seçkisonrası ilk səfərini Bakıya etməsi təsadüfi deyil
Məlum olduğu kimi, bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfərə gəlir. Bu haqda yayılmış rəsmi informasiyada səfər zamanı müzakirə olunacaq məsələlərlə bağlı geniş məlumatın verilməməsi KİV-in diqqətini çəkib. Əslində Azərbaycan-Türkiyə münasibətlərinin unikal xarakteri və hazırkı səviyyəsi özlüyündə səfərlə bağlı bütün suallara cavab verə bilər. Çünki iki dövlət rəsmiləri tərəfindən bu kimi səfərlər mütəmadi olaraq həyata keçirilir ki, bu zaman hər hansı xüsusi səbəbin olması o qədər də vacib olmur. Yəni hər iki tərəf qarşılıqlı əlaqələrin müxtəlif istiqamətləri üzrə davamlı fikir mübadiləsi həyata keçirməklə münasibətlərin yüksək səviyyədə saxlanılmasına nail olurlar. Bu istiqamətdə dövlət və hökumət başçıları səviyyəsində səfərlər isə xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Digər tərəfdən də məlum olduğu kimi, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirildi və hakim AKP böyük səs fərqi ilə rəqiblərinə qalib gəldi. O da məlumdur ki, ümumiyyətlə bir qayda olaraq Türkiyə və Azərbaycan rəhbərlərinin seçkilərdə qalib gəldikdən sonra ilk səfərlərini simvolik olaraq qardaş ölkəyə etməsi artıq ənənəyə çevrilib. Bu mənada Ərdoğanın səfərini mövcud ənənənin davamı hesab etmək olar.
Lakin həm regionda, həm də Türkiyə daxilində baş verən proseslər fonunda baş nazirin Azərbaycana səfəri və səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyi ilə bağlı ölkə KİV-nin marağını da başa düşmək olar.
İlk növbədə ondan başlayaq ki, hazırkı AKP iqtidarı ilə Azərbaycan dövləti və hökuməti arasında xeyli müddətdir ki, isti münasibətlər formalaşıb. 10 ildən artıqdır ki, hakimiyyətdə olan AKP iqtidarı ilə Azərbaycan hakimiyyətinin ölkələrin və xalqların milli maraqlarını rəhbər tutaraq həyata keçirdiyi daxili və xarici siyasətdə bir sıra oxşar nailiyyətlər əldə edilib. Hər iki hakimiyyət öz ölkələrində yüksək inkişaf göstəricilərinə imza atıb. Onların iqtidarda olduğu dövrdə dövlətlər qüdrətlənib və xüsusilə regional güc səviyyəsinə çatıb. Bundan başqa, hər iki iqtidarın səmərəli əməkdaşlığı sayəsində regional və beynəlxalq müstəvilərdə ciddi uğurlara imza atılıb. Mövcud sabit əlaqələr ölkələrimizin mədəni-humanitar yaxınlaşması ilə bərabər, iqtisadi cəhətdən də münasibətləri yüksək səviyyəyə qaldıra bilib. Ölkələrdə mövcud siyasi stabillik ciddi regional layihələrin reallaşdırılmasına da səbəb olub və s.
Beləliklə də AKP hakimiyyəti ilə Azərbaycan dövləti arasında münasibətlərin analoqsuz səviyyədə olduğunu söyləmək mümkündür. Bu mənada hər iki xalqın və dövlətin maraqları naminə AKP iqtidarının son bələdiyyə seçkilərində qalib gəlməsi və hakimiyyətini möhkəmləndirməsi mühüm əhəmiyyət kəsb edir. Lakin məlum olduğu kimi, hələ seçkilərə xeyli qalmış AKP iqtidarı xeyli təzyiqlərlə üzləşmişdi. Gəzi parkı olayları ilə start götürən antiAKP kampaniyası seçkilərə qısa müddət qalmış «rüşvət» qalmaqalları ilə daha da şiddətlənmişdi. «Rüşvət» qalmaqalında baş rolu ifa edən, dövlət təhsil ocaqlarına alternativ olaraq yaratdıqları «dərsxana» tipli məktəblərin qapadılmasına sərt təpki verən Fətullah Gülən və onun tərəfdarları AKP iqtidarının əsaslarını sarsıtmaq hədəfi müəyyənləşdirmiş və buna nail məqsədilə xeyli səy göstərmişdilər. Nəticə olaraq bir neçə aparacı nazir istefaya göndərilsə də, təzyiqlər səngiməmişdi. Dövlətin atdığı addımlarla barışmaq istəməyən Gülən camaatı buna cavab olaraq baş nazirin hakimiyyətdən devrilməsinə nail olmağa çalışırdı. Bu işdə müxalifətdən də ciddi dəstək alan gülənçilər «paralel dövlət»ləri vasitəsilə AKP-yə xeyli çətin günlər yaşatdılar.
Lakin son olaraq AKP və baş nazir Ərdoğan bütün təxribatlardan və təzyiqlərdən üzüağ çıxdı. Və gerçək gülən tərəf oldu. Belə ki, bələdiyyə seçkilərində açıq fərqlə önə keçməyi bacaran AKP iqtidarı Türkiyə dövlətinin və dövlətçiliyinin hansısa çetelər tərəfindən çökdürülə bilməyəcəyi mesajını verdi. Bu isə Türkiyə dövlətinin gücünü bir daha ortaya qoydu. Heç şübhəsiz ki, bu olaylardan güclü çıxan Türkiyə növbəti mərhələlərdə daha da qüdrətlənəcəkdir. Türkiyə dövlətinin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir. İki qardaş dövlətin analoqsuz münasibətlərini prezident İlham Əliyevin aşağıdakı fikirləri xüsusilə konkret xarakterizə edir: «Türkiyə nə qədər güclü olsa, Azərbaycan da özünü o qədər təhlükəsiz hiss edəcək».
Qeyd edək ki, seçkiöncəsi dövlətin bir sıra vacib strukturlarında özlərinə yer eləmiş gülənçilər açıq şəkildə qrup və camaat maraqlarından çıxış etməklə milli maraqlara ciddi zərbə vururdular. Müşahidələr gülənçilərin xarici qüvvələrin maraqlarını da təmsil etdiklərini ortaya qoyurdu. Belə bir situasiya isə həm Türkiyədə, həm də fətullahçıların mövcud olduğu və dövlət orqanlarına sirayət etdiyi digər dövlətlərdə də həyacan təbili çalınması ilə nəticələnmişdi. Məhz bu mənada gözləniləndir ki, Ərdoğanın səfərləri çərçivəsində qarşı tərəflərlə milli təhlükəsizliyin gücləndirilməsi məqsədilə əlaqələri daha da genişləndirməklə bağlı müzakirələr aparılsın.
Sirr deyildir ki, Türkiyədə məlum olayların baş verdiyi dövrdə bu ölkə ilə hərtərəfli sıx bağlılığı olan Azərbaycanda da KİV-də və ümumiyyətlə cəmiyyətdə fətullahçıların ölkədə bir sıra sahələrdə geniş şəbəkələşməyə nail olmaları barəsində müzakirələr açılmışdı. Xüsusilə onların təhsil, biznes və hətta dövlət qurumlarına sızması ilə bağlı da xeyli məlumat yayılmışdı. O da qeyd edilməlidir ki, bu tip informasiyalara müvafiq səviyyədə reaksiyaların verilməsi də diqqətdən yayınmadı.
Bu mənada baş nazir Ərdoğanın səfərindən sonra Azərbaycan və Türkiyənin dini ekstremizmlə mübarizə sahəsində səylərini uzlaşdırması ilə bağlı müəyyən koordinasiyalı fəaliyyəti hiss oluna bilər. Əlbəttə ki, bu, dövlətlərin və xalqların milli maraqları baxımından olduqca əhəmiyyətlidir.
Türkiyənin və Azərbaycanın regional lider dövlətlər olduğunu nəzərə alsaq, səfər çərçivəsində tərəflərin son günlər aktuallaşan regional problemləri də müzakirə edəcəyini söyləmək olar. Bu istiqamətdə xüsusilə Ukraynada baş verən proseslərin diqqət mərkəzində olması mümkündür. Çünki hələ Krımın ilhaqı ərəfəsində Ərdoğan baş verənlərin Azərbaycan və Qazaxıstan tərəfi ilə müzakirə ediləcəyini bildirmişdi. Digər tərəfdən, Ukrayna ətrafında baş verən proseslərin separatizmlə bağlı problemi aktuallaşdırdığı da sirr deyil. Ona görə də tərəflərin prosesləri dəyərləndirməsi qaçılmazdır. Həmçinin NATO-nun Rusiya ilə əlaqələri dondurması məsələsinin də səfər zamanı müzakirə edilməsi gözəniləndir. Məlum olduğu kimi, aktiv NATO üzvu olan Türkiyə eyni zamanda Rusiya ilə də yaxşı əlaqələrə malikdir. Bu mənada Azərbaycan tərəfinin mövqeyi və məsləhətləri Türkiyə üçün əhəmiyyətli ola bilər.
Bundan başqa, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanla Türkiyənin isti münasibətləri onların arasında müzakirə ediləcək və barəsində fikir mübadiləsi aparılacaq bir çox məqamların olduğunu ortaya qoyur. Digər tərəfdən isə, belə məsləhətləşmələrin və səfərlərin əlaqələri daha da dərinləşdirdiyi şübhəsizdir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər